Azərbaycan-Türkiyə media əməkdaşlığı strategiyası qanuni status aldı - ölkələrarası media platforması...

Azər Həsrət: “...bunlar gələcəkdə Türk dünyası media platformasına qədər genişləndirilməlidir”

img

Azərbaycan və Türkiyə arasında birgə media platforması yaradılır. Bu barədə "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında" Anlaşma Memorandumunun təsdiq edilməsi barədə qanun layihəsində bildirilib.

Sənəddə qeyd edilib ki, birgə media platformasının məqsədi Azərbaycan-Türkiyə ikitərəfli əlaqələrini və əməkdaşlığını media və kommunikasiya sahəsində gücləndirməklə strateji media ortaqlığının yaradılmasıdır.

  • “Azərbaycanla Türkiyə arasında media platformasının yaranması iki ölkə mediasının qarşılıqlı inteqrasiyası və beynəlxalq platformalarda işbirliyi imkanlarının genişlənməsinə səbəb olacaq”

Birgə media platformasının media üçün əhəmiyyəti haqqında danışan media eksperti Azər Həsrət qeyd etdi ki, Türkiyə ilə Azərbaycan mediası arasında işbirliyi əvvəki illərdə də olub: “İstər Azərbaycan, istərsə də Türkiyə təmsilçiləri bununla bağlı müəyyən müzakirələr aparıb, razılaşmalar əldə olunub. Hətta birgə addımların atılması üçün hərəkətə keçilsə də, media sahəsində işbirliyi arzuolunan nəticədə olmayıb. Türkiyə və Azərbaycan tərəfdən bu işlə məşğul olanlar məlum işbirliyinə isti münasibət görməyiblər. Bu səbəbdən də əvvəlki illərdə atılan addımlar nəticə verməyib. Bunun da səbəbi mediadan anlayışı olmayan şəxslərin bu sahədə olması olub. Ancaq indi platformanın rəsmiləşdirilməsi tam başa çatmamış, biz istənilən nəticəni artıq görə bilirik. Hesab edirəm ki, Azərbaycanla Türkiyə arasında media platformasının yaranması iki ölkə mediasının qarşılıqlı inteqrasiyası və beynəlxalq platformalarda işbirliyi imkanlarının genişlənməsinə səbəb olacaq. Ümumiyyətlə, Azərbaycan və Türkiyə media platforması çərçivəsində qalmamalıdır. Bunlar gələcəkdə Türk dünyası media platformasına qədər genişləndirilməlidir. Biz elə etməliyik ki, ən azı 300 milyonluq Türk dünyasını əhatə edən media platformasına sahib olaq”.

Son olaraq qeyd edək ki, Azərbaycanla Türkiyənin iqtisadi, siyasi və hərbi birliyi, nəticə etibarilə, Türk dünyasının gələcəyi baxımından ciddi əməkdaşlıq platformasının yaranmasına zəmin yaradıb. Bu kontekstdə Azərbaycan - Türkiyə media platforması gələcəkdə, bütövlükdə, Türk dünyası üçün mühüm əhəmiyyət kəsb edə bilər. 

Günel CƏLİLOVA

Son xəbərlər