Ermənistan hakimiyyətində revanşistlərlə anti-revanşistlərin açıq davası başlayıb...

img

Ermənistan parlamentinin vitse-spikeri Lena Nazaryan “ərazilərin geri qaytarılmasına”, yəni hərbi revanşa çağıranları “ziyanlı və reqressiv” adlandırıb. Erməni mediasının verdiyi məlumata görə, Nazaryan revanş çağırışlarına qarşı olduğunu bildirib və deyib: “Bu gün bir çox ekspertlər, müxtəlif xadimlər deyirlər ki, bilirsiniz, bir neçə illik dinc həyatdan sonra biz güclü olarıq, silahlanarıq qələbə payımızın ardınca gedərik. Bağışlayın, mən bu düşüncəni reqressiv və ziyanlı hesab edirəm. Və istəyirəm ki, mənə barmaqla göstərsinlər, onlar kimin 18 yaşlı oğlunun hesabına bunu etmək istəyirlər?”

L.Nazaryan əlavə edib ki, Ermənistanın bütün qonşuları ilə “uzunmüddətli və hətta daimi sülhün təmin edilməsinə” can atmaq lazımdır: “Region sonda nəhayət insani sifətə malik olmalıdır”

Vitse-spiker müxalifətin “müharibəni uduzