Məlum olduğu kimi, yanvarın 27-də Prezident İlham Əliyev Aydın Kərimovu Şuşa rayonuna xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edib. Qəbul zamanı Prezident bir sıra məsələlərə toxunub. O cümlədən, Şuşa uğrunda gedən döyüşlər barədə də danışıb.
Ölkə başçısı qeyd edib ki, Şuşanı azad edərkən Azərbaycan əsgər və zabiti qəhrəmanlıq, peşəkarlıq, fiziki güc, yüksək milli ruh göstərib. Azərbaycan əsgəri Daşaltı istiqamətindən, digər istiqamətlərdən, sıldırım qayalardan qalxaraq, işğalçıları məhv edərək Şuşanı azad edib: “Demək olar ki, əliyalın, əlində süngü, bıçaq, yüngül silah topa, tanka qarşı vuruşub. Şuşa əməliyyatında yüzlərlə işğalçı məhv edilib, onların sayını biz bilirik. Ermənistan rəhbərliyi bunu nə qədər öz xalqından gizlətsə də, gizlədə bilməyəcək. Şuşanı müdafiə edən yüzlərlə işğalçını Azərbaycanın qəhrəman övladları məhv edib”.
Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə qəhrəman Azərbaycan əsgərləri işğalçıları məhv ediblər. Ancaq Ermənistan rəhbərliyi məlum faktı gizlətməyə çalışır. Maraqlıdır, Ermənistan Şuşa fəlakətini niyə gizlətməyə çalışır?
“...bu, arxivdə var, bunu gizlədə bilməzlər”
Millət vəkili Aydın Mirzəzadə “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, 44 günlük müharibə ilə bağlı Ermənistan tərəfi tez-tez mövqeyini dəyişərək, ictimaiyyətə yalan informasiyalar verir. Demək olar ki, Azərbaycan və dünya ictimaiyyəti Ermənistanın düzgün məlumat yaymadığını bilir: “Ermənistan tərəfinin növbəti yalanı isə Şuşanı döyüşsüz, sadəcə, təhvil verməsidir. Xatırladım ki, Şuşa uğrunda gedən döyüşlərdə Ermənistan müdafiə naziri tez-tez Şuşa ətrafında Azərbaycan hərbi dəstələri ilə döyüşlərin getməsi barədə məlumat yayırdı. Bu, arxivdə var. Bunu gizlədə bilməzlər. Onların Şuşa döyüşü barədə öz itkilərini gizlətməsinin səbəbi Azərbaycan Ordusunun üstünlüyünü qəbul etməsidir. Məlumat üçün bildirim ki, Şuşa uğrunda əlbəyaxa döyüş gedib. Ermənistan ordusunun hərbi texnikasına qarşı yüngül silahlardan istifadə etməklə Azərbaycan hərbçisinin döyüşü idi. Bu faktı Ermənistan rəhbərliyi gizlətməyə çalışır. Bu gün Ermənistanda Şuşa məsələsi siyasi əhəmiyyət daşıyır. Ermənistanda artıq Şuşanın Azərbaycan şəhəri olduğunu etiraf edənlər var. Say baxımından az olsa da, bunu etiraf edənlər var. Ancaq Ermənistan cəmiyyəti Şuşanın tarixini saxtalaşdırmağa, adıçəkilən şəhərlə bağlı yalan fərziyyələr irəli sürməyə çalışır. Ümumiyyətlə, yalan danışmaq, tarixi saxtalaşdırmaq erməni xislətinə xasdır”.
Millət vəkili onu da əlavə etdi ki, Azərbaycan tərəfinin hər bir yaşayış məntəqəsi, o cümlədən, Şuşa uğrunda gedən döyüşlər barədə təfərrüatı ilə ictimaiyyətə məlumatlar verməsi erməni yalanını ifşa edir: “Erməni uydurmaları hələ davam edəcək. Artıq onların nə dediyi Azərbaycan üçün maraqlı deyil. Torpaqlarımızı işğaldan azad etdik. Bu gün Azərbaycan artıq müharibədən sonrakı problemləri həll edir. Ermənistanın isə seçdiyi yol qonşu dövlətlərin torpağına iddia olacaqsa, işğalçı ölkə bundan da pis günə düşəcək. Məlumdur ki, Azərbaycan bu gün Şuşa, Laçın, Kəlbəcər və digər azad olunmuş bölgələri bərpa edir”.
Günel CƏLİLOVA