İlham Əliyev gələcək nəsillərə mühüm dövlətçilik tezisi barədə çağırış etdi - dövlət öz gücünə güvənməlidir…

img

Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyevi videoformatda qəbul edərkən gələcək nəsillərə yönəlik maraqlı çağrışlar edib: ”Mənim göstərişimə əsasən bütün şəhərlərimiz, kəndlərimiz bərpa ediləndə biz yəqin ki, hər şəhərdə bir məhəlləni, ola bilsin, böyük bir ərazini işğalçılardan sonra qalmış vəziyyətdə saxlayacağıq ki, Azərbaycan xalqı bunu heç vaxt unutmasın, gələcək nəsillər yadda saxlasınlar ki, biz öz torpağımızı qorumalıyıq və yalnız öz gücümüzə güvənməliyik”.

Dövlət başçısı bildirib ki, Şuşa şəhərinə gəldikdə isə, onun indiki vəziyyətinə heç kim laqeyd qala bilməz, çünki bu nadir və bənzərsiz şəhər Qafqazın incisidir: ”Fikrimcə, nəinki bizim regionda, dünyada onun bənzəri yoxdur. Şəhər tamamilə boşalıb, məscidlər dağıdılıb, tarix və mədəniyyət abidələri, Vaqifin məqbərəsi dağıdılıb, məzar daşı sındırılıb, Vaqifin barelyefi qırılıb, büstü məhv edilib. Natəvanın sarayı dağıdılıb, Bülbülün evi praktiki olaraq yarıdağıdılmış vəziyyətdədir, Üzeyir Hacıbəylinin evi isə artıq yoxdur, onun yalnız divarları qalıb. Bu barbarlıqdır, bu mədəni soyqırımıdır və buna heç cür haqq qazandırmaq olmaz. Müharibə qurtarıb, Azərbaycan qələbə qazanıb. Lakin biz bunu heç vaxt unutmayacağıq və heç vaxt unutmamalıyıq. Buna görə, mənim göstərişimə əsasən bütün şəhərlərimiz, kəndlərimiz bərpa ediləndə biz yəqin ki, hər şəhərdə bir məhəlləni, ola bilsin, böyük bir ərazini işğalçılardan sonra qalmış vəziyyətdə saxlayacağıq ki, Azərbaycan xalqı bunu heç vaxt unutmasın, gələcək nəsillər yadda saxlasınlar ki, biz öz torpağımızı qorumalıyıq və yalnız öz gücümüzə güvənməliyik. Əlbəttə, biz işğal edilmiş ərazilərdə dağıdılanların hamısını bərpa edəcəyik, bərpa prosesi başlanıb. Fikrimcə, bizim atdığımız ilk addımların nəticələri lap yaxın vaxtlarda görünəcək. Böyük qayıdış proqramı hazırlanır. Zənnimcə, lap yaxın vaxtlarda biz hamımız dirçəldilmiş şəhərləri görəcəyik".

Göründüyü kimi, İlham Əliyev gələcək nəsillərə xitabən bildirib ki, yalnız öz gücümüzə güvənmək onlar üçün əsas göstərici olmalıdır. Bu tezisdən gənc nəslimiz hansı nəticələri çıxarmalıdır?

“Prezidentin bu yöndə səsləndirdiyi fikirlərin böyük tarixi və tərbiyəvi əhəmiyyəti var”

Tarix üzrə fəlsəfə doktoru Səyyar Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, tarixi köklərinə bağlı olan millətlər hər zaman zəfər qazanır: “Biz bunun bir daha şahidi olduq. İkinci Qarabaq müharibəsi bir daha sübut etdi ki, hər bir xalq öz ərazisini özü qorumalıdır. Başqalarından bizə lazımi dəstək olmadı. 30 illlik müddət ərzində beynəlxalq vasitəçilər yalnız baş girələdilər. Cənab Prezidentin  dediyi kimi, biz öz ərazi bütövlüyümüzü şəxsi gücümüzlə bərpa etdik. İşğaldan azad edilən  ərazilərimiz doğrudan da bərbad gündədir. Ermənilər orada əsl vandallıq ediblər. Bütün bunları biz gələcək nəsillərə ötürməliyik. Bütün ərazilərimizdə işğalı və onun acı nəticələrini əks etdirən muzeylər olmalıdır. Bunun eyni zamanda bizim qan yaddaşımıza müsbət təsiri olacaq. Xalqımızın əldə etdiyi Zəfərlə bağlı bütün tarixi, qəhrəmanlıq simvollarını göz bəbəyimiz kimi qorumalıyıq. Bir daha sübut olundu ki, Azərbaycan bütün beynəlxalq birliyin bacarmadığı işin öhdəsindən öz gücü ilə gələ bildi. Bir qalib xalq olaraq əldə olunan nailiyyətləri göz bəbəyi kimi qorumalıyıq. Dövlətimiz bu istiqamətdə əlindən gələn nə varsa edir. Biz ziyalılar da bu məsələdə dövlətimizə dəstək ifadə etməliyik. Gənclərimizə bu yöndə əlimizdən gələn bütün təbliğatı çatdırmalıyıq”.

Alimin sözlərinə görə, Prezidentin bu yöndə səsləndirdiyi fikirlərin böyük tarixi və tərbiyəvi əhəmiyyəti var: “Öz yaddaşına sahib çıxmayan xalqlar məhvə məhkum olurlar. Biz heç vaxt o xalqlardan olmamışıq. Ümidvarıq ki, Prezidentin bu yöndə olan gözəl tövsiyəsinə tam əməl olunacaq”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər