Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bərpa işləri ölkənin gündəmində olan əsas məsələlərdən biridir. Artıq bir sıra dövlətlər bu işlərdə iştirakla bağlı Azərbaycana müraciət ediblər. Rəsmi Bakı azad olunmuş ərazilərdə infrastrukturun bərpası istiqamətində işlərə dərhal başlayıb. Elə ilkin mərhələdə bu işlərə Vətən müharibəsi zamanı Azərbaycana ən böyük dəstəyi verən Türkiyənin şirkətləri cəlb olunub.
Bununla yanaşı, İran, Rusiya, Macarıstan, Böyük Britaniya, ABŞ və digər ölkələr də bərpa prosesində iştirak niyyətlərini açıqlayıblar. Hər bir ölkə müəyyən bir sahədə öz köməyini təklif edir. Məsələn, Böyük Britaniya Qarabağda alternativ enerji istehsalının qurulması prosesində iştirak və dəstək təklif edir.
Bu arada iqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenbergerlə görüşüb. Nazir Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun qələbəsini vurğulayaraq, işğaldan azad olunmuş ərazilərin bərpası və inkişafı konsepsiyasının hazırlandığını, konsepsiyada dövlət-özəl tərəfdaşlığından geniş istifadənin, həmçinin, xarici investorlar üçün xüsusi təşviq proqramlarının, ərazilərin inkişafı üçün xarici şirkətlərin cəlb edilməsinin nəzərdə tutulduğunu bildirib. Öz növbəsində, səfir ABŞ şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizin bərpasında iştiraka hazır olduqlarını qeyd edib. Xüsusilə su ehtiyatlarının idarə olunmasında, yol və digər infrastrukturun yaradılmasında, rəqəmsal və innovativ texnologiyalar sahəsində əməkdaşlıqda maraqlarını diqqətə çatdırıb.
Görünən odur ki, ard-arda bir sıra dövlətlər işğaldan azad edilmiş ərazilərin bərpasında iştirak etmək niyyətlərində olduqlarını bəyan edirlər. Ümumilikdə, müşahidə edilən bu tendensiya nə deməkdir? Bu cür təşəbbüslər azad edilmiş ərazilərin daha tez bərpasında nə kimi rol oynaya bilər?
“Yaxşı olardı ki, böyük dövlətlər donor qismində də bu işə öz töhfələrini versinlər”
Məsələyə münasibət bildirən iqtisadçı-alim Əli Əlirzayevin sözlərinə görə, bir sıra dövlətlərin azad edilmiş ərazilərin bərpasında iştirak etmək istəyi çox müsbət haldır: “Belə təşəbbüslərin bir çox əhəmiyyəti var. Məsələ ondadır ki, bu, bərpa prosesinin daha sürətlə aparılmasına şərait yaradacaq. Çünki həmin ərazilərin yalnız Azərbaycanın hesabına bərpa edilməsi daha çox vaxt tələb edir. Bizim marağımıza uyğundur ki, daha çox dövlət bu işdə iştirak etsin və görülən işlərin miqyası genişlənsin. Digər tərəfdən, həmin ərazilər uzun illər baxımsız olduğu üçün, ora investisiya qoyulmasına böyük ehtiyac var. Orada infrastruktur yaradılmalıdır. Həmin ərazilərdə çox böyük xam torpaq sahələri var. Ona görə də sözügedən ərazilər sərmayə qoyuluşu üçün cəlbedicidir. Xarici dövlətlər həm də o ərazilərdə mineral resursların çıxarılmasında maraqlıdırlar. Çünki belə sahələrə kapital qoymaq sərfəlidir. Bu isə yeni iş yerləri deməkdir. Kommunikasiyaların qurulmasında, yolların çəkilməsində və digər bu kimi layihələrdə xarici dövlətlər iştirak etmək istəyirlər. Ancaq yaxşı olardı ki, xarici ölkələrin şirkətləri təkcə podratçı olaraq bu işdə iştirak etməsinlər. Yəni ancaq Azərbaycanın vəsaiti hesabına xarici şirkətlərin bərpa prosesində iştirakı yetərli deyil. Yaxşı olardı ki, bir sıra böyük dövlətlər donor qismində bərpa prosesinə öz töhfələrini versinlər. Yəni bərpa işlərinə təmənnasız maliyyə vəsaiti ayırsınlar. Buna həmin dövlətlərin imkanı da var. Hesab edirəm ki, buna ehtiyac var. Çünki orada görüləsi işlər həddən artıq çoxdur. Ancaq hələ ki, xarici ölkələrin timsalında donor qismində iştirak istəyini görmürük. Buna baxmayaraq, xarici dövlətlərin sərmayədar kimi bu prosesdə iştirak etməyə marağı var”.
İqtisadçı-alim onu da qeyd etdi ki, xarici sərmayələrin cəlb edilməsi üçün maksimum münbit şərait yaratmalıyıq.
Vidadi ORDAHALLI