Azərbaycanın dövlətçilik, mədəniyyət, ictimai fikir tarixində Qarabağın gözü olan Şuşanın xüsusi əvəzsiz yeri və rolunun olduğu danılmaz faktdır. Şuşa 8 noyabr 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin rəbərliyilə müzəffər, qəhrəman əsgərlərimiz, zabitlərimiz tərəfindən düşmən işğalından azad edilərək yenidən bizə qovuşdu.
28 il düşmən tapdağında olan, yağı əlində əsir olan Şuşamız işğaldan azad edildi, sanki yenidən dünyaya gələn Şuşanın indi yeni dövranı başlayıb. 28 il müddətində düşmən tərəfindən vandalcasına, vəhşiliklə dağıdılan Şuşa yenidən qurulur, bərpa edilir.
Azərbaycanın, eləcə də bütün Qafqazın musiqi mədəniyyəti beşiyi olan Şuşada düşmən elə vəhşiliklər törədib, elə saxtakarlıqlar edib ki, adam dəhşətə gəlir.
İşğaldan azad edilən Şuşa artıq dövlətimiz tərəfindən bərpa edilir və dogma, tarixi görkəminə qaytarılır.
İşğala qədərki dövrlərə qədər Şuşanın çox zəngin, qaynar mədəni həyatı olub və burada Azərbaycan musiqisinin dünya səviyyəli sənətkarları yetişib, burada yerli və beynəlxalq səviyyəli böyük musiqi, mədəniyyət, ədəbiyyat, poeziya tədbirləri keçirilirdi və bu tədbirlər də bütün dünyaya səs salırdı. Əlbəttə, Şuşanın xoş çağları, çal-çağırlı günləri yenidən özünə qayıdır…
Bildiyimiz kimi, Prezident İlham Əliyev Şuşanı Azərbaycan mədəniyyətinin paytaxtı élan edib. Şuşada tam olaraq yenidənqurma, bərpa işləri tamam olduqdan sonra o, ölkə başçısı tərəfindən layiq görüldüyü bu statusu yüksək səviyyədə daşıyacaq və bütün dünyanın diqqətini bir daha özünə cəlb edəcək.
“…Şuşa nəinki Azərbaycanın, əminəm ki, bölgənin mədəniyyət paytaxtı adına layiq olacaqdır”
Prezident İlham Əliyev yanvarın 27-də Aydın Kərimovu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən ona Şuşada görülməli olan işlərin istiqamətini, yönünü göstərdi: “…Mən artıq Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan etmişəm. Bərpadan sonra Şuşada həyat qaynamalıdır. İnsanlar qayıdandan sonra Şuşanın çox zəngin mədəni həyatı olmalıdır. Həm ölkə daxilindəki tədbirlər, eyni zamanda, bir çox beynəlxalq tədbirlər - festivallar, müsabiqələr, qastrollar orada keçirilməlidir. Yəni Şuşa nəinki Azərbaycanın, əminəm ki, bölgənin mədəniyyət paytaxtı adına layiq olacaqdır.
Təsadüfi deyil ki, bu yaxınlarda qəbul etdiyim iki nümayəndə heyətinin başçısı Şuşaya xüsusi diqqəti dilə gətirib. ICESCO-nun baş katibi mənimlə görüş zamanı bildirdi ki, onlar təklif edəcəklər ki, Şuşa İslam mədəniyyətinin paytaxtı elan edilsin. Bu, bizi çox məmnun edən bir addımdır. Onu da bildirməliyəm ki, bu günə qədər Azərbaycanın iki şəhəri bu şərəfli ada layiq görülmüşdür - Bakı şəhəri və Naxçıvan şəhəri. Mən xatırlayıram, ICESCO belə qərarı qəbul edəndə bir neçə il əvvəl qərar verilir, ondan bir neçə il sonra artıq o şəhər bu şərəfli ada layiq görülür. Növbə də var, sıra da var. Ona görə belə bir bəyanatın Bakıda səslənməsi xüsusi məmnunluq doğurur. Eyni zamanda, bu yaxınlarda Türk Şurasının nümayəndə heyəti ilə görüş əsnasında Türk Şurasının baş katibi də belə bir təklif irəli sürdü ki, Şuşa Türk dünyasının mədəniyyət paytaxtı seçilsin. Baxın, bu tarixi şəhərimizə Türk dünyasında və bütövlükdə, müsəlman dünyasında nə qədər böyük maraq var, nə qədər böyük məhəbbət var. Bu, təsadüfi deyil. Ona görə biz, əlbəttə ki, Şuşanın gələcək həyatı ilə bağlı öz addımlarımızı atacağıq. Artıq mən bildirmişəm ki, bu il iki tədbir keçirilməlidir. “Xarı bülbül” festivalı, “Vaqif poeziya günləri” bərpa edilməlidir. Vaqifin məqbərəsinin bərpası ilə bağlı işlərə start verilməlidir və çalışmalıyıq ki, məqbərə bu il bərpa edilsin. Vaqif poeziya günləri məqbərənin önündə keçiriləcəkdir.
Təbii ki, düşmən Şuşanı talan edib, viran qoyub, dağıdıb. Şuşada olarkən, bu acı mənzərəni seyr edərkən adamın ürəyi ağrıyır. Amma biz bütün infrastruktur layihələrini icra edərək Şuşanı tez bir zamanda bərpa edəcəyik. Bildiyiniz kimi, Şuşaya gediş-gəlişin təşkil edilməsi üçün mənim sərəncamımla yol çəkilir. Füzuli hava limanı inşa edilir və bu ilin sonuna qədər istifadəyə verilməlidir. Ondan sonra beynəlxalq uçuşlar təşkil edilməlidir. Şuşa ilə bağlı indidən müxtəlif ölkələrdə təqdimatlar və sərgilər keçirilməlidir. Siz Azərbaycan Dövlət Turizm Agentliyi və Mədəniyyət Nazirliyi ilə birlikdə bu proqramı işləyin. Dünyanın müxtəlif ölkələrində Şuşanın tarixi, işğal dövrü, bugünkü bərpa işləri ilə bağlı təqdimatı keçirilməlidir. Həm Azərbaycan ictimaiyyəti, eyni zamanda, beynəlxalq ictimaiyyət bərpa işlərimizin gedişi ilə bağlı məlumatlandırılmalıdır”.
“Şuşanın beynəlxalq aləmdə təqdimatı xüsusi peşəkarlıqla hazırlanmış proqram əsasında həyata keçirilməlidir”
Vətəndaş Cəmiyyəti Alyansının rəhbəri, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, analitik-ekspert, yazıçı-kulturoloq Aydın Xan Əbilov bizimlə söhbətində bildirdi ki, Prezident Şuşa ilə bağlı təqdimatların keçirilməsinə olduqca maraqlı istiqamət verib və Şuşanın təbliğatı, dünyaya tanıdılması bu xətt üzrə həyata keçirilməlidir.
“Şuşa Azərbaycanın tarixi şəhəridir, eyni zamanda da ölkəmizin musiqi mədəniyyətinin beşiyidir. Qafqazın gözü olan Şuşa həmişə çox böyük tarixi, siyasi, strateji əhəmiyyətə malik olub, bu gün də o əhəmiyyətini tam olaraq qoruyub saxlayır, min illər də qoruyub saxlayacaq. Təəssüf ki, Şuşa uzun illər düşmən tapdağında olub və düşmən burada min cür vandalizm aktları törədib, Şuşanın bütün tarixi abidələrini, binalarını, karvansaralarını, məscidlərini, dini ibadət yerlərini darmadağın edib, talayıb, yağmalayıb. Təbii ki, bütün bunlar Şuşanın erməni şəhəri olmaması ilə bağlıdır. Cənab Prezident çox haqlı olaraq “əgər ermənilər bu şəhəri öz şəhəri hesab edirdilərsə, nə üçün 28 il ərzində bir daşı daş üstə qoymayıblar? Nə üçün Şuşanın tarixi abidələrini qoruyub saxlaya bilməyiblər? Bütün bulaqlar quruyub. Hər bir məhəllədə bulaq olub, birində də su yoxdur. Yaxşı, əgər bu, sənin şəhərindirsə, niyə sən bulaqları qurudursan? Bütün tarixi abidələr yerlə-yeksan edilib. Əgər bu, sənin şəhərindirsə, niyə sən bu abidələri dağıtmısan?” deyir.
