ABŞ-ın yeni dövlət katibi Azərbaycana və Ermənistana fərqli münasibətini parlaq büruzə verdi...

Məhəmməd Əsədullazadə: “Baydenin Qarabağ məsələsində Azərbaycana təzyiq edəcəyi gözlənir”

img

ABŞ Senatı Entoni Blinkeni ölkənin dövlət katibi vəzifəsinə təsdiq edib. Belə ki, Blinkenin namizədliyinin lehinə 78, əleyhinə 22 senator səs verib.

Məlumat üçün qeyd edək ki, E.Blinken siyasətdə öz karyerasına ABŞ Prezidenti Bill Klintonun spiçrayteri (çıxışların mətnini hazırlayan şəxs) kimi başlayıb, ABŞ Senatının beynəlxalq münasibətlər üzrə komitəsinin demokratik fraksiyası aparatına rəhbərlik edib, 2013-2015-ci illərdə Prezident Barak Obamanın milli təhlükəsizlik üzrə müşavirinin müavini olub. Blinken Dövlət Departamentinin rəhbəri vəzifəsinə aparıcı namizədlərdən biri hesab edilirdi və Prezident Obama administrasiyasında milli təhlükəsizlik üzrə müşavirin müavini kimi işlədikdən sonra dövlət katibinin müavini vəzifəsinədək yüksəlib. 2015-2017-ci illərdə bu vəzifəni icra edib. Blinken çoxtərəfli əməkdaşlığın tərəfdarıdır və ABŞ-ın müttəfiqlərlə münasibətlərini möhkəmlətmək məqsədilə beynəlxalq danışıqlar masasına qayıtmaq niyyətində olan Baydeni dəstəkləyir.

Bütün bunlarla yanaşı, Blinken ermənilərə müəyyən rəğbət göstərməsi ilə diqqəti cəlb edir. Bu günlərdə Blinken Azərbaycanla bağlı xoş olmayan fikirlər səsləndirib. O, təhlükəsizlik və iqtisadi artım sahəsində Ermənistana yardım göstərilməsinin vacibliyini bildirib. Qeyd edib ki, ABŞ ATƏT-in Minsk Qrupunun həmsədri kimi öz iştirakını gücləndirməli və üçüncü tərəflərin mümkün müdaxiləsinin qarşısını almalıdır. Həmçinin, Blinken bildirib ki, Dağlıq Qarabağın təhlükəsizliyinə zəmanət verilməlidir. Onun sözlərinə görə, yeni administrasiya təhlükəsizlik sahəsində Azərbaycana yardıma yenidən baxacaq və zərurət yarandığında Konqresin 1992-ci ildə qəbul etdiyi “907-ci düzəliş”ə dəyişikliyi bərpa edəcək.  

Göründüyü kimi, ABŞ-ın yeni dövlət katibi Azərbaycan və Ermənistana fərqli münasibət sərgiləyir. Bu isə müəyyən narahatlıqların yaranmasına əsas yaradır.

  • “Blinkenin açıqlamaları göstərir ki, ermənilərlə bağlı müəyyən istəklər var”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə aspektdən yanaşdı: “Belə görünür ki, Baydenin Qarabağ məsələsində Azərbaycana təzyiq edəcəyi gözlənir. Azadlığa Dəstək Aktına olan "907-ci düzəliş”ə uyğun olaraq, sanksiyaların gündəmə gəlməsi təhlükəsi var. Çünki Bayden administrasiyası erməni lobbisi ilə çox sıx əməkdaşlıq edir. Ancaq Vaşinqton status məsələsinə dəstək versə, bu, regionda ABŞ-ın mövqeyini zəiflədəcək. Yeni administrasiyanın dövlət katibi E.Blinkenin Ermənistanın təhlükəsizliyi və Qarabağ məsələsi ilə bağlı açıqlamaları göstərir ki, ermənilərlə bağlı müəyyən istəklər var. ABŞ birtərəfli mövqe tutarsa, bu, Ermənistanla Azərbaycan arasında mümkün əlaqələrin normallaşdırılmasının qarşısını ala bilər. Çünki Vaşinqton "status" məsələsini ortaya atacaqsa, İrəvana prosesdə dəstək verəcəksə, o zaman situasiya dəyişə bilər. Bu, Azərbaycan və Türkiyə ilə əlaqələrə zərbə vurmaqla yanaşı, ABŞ-in milli maraqlarını erməni lobbisinin maraqlarına satacaq. Göründüyü kimi, Azərbaycan öz ərazilərini işğaldan azad etmək üçün indiki situasiyada hərbi əməliyyatlara başlasaydı, Vaşinqtonun ciddi sanksiyaları ilə üzləşəcəkdi. Demək, bundan sonra Minsk Qrupuna qayıtmaq və hər hansı bir status məsələsini müzakirə etmək Azərbaycanın əleyhinədir. C.Bayden administrasiyası birbaşa Qarabağdakı ermənilərə müstəqillik tələb edə bilər. Hesab edirəm ki, ABŞ- Azərbaycan əlaqələri Obama dövründə olduğu kimi davam edəcək. Əgər regionda Azərbaycanla əməkdaşlığa üstünlük verəcəklərsə, Mərkəzi Asiyada strateji siyasəti həyata keçirə biləcəklər. Əks təqdirdə regiondan indiki kimi uzaq duracaqlar”.

Politoloq hesab edir ki, Bayden ermənilərin maraqlarından çıxış etsə, ABŞ-ın Cənubi Qafqaz siyasəti fiaskoya uğrayacaq və Rusiyanın bölgədə mövqeyinin daha da güclənməsi üçün şərait yaranacaq.

Vidadi ORDAHALLI

Son xəbərlər