Erməni müxalifətinin "Şuşanı satdılar" iddiasında iki hədəf - daxili siyasi və Azərbaycan Ordusunun gücünü aşağılamaq...

Daşdəmir Əliyev: “Şuşanı Azərbaycan əsgəri öz qanı-canı bahasına alıb”

img

Ermənistanın keçmiş baş naziri, “Vətəni xilas hərəkatı”nın rəhbəri Vazgen Manukyan keçirdiyi görüşlərdən birində maraqlı fikirlər işlədib. Erməni mediasının verdiyi məlumata görə, Manukyan deyib ki, ordumuz müharibəyə hazır olsaydı, möhkəm mövqelərə sahib olardı: “Hətta ən əlverişsiz şərtlərdə belə səfeh əmrlər verilməsəydi, orduda qayda-qanun, fəaliyyətin düzgün koordinasiyası qurulsaydı bizim bu qədər itkilərimiz olmazdı. Savaş başladıqdan bir neçə gün sonra onun bizlər üçün pis istiqamətdə getdiyi aydın olduqda, artıq müharibəni dayandırmaq lazım idi”.

V.Manukyanın iddiasına görə, guya noyabrın 9-da əldə olunan sənədi ermənilərin xeyrinə dəyişdirmək mümkünmüş, lakin bununla bağlı heç bir siyasi danışıq aparılmayıb: “Biz ordumuzu itirdik, indi onun yalnız qalıqları mövcuddur. Biz milyard dollarlıqdan çox silahdan məhrum olduq, nəhəng iqtisadi itkilərə məruz qaldıq”.

Vazgen Manukyanın fikrincə, yolların açılması Ermənistandan çox Azərbaycan və Türkiyəyə xeyir gətirəcək: “Azərbaycanlılar, demək olar ki, 10 milyon nəfərdirlər. Biz isə ildən-ilə azalırıq. Bunun sayəsində türklər Ermənistanı dolduracaq və biz yenidən dövlət yox, məskunlaşma məntəqəsinə çevriləcəyik. Əlbəttə, müəyyən zaman keçdikdən sonra Türkiyə və Azərbaycanla münasibətləri düzəltmək olar. Lakin bu yalnız mövqelərin möhkəmləndirilməsindən sonra mümkündür. Əks halda biz Ermənistanı itirəcəyik”.

Manukyan Şuşa şəhərinin əllərindən çıxmasına da maraqlı izah verib: “Artıq tam təsdiq olunub ki, Şuşanı Azərbaycan ordusu almayıb, onu bizimkilər təhvil verib. Bunun satqınlıq və ya axmaqlıq ucbatından baş verdiyini araşdırmaq isə başqa söhbətin mövzusudur”.

Göründüyü kimi, Ermənistan müxalifətinin lideri Şuşanı güya Azərbaycan ordusunun öz gücünə almadığı ilə bağlı yanlış təsəvvür yaratmağa çalışır. Bunu etməklə o hansı məqsədi güdmüş olur?

Hərbi  ekspert, ehtiyatda olan polkovnik-leytenant Daşdəmir Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bununla ermənilərin Şuşanı itirməkləri ilə barışa bilmədikləri bir daha təsdiqlənmiş olur: “Ordumuzun Şuşa əməliyyatı xüsusilə unikallığı ilə seçilib. Bunu bütün dünyanın nüfuzlu nəşrləri yazdı. Hətta bu əməliyyatın hərb dərsliklərinə salınacağı da bildirildi. Ermənistandakı müxalifət liderinin bu istiqamətdə yaydığı dezinformasiyanın bir neçə məqsədi var. Birincisi, onlar bununla Azərbaycan ordusunun hərbi qüdrəti ilə bağlı yaranmış müsbət imici korlamaq istəyirlər. İkincisi isə, bu amildən Paşinyana qarşı istifadə edib, onu satqın kimi qələmə verməyə çalışırlar. Ancaq bunların heç birinin məntiqi əsası yoxdur. Çünki Şuşanı Azərbaycan əsgəri öz qanı-canı bahasına alıb. Şuşaya qədərki döyüşlər Azərbaycanın müasir silahları ilə bağlı idisə, ordumuz Şuşada qəhrəmanlıq göstərərək qalib gəldi. Əsgər və zabitlərimizin döyüşü ilə bağlı dərin təhlillər aparılacaq. Cənab Prezident də Şuşa uğrundakı döyüşlərə xüsusi diqqət çəkdi. Çünki peşəkar döyüşçülərimiz silahdan istifadə etməyərək, məhz öz əlləri ilə canları bahasına Şuşanı azad etdilər”.

Ekspertin sözlərinə görə, Şuşa ilə bağlı hələ çox tədqiqatlar aparılacaq: “Əlbəyaxa döyüşlərlə yaşayış məntəqlərinin düşməndən təmizlənməsi, sıldırım qayalardan keçərək Şuşaya daxil olma metodu böyük araşdırmalara səbəb olacaq. Bu baxımdan da Manukyanın sayıqlamalarına yalnız özü inana bilər. Onlar Azərbaycan əsgərinin bu misilsiz fədakarlığını həzm edə bimədikləri üçün  belə dezinformasiya yayırlar”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər