Azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndələri vəzifəsi - Azərbaycanda idarəçilikdə daha bir struktur islahatı…

Aydın Mirzəzadə: “Təsis ediləcək xüsusi nümayəndəlik Qarabağın yenidən dirçəlməsi istiqamətində lazım olan hər bir işi görəcək”

img

Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri haqqında fərman imzalayıb. Fərmana əsasən, işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri təsis ediləcək.

Qeyd edilir ki, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinə Azərbaycan Respublikası Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən və birbaşa Azərbaycan Respublikasının Prezidentinə tabe olan Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri (bundan sonra xüsusi nümayəndə) rəhbərlik edirlər. Xüsusi nümayəndə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi ərazi hüdudlarında Azərbaycan Respublikasının Prezidentini təmsil edən vəzifəli şəxsdir; xüsusi nümayəndə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi ərazi hüdudlarında Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi səlahiyyətləri həyata keçirir.

Azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəliklərinin təsis edilməsinin əhəmiyyəti haqqında danışan millət vəkili Aydın Mirzəzadə “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, bu gün belə bir strukturun yaradılması işğaldan azad edilmiş ərazilərdə təhlükəsizliyə və abadlaşdırmaya nəzarət etmək zərurətindən irəli gəlir: “Xüsusi nümayəndəlik həmin bölgələrdə görüləcək işlər barədə ölkə başçısına məruzə edəcək. Bu qurum Prezidentin nəzarətində olacaq. Qısa müddət ərzində Qarabağda canlanma yaşanacaq. Məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması məsələsi də həll olunacaq. Təsis ediləcək xüsusi nümayəndəlik Qarabağın yenidən dirçəlməsi istiqamətində lazım olan hər bir işi görəcək. Qeyd etdiyim kimi, görülən hər bir iş barədə anındaca Prezidendə məruzə ediləcək. Prezidentin nəzarəti ilə Qarabağda həyat yenidən canlanacaq”.

Günel  CƏLİLOVA

Son xəbərlər