Prezident İlham Əliyev Aydın Kərimovu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib ki, ermənilər, guya Şuşanın bizə elə-belə verildiyi, orada döyüşlər getmədiyi haqda ağ yalanlar yayır:
"Onların bütün tarixi saxtakarlıq və mifologiya üzərində qurulub. Onlar və onların müxtəlif ölkələrdəki havadarları onlar üçün saxta tarix yaradıblar və bu saxtakarlıq bu gün də davam edir. Baxın, görün erməni nümayəndələri və onların xaricdəki havadarları Şuşanın azad olunması ilə bağlı nələr deyirlər? Guya Şuşa bizə elə-belə verilib, döyüşlər getməyib, ermənilər Şuşanı tərk ediblər. Ağ yalandır! Şuşa əməliyyatı Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq. Şuşa uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman övladlarımızın əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq. Şuşanı azad edərkən Azərbaycan əsgər və zabiti qəhrəmanlıq, peşəkarlıq, fiziki güc, yüksək milli ruh göstərib. O, Daşaltı istiqamətindən, digər istiqamətlərdən, sıldırım qayalardan qalxaraq, işğalçıları məhv edərək Şuşanı azad edib, demək olar ki, əliyalın, əlində süngü, bıçaq, yüngül silah topa, tanka qarşı vuruşub. Şuşa əməliyyatında yüzlərlə işğalçı məhv edilib, onların sayını biz bilirik. Ermənistan rəhbərliyi bunu nə qədər öz xalqından gizlətsə də, gizlədə bilməyəcək. Şuşanı müdafiə edən yüzlərlə işğalçını Azərbaycanın qəhrəman övladları məhv edib. Necə demək olar ki, Şuşa bizə bağışlanılıb? İkincisi, belə bir şəhəri kimsə kiməsə bağışlaya bilər? Biz Şuşanı qəhrəman övladların rəşadəti, qanı, canı bahasına düşmənlərin əlindən, əsarətindən almışıq. Bundan sonra Şuşada əbədi yaşayacağıq, Şuşanı qoruyacağıq və qoruyuruq".
Maraqlıdır, ermənilər Şuşa əməliyyatının əsl məzmununu niyə qəbul etmək istəmirlər?
Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Daşdəmir Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bununla ermənilərin Şuşanı itirməkləri ilə barışa bilmədikləri bir daha təsdiqlənmiş olur: “Ölkə başçısı qısa şəkildə Şuşada bizim ordumuzun hansı rəşadəti göstərdiyini gözəl təsvir etdi. Bəli, Prezidentin dediyi kimi, bu danılmaz faktdır ki, Azərbaycan zabiti, əsgəri Şuşanı öz qanı–canı bahasına alıb. Möhtərəm Prezident çox doğru olaraq qeyd edir ki, belə gözəl şəhəri kim könüllü təhvil verərdi? Bu barədə çox danışılsa da, bir daha qeyd etmək istəyirəm ki, ordumuzun Şuşa əməliyyatı xüsusilə unikallığı ilə seçilib. Bunu bütün dünyanın nüfuzlu nəşrləri yazdı. Hətta bu əməliyyatın hərb dərsliklərinə salınacağı da bildirildi. Ermənistandakı və xaricdəki erməni diasporunun bu istiqamətdə yaydığı dezinformasiyanın bir neçə məqsədi var. Birincisi, onlar bununla Azərbaycan ordusunun hərbi qüdrəti ilə bağlı yaranmış müsbət imici korlamaq istəyirlər. İkincisi isə, bu amildən Paşinyana qarşı istifadə edib, onu satqın kimi qələmə verməyə çalışırlar. Ancaq bunların heç birinin məntiqi əsası yoxdur. Çünki Şuşanı Azərbaycan əsgəri öz qanı-canı bahasına alıb. Şuşaya qədərki döyüşlər Azərbaycanın müasir silahları ilə bağlı idisə, ordumuz Şuşada qəhrəmanlıq göstərərək qalib gəldi. Əsgər və zabitlərimizin döyüşü ilə bağlı dərin təhlillər aparılacaq. Cənab Prezident də Şuşa uğrundakı döyüşlərə xüsusi diqqət çəkdi. Çox doğru olaraq qeyd edildi ki, peşəkar döyüşçülərimiz silahdan istifadə etməyərək, məhz öz əlləri ilə canları bahasına Şuşanı azad etdilər”.
Ekspertin sözlərinə görə, Şuşa ilə bağlı hələ çox tədqiqatlar aparılacaq: “Əlbəyaxa döyüşlərlə yaşayış məntəqlərinin düşməndən təmizlənməsi, sıldırım qayalardan keçərək Şuşaya daxil olma metodu böyük araşdırmalara səbəb olacaq. Bu baxımdan da ermənilərin sayıqlamalarına yalnız özləri inana bilər. Onlar Azərbaycan əsgərinin bu misilsiz fədakarlığını həzm edə bimədikləri üçün belə dezinformasiya yayırlar. Ancaq ölkə başçısı tam əminliklə dedi ki, bu şəhəri biz bir daha kiməsə verməyəcəyik, onu canımızla qoruyacayıq”.
Məhəmmədəli QƏRİBLİ