Yanvarın 27-də qarşı tərəfin təşəbbüsü ilə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Stefan Viskonti arasında telefon danışığı olub. Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
Telefon söhbəti zamanı tərəflər bölgədəki son vəziyyət, o cümlədən 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Danışıq zamanı tərəflər, həmçinin, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər. İndiyə qədər prosesdə ciddi fəallıq göstərməyən Fransanın davranışlarında sanki bir narahatlıq nəzərə çarpır. Ceyhun Bayramova edilən zəng təşəbbüsünün də Fransadan gəlməsi buna sübut sayıla bilər. Maraqlıdır, Fransa nədən narahatdır?
Politoloq Elşən Mustafayev qəzetimizə açıqlamasında bildirdi ki, Fransanın narahatlığı təsadüfi deyil: “Düzdür, diplomatik gedişlə bunu pərdələyə bilər. Yəni istənilən təması Fransa öz mandatına uyğun addım kimi büruzə verməyə çalışır. Reallıq isə başqa cürdür. Fransanın BMT Təhlükəsizlik Şurasının daimi üzvü, ATƏT Minsk Qrupunun həmsədri kimi Qarabağ münaqişənin mövcudluğu zamanında hər hansı ciddi addım atdığının şahidi olmadıq. Buna baxmayaraq, Azərbaycan öz gücünə bu problemi həll etdi. O da bəllidir ki, Azərbaycan və Rusiya prezidentləri və Ermənistanın baş nazirinin birgə bəyanatının qəbul edilməsində Fransanın hər hansı rolu olmayıb. Yəqin ki, Fransa Rusiyanın bu məsələdə rolundan qısqanclıq keçirir. 44 günlük müharibə və ondan sonrakı dönəmdə Fransanın rəsmi şəxsləri tərəfindən ATƏT-in Minsk Qrupunun həmsədri kimi Fransanın mandatına zidd olaraq birtərəfli, qərəzli və qeyri-obyektiv bəyanatlar səsləndirdilər. Əslində isə, mandatına uyğun olaraq. Fransa neytral tərəf kimi çıxış etməli idi.
ATƏT-in Minsk Qrupunun həmsədri kimi Fransa Ermənistanın Azərbaycana qarşı davam edən işğalının aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin həyata keçirilməsi üçün heç bir addım atmadığı halda, indi birtərəfli qaydada canfəşanlıq nümayiş etdirir. Son zamanlar Fransanın bizə yönəlik təzyiqlərində bir qədər yumşalma hiss edilir”.
Ekspertin sözlərinə görə, Paris anlayıb ki, Azərbaycan prinsipial mövqeyindən geri çəkilən deyil: “Fransa bu narahatlığı fəallıq kimi qiymətləndirə bilər. Ancaq əslində bu elə narahatlıqdır. Çalışırlar ki, belə üsulla Azərbaycanla münasibətləri normaya salsınlar. Ancaq biz dar günümüzdə kimin-kimin yanında olduğunu aydın gördük. Bu səbəbdən də Fransa ilə münasibətlərdə bir qədər məsafəli davranış gərəkdir. Tam etibar ediləsi ölkə deyil”.
Məhəmmədəli QƏRİBLİ