Ermənistan mediası Paşinyanın parlament seçkiləri barədə məsləhəti Putindən aldığını iddia etdi - "Lavrov imkan vermir"...

Elşad Musayev: “Paşinyana qarşı bir sıra mitinqlər keçirildi, amma mitinqə gələnlərin sayı ən yaxşı halda 10 mini ötmədi”

img

“Bir çoxu bu gün Ermənistanda hakimiyyət dəyişikliyinin yalnız Rusiyadan asılı olduğunu düşünür. Ancaq Rusiya rəhbərliyində bu mövzuda fərqli fikirlər var”. Bu fikirlər Ermənistanın “Qraparak” qəzetində dərc olunub.

Qəzet iddia edir ki, Paşinyan məsələsində Rusiya hakimiyyəti, bir növ, ikiyə bölünüb: “Təhlükəsizlik və güc strukturları Nikol Paşinyanın bir an əvvəl hakimiyyətdən getməli olduğunu düşünürlərsə də, xarici işlər naziri Sergey Lavrov buna qarşıdır. Ermənistanın hökumətyönümlü dairələrində isə pıçıldaşırlar ki, Moskvadakı son görüş zamanı Paşinyan Putinə erkən seçki təşkil etmək istədiyini bildirib, o da “get, bunu et” -  deyib”.

Rusiyanın Paşinyana münasibəti bəllidir. Rusiya onu Qərbin layihəsi hesab edərək Kremlin maraqları üçün arzuolunan şəxs hesab etmir. Ancaq onu da nəzərə almaq lazımdır ki, 10 noyabr razılaşmasının həyata keçirilməsi baxımından Paşinyanın hakimiyyətdə qalması Kreml üçün önəmlidir. Ən azından, müəyyən müddət.

Bütün hallarda, Paşinyanın hakimiyyətdə qalma məsələsində Rusiya hakimiyyətində yaranan fərqli fikirlərlə bağlı deyilənlər nə dərəcədə reallığa uyğundur?

  • “Rusiya da bütün bunların fərqində olduğu üçün bəzi reallıqlarla hesablaşmaq zorundadır”

Məsələyə münasibət bildirən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevin sözlərinə görə, Rusiya hakimiyyətində Paşinyanla bağlı ikitirəlik ola bilər, amma hazırkı vəziyyətdə bu nəyisə dəyişmir: “Rusiya, bütövlükdə, Nikol Paşinyan hakimiyyətini dəyişmək istədi. Ancaq bu məsələdə heç də hər şey Rusiyadan asılı deyil. Problem ondadır ki, Ermənistanda Moskva meylli “Qarabağ klanı”nın sosial dayaqları çox zəifdir. Sözügedən klanın 20 il hakimiyyətdə olması erməniləri o qədər bezdirib ki, erməni cəmiyyəti onların yenidən hakimiyyətə gəlməsini istəmir. Vazgen Manukyan da əvvəlki klana yaxın olduğu üçün Ermənistan cəmiyyəti üçün cəlbedici fiqur deyil. Ermənistan 44 günlük müharibədə ağır məğlubiyyətə uğrasa da, ermənilər Köçəryan-Sarkisyan cütlüyünə dəstək vermədilər. Paşinyana qarşı bir sıra mitinqlər keçirildi, amma mitinqə gələnlərin sayı ən yaxşı halda 10 mini ötmədi. Belə olmasaydı, o zaman Rusiya dərhal Paşinyanı devirərdi. Bax, məsələnin kökündə dayanan əsas faktor bununla bağlıdır. Rusiya da bütün bunların fərqində olduğu üçün bəzi reallıqlarla hesablaşmaq zorundadır. Bunun nə vaxta qədər davam edəcəyini konkret proqnozlaşdırmaq çətindir. Proseslər hadisələrin gedişindən asılı olacaq. Digər tərəfdən, mövcud şəraitdə Rusiya hakimiyyətinin içində fərqli mövqelər ola bilər və buna təbii yanaşmaq lazımdır. Lakin, bütövlükdə, bu, vəziyyəti dəyişmir. Rusiya bir sıra hallarda Ermənistanın maraqlarından çıxış edir. Bu isə bizi narahat edir”.

Partiya sədri onu da qeyd etdi ki, Azərbaycan diplomatik müstəvidə son dərəcə fəal olmalıdır.

Vidadi ORDAHALLI

Son xəbərlər