Çavuşoğlu Ermənistana münasibət kursunu belə ifadə etdi - atəşkəsin davamlılığını təmin etsə...

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Türkiyə və Azərbaycan olaraq atəşkəsin daimi olduğunu müşahidə edəriksə, Ermənistan da buna inanarsa, rəsmi İrəvanla münasibətlərin normallaşdırılması istiqamətində addımlar ata bilərik:
“Bu addımları Azərbaycanla birlikdə koordinasiya edəcəyik. Hazırda çox önəmli bir fürsət yaranıb, bunu qaçırmaq olmaz. Nəqliyyat, enerji layihələri, sərhədlərin açılması daxil müsbət gündəm mövcuddur. Bu müsbət gündəmə töhfə verməyə Türkiyə olaraq davam edəcəyik. Atəşkəsin daimi olmasını diləyirik. Bu mövzuda Ermənistanın da cəsarətləndirilməsi lazımdır”.
Ermənistan ona yaradılan bu imkandan istifadə etməyə alışacaqmı?
“Bunun üçün ilk növbədə Ermənistan Dağlıq Qarabağı birmənalı olaraq Azərbaycanın tərkib hissəsi kimi tanımalıdır”
Politoloq Əhəd Məmmədli qəzetimizə açıqlamasında bildirdi ki, hələ bir neçə il əvvəl aparılan siyasətdən bəzi detallar anlaşılır: “Hiss olunur ki, Qərb, nəyin bahasına olursa-olsun, Ermənistanı Rusiyanın cəngindən çıxarmaq istəyir. İndi də yeni fürsətdi. Türkiyə bundan yararlanmağa çalışır. Azərbaycanın da köməyindən yararlanmaqla bunu etmək daha inandırıcı görünür. İş burasındadır ki, Paşinyan hakimiyyəti də bunu istəyir. Moskvada əldə olunan son razılaşmadan da göründü ki, Paşinyan iqtisadi münasibətlərin bərpasında maraqlıdır. Ancaq bunu siyasi münasibətləri bərpa etmədən həyata keçirmək çox çətindir. Ermənistan özü üçün Qarabağ problemini bitirib. Təbii ki, yalnız istək kifayət etmir. Burada Ermənistanın davranışlarından çox şey asılıdır. Bunun üçün ilk növbədə Ermənistan Dağlıq Qarabağı birmənalı olaraq Azərbaycanın tərkib hissəsi kimi tanımalıdır. Çavuşoğlunun bəyanatının əsas məğzi də məhz bununla bağlıdır. Yəni yalnız iqtisadi əlaqələri bərpa edib, siyasi münasibətlərdə lazımsız addımlar atmaqla ölkələr arasında normal əlaqələrin qurulmasına nail olmaq mümkün deyil”.
Politoloqun sözlərinə görə, Ermənistan hakimiyyəti belə addımları atmaqda bir qədər də daxili auditoriyadan çəkinir: “Zaman keçdikcə bu da yoluna düşəcək”.
Məhəmmədəli QƏRİBLİ