Düşmən tarixən ona aid olmayan, milli satqınlarımızın xəyanəti və xaricdəki havadarlarının dəstəyilə Şuşanı işğal etmişdi və burada dəhşətli mədəni soyqırımlar həyata keçirmişdi. Şuşa işğaldan azad ediləndən sonra biz hamımız bu mənzərəni gözümüzlə gördük.
Artıq Şuşada tikinti-bərpa, quruculuq işlərinə start verilib. İnanıram ki, bu ilin ortalarına qədər biz Şuşanı əvvəlki tarixi görkəmində görə biləcəyik. Nəinki biz, bütün dünya Azərbaycanın tarixi şəhəri, mədəniyyət mərkəzi olan Şuşanın əzəmətinə bir daha şahidlik edəcək. Cənab Prezident Şuşa rayonuna xüsusi nümayəndə təyin edib, bu vəzifəyə Aydın Kərimovu layiq görüb və onu videoformatda qəbul edərkən ona qarşısında duran vəzifələrin nədən ibarət olduğunu bildirdi. Onu qarşıda çox çətin və məsuliyyətli işlər gözləyir, amma hesab edirəm ki, cənab Prezidentin və Mehriban xanımın dəstəyi, qayğısı nəticəsində Şuşa ilə bağlı bütün işlər yüksək səviyyədə həyata keçiriləcək. Şuşanın işğal dövründə erməni vəhşiliyinə hədəf olduğu, tarixi mədəniyyət abidələrinin necə vandalcasına dağıdıldığı, eləcə də bu günü və bərpadan sonrakı vəziyyəti, mənzərəsi bütün dünyaya, beynəlxalq aləmə təqdim edilməlidir. Cənab Prezident bununla bağlı öz tövsiyələrini verib, bu işlərin hansı istiqamətdə aparılmalı olduğunu qeyd edib. Cənab Prezident bildirdi ki, Şuşanın keçmişi və bu günü ilə bağlı dünyada təqdimatlar keçirilməlidir. Prezidentin tövsiyəsinə uyğun olaraq, bu vacib və əhəmiyyətli işlərlə Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Azərbaycan Dövlət Turizm Agentliyi və Mədəniyyət Nazirliyi ilə birgə proqram hazırlamalı və bu proqramda bütün tədbirlər tam olaraq əhatə olunmalıdır. Əlbəttə, bu işdə ekspertlər də, QHT-lər də aidiyyəti dövlət qurumlarından öz əməyini əsirgəməməlidir. Bu proqram elə yüksək səviyyədə hazırlanmalıdır ki, bütün tədbirlər dünyaya səs salsın. Demək istəyirəm ki, Şuşanın beynəlxalq aləmdə təqdimatı xüsusi peşəkarlıqla hazırlanan proqram əsasında həyata keçirilməlidir”.
