Prezident inkişaf amillərinin sayı və məzmunu baxımından Azərbaycanın digərləri ilə klassik müqayisəsini apardı

Rəsul Cahangirli: “Nəinki qonşu ölkələrlə, region dövlətlərilə də yaxşı münasibətlərimiz var”

img

“Bu gün dünyada Azərbaycan kimi inkişaf üçün bir çox amilləri özündə ehtiva edən ölkələrin sayı azdır”. Bunu Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında bir neçə müəssisənin açılış mərasimlərindən sonra Azərbaycan Televiziyasına müsahibəsində deyib.

Prezident bunu bir sıra faktorlarla əsaslandırıb: “Ölkəmizdə islahatlar - kadr islahatları, struktur islahatları, iqtisadi islahatlar, sosial sahədə islahatlar aparılır. Bu gün dünyada Azərbaycan kimi inkişaf üçün bir çox amilləri özündə ehtiva edən ölkələrin sayı azdır. Siyasi sabitlik, xalq-iqtidar birliyi, əmin-amanlıq, coğrafi yerləşmə, infrastruktur, hazırlıqlı peşəkar kadrlar, - bu, çox önəmlidir, - ixrac bazarları, qonşu ölkələrlə yaxşı işgüzar münasibətlər, heç bir ölkə ilə problemin olmaması. İndi mən ümid edirəm, müəyyən müddətdən sonra Ermənistan da deyəcək ki, onların da bizimlə heç bir problemi yoxdur. Çünki əsas məsələ bunda idi, onlar bizim torpağımızı işğal etmişdilər. Onlar bizə qarşı soyqırımı törədiblər. Onlar bizim şəhərlərimizi yerlə bir ediblər. Biz, sadəcə olaraq, özümüzü müdafiə etmişik, lazımi səviyyədə müdafiə etmişik və işğalçıları torpaqlardan qovmuşuq”.

Görünən odur ki, Azərbaycanın hərtərəfli inkişafı üçün lazım olan bütün amillər vəhdət təşkil edir. Bu isə ölkənin daha güclü inkişafı üçün əlverişli zəmin yaradır.

  • “Sadalanan üstünlüklər ölkəmizə böyük inkişaf perspektivləri vəd edir”

Məsələyə münasibət bildirən ekspert Rəsul Cahangirlinin sözlərinə görə, Prezidentin sadaladığı faktorların hər biri inkişaf üçün önəmlidir: “Onlardan biri olmadan ölkənin inkişafını təmin etmək çətin məsələdir. Necə deyərlər, sözügedən faktorlar bir-birilə sıx bağlıdır. İnkişaf üçün başlıca şərtlərdən biri siyasi sabitlikdir. Siyasi sabitlik olmadan ölkənin iqtisadi inkişafından danışmaq yersizdir. Sabitlik olmadan ölkə iqtisadiyyatına nə yerli, nə də xarici sərmayədarlar investisiya qoymaz. Həmin ölkədə resurslar aşırı dərəcədə çox olsa belə, siyasi sabitlik olmadan inkişafı təmin etmək mümkün deyil. Azərbaycanda həm siyasi sabitlik var, həm də qonşu ölkələrlə qarşılıqlı tərəfdaşlıq münasibətləri. Azərbaycanda olan hakimiyyət - xalq birliyi ən üstün səviyyədədir. Ermənistan xaric, bütün qonşu ölkələrlə normal münasibətlər qurulub. Nəinki qonşu ölkələrlə, region dövlətlərilə də yaxşı münasibətlər var. Bununla yanaşı, Azərbaycan olduqca əlverişli bir coğrafi məkanda yerləşir. Bir sıra nəqliyyat və enerji xətləri Azərbaycandan keçir. Ölkəmiz ixrac bazarlarına yaxın bir coğrafi məkanda yerləşir”.

Ekspertin fikrincə, sadalanan üstünlüklər ölkəyə böyük inkişaf perspektivləri vəd edir.

Vidadi ORDAHALLI

Son xəbərlər