Xarici muzdluların Qarabağda Azərbaycan tərəfdən iştirakına dair heç bir dəlil yoxdur. Bunu Avropa Şurası Nazirlər Komitəsinin sədri, Almaniyanın xarici işlər naziri Hayko Maas AŞPA-nın qış sessiyasında erməni deputatın sualını cavablandırarkən deyib.
O bununla bağlı bildirib: “Siz deyirsiniz ki, Azərbaycan Dağlıq Qarabağdakı hərbi əməliyyatlarda xarici muzdlulardan istifadə edib? Bununla bağlı heç bir dəlil tapılmayıb”.
İşğalçı Ermənistan və onun havadarları 44 günlük müharibə zamanı dəfələrlə guya Azərbaycanın xarici muzdlulardan istifadə etdiyinə dair məlumatlar yaydılar. Ancaq bununla bağlı bir dənə də sübut ortaya qoya bilmədilər. Çünki belə bir şey yox idi. Əksinə, Ermənistanın muzdlu döyüşçülərdən istifadə etməsinə dair təkzibolunmaz faktlar var idi. 44 günlük müharibə zamanı bir daha təsdiqləndi ki, Ermənistan hərbi-siyasi rəhbərliyi döyüşlərə müxtəlif ölkələrdən olan muzdlu döyüşçüləri, terror qruplaşmalarını da cəlb edir. Terror qruplarının üzvləri olan muzdlu döyüşçülər Ermənistan və Qarabağda təlim düşərgələrinə gətirilir, daha sonra cəbhəyə göndərilirdi. Daha çox Suriyadan, Livandan və bir çox başqa ölkədən gətirilən terrorçu dəstələrin üzvləri bu gün də Ermənistan ərazisində gəzib dolaşırlar. Muzdlulara təlim keçirilməsini təşkil edən təşkilatlardan biri də VOMA terror təşkilatıdır. Döyüşlərdə məhv edilən ermənilərin üzərindən Kanada, Fransa və digər ölkələrin pasportları çıxırdı. Bununla bağlı faktların olmasını Azərbaycan ən yüksək səviyyədə bəyan edib.
Bütün bunlarla yanaşı, Almaniya xarici işlər naziri səviyyəsində xarici muzdluların Qarabağda Azərbaycan tərəfdən iştirakına dair heç bir dəlilin olmamasının bəyan edilməsinin əhəmiyyətini ekspertlər necə dəyərləndirirlər?
“Ermənistan xarici muzdlu döyüşçülərdən geniş səviyyədə istifadə edib və yeri gələndə bunu heç gizlətmir”
Məsələyə münasibət bildirən AMİP funksioneri Əli Orucovun sözlərinə görə, Almaniyanın xarici işlər naziri Hayko Maasın məlum açıqlaması çox önəmli əhəmiyyət kəsb edir: “Məsələ ondadır ki, indiyə qədər Azərbaycan tərəfi bununla bağlı ermənilərin yalanlarını təkzib edirdi. Deyilirdi ki, həqiqətən də Azərbaycanın tərəfində vuruşan xarici muzdlulara dair faktlar varsa, o zaman təqdim edin. Ancaq nə Ermənistan, nə də bu ölkənin bir nömrəli havadarı olan Fransa hansısa fakt ortaya qoya bilmədilər. Çünki belə bir şey yox idi. Bütün bunlara baxmayaraq, istər müharibə dövründə, istərsə də ondan sonra erməni tərəfi Azərbaycanın guya xarici muzdlu döyüşçülərdən istifadə etdiyi barədə yalan məlumatlar yaydı. Hər vasitə ilə bunu gündəmdə saxlamağa çalışırlar. Uğradıqları acınacaqlı məğlubiyyətə haqq qazandırmaq üçün xarici muzdlular məsələsini uydururlar. Guya ordumuz onların hesabına qələbə qazanıb. Halbuki, İkinci Qarabağ müharibəsində Ermənistan xarici muzdlu döyüşçülərdən geniş səviyyədə istifadə edib və yeri gələndə bunu heç gizlətmir. Hər halda, Almaniya rəsmiləri səviyyəsində xarici muzdluların Qarabağda Azərbaycan tərəfdən iştirakına dair heç bir dəlilin olmamasının deyilməsi erməni təbliğatına ciddi zərbədir. Çünki Almaniya sıradan bir ölkə deyil. Almaniya Avropa İttifaqının lokomotividir, dünyada müəyyən söz sahibidir”.
Partiya funksionerinin fikrincə, biz elə etməliyik ki, Avropanın digər dövlətləri də bənzər açıqlamalarla çıxış etsinlər.
Vidadi ORDAHALLI