“Şuşanın tariximizdə, mədəniyyətimizdə rolu əvəzsizdir”
A.X.Əbilov hesab edir ki, Şuşanın təqdimatı müxtəlif ölkələrdə keçirilməklə yanaşı, Azərbaycanın müxtəlif şəhərlərində də sərgilər, konsertlər, digər tədbirlər şəklində keçirilməli və ölkəmizdə fəaliyyət göstərən xarici ölkə səfirliklərinin, diplomatik korpusların, beynəlxalq təşkilatların nümayəndələri, akkreditasiya olunmuş xarici jurnalistlər dəvət edilməlidir. Bu sərgilərdə Şuşanın həm tarixi keçmişi, mədəniyyəti, maddi-mədəni irsi, musiqiçiləri, görkəmli xanəndələri haqqında məlumatlar, fotogörüntülər, videolentlər, Şuşa haqqında yazılan kitablar, çəkilən sənədli filmlər, həmçinin də işğal dövründə erməni vandallarının törətdikləri vəhşiliklərin acı nümunələri təqdim edilməlidir. “Cənab Prezident bildirdi ki, Şuşa ilə bağlı indidən müxtəlif ölkələrdə təqdimatlar və sərgilər keçirilməlidir. Sözsüz ki, bu təqdimatlar Şuşa haqqında beynəlxalq ictimaiyyətə dəqiq, dolğun məlumatlar verəcək. Bu işdə xarici ölkələrdəki səfirliklərimiz, diplomatik korpuslarımızın nümayəndələri, diaspor təşkilatları, Azərbaycanın görkəmli elm, mədəniyyət xadimləri, müxtəlif ölkələrdə yaşayıb işləyən alimlərimiz xüsusi səy göstərməlidirlər. Onlar da Şuşanın təqdimatının daha yüksək formada keçirilməsinə töhfələr verməli, təbliğat işində yaxından iştirak etməlidirlər. Hesab edirəm ki, Şuşanın dünyada təqdimatı ilə bağlı təşkil ediləcək tədbirlər çərçivəsində Azərbaycan alimlərinin, eləcə də Azərbaycana həmişə dəstək olan, bizim ədalətli mövqeyimizi dəstəkləyən xarici alimlər, tarixçilər, ictimai xadimlər xüsusi mühazirələr, seminarlar keçirməlidirlər. Şuşanın tariximizdə, mədəniyyətimizdə rolu əvəzsizdir. Eyni zamanda, dünya mədəniyyətində də Şuşanın ayrıca yeri var.
Bütün bunlar dünyada xüsusi təbliğ olunmalı və təqdim edilməlidir”.
“Dünya görsün ki, erməni vandallarının dağıtdığı Şuşanı onun əzəli və əbədi sahibi Azərbaycan dövləti necə bərpa edib, necə inkişaf etdirib”
A.X.Əbilov xatırlatdı ki, ölkə başçısının təşəbbüsü ilə vaxtilə Şuşada keçirilən “Xarı bülbül” beynəlxalq musiqi festivalı və “Vaqif poeziyası” festivalı bərpa olunub və bu il hər iki mədəniyyət tədbiri bu tarixi şəhərimizdə keçiriləcək. Ekspertin fikrincə, bu tədbirlərin indidən başlayaraq beynəlxalq aləmdə təbliğatı həyata keçirilməlidir. Şuşanın işğaldan azad edilməsinin onun həyatında yeni mərhələ açdığını qeyd edən A.X.Əbilovun sözlərinə görə, həm “Xarı bülbül”, həm “Vaqif poeziya günləri”nə xarici sənətçilərin, ədəbiyyat, elm xadimlərinin də dəvət edilməsi çox mühümdür. “Bilirsiniz ki, uzun illər düşmən Şuşanı dünyada tamamilə başqa istiqamətdə tanıtmağa, təqdim etməyə çalışıb, amma buna müyəssər olmayıb. Çünki Şuşa təpədən-dırnağa bir Azərbaycan-türk, islam şəhəridir. Hesab edirəm ki, Şuşa bərpa edildikdən sonra burada keçiriləcək bütün yerli və beynəlxalq əhəmiyyətli tədbirlərə xaricdən qonaqlar dəvət edilməsi çox mühümdür. Onlar gəlib Şuşanın tarixi Azərbaycan şəhəri olduğunu öz gözləri ilə görsünlər. Qoy dünya görsün ki, erməni vandallarının dağıtdığı Şuşanı onun əzəli və əbədi sahibi Azərbaycan dövləti necə bərpa edib, necə inkişaf etdirib. Bu çox vacibdir. Şuşanın bütün infrastrukturu, düşmənin məhv etdiyi binalar, tarixi abidələr bərpa ediləcək, Şuşada həyat əvvəlki qaynar axarına qayıdacaq. Biz tezliklə bütün bunların şahidi olacağıq” - deyə ekspert qeyd etdi.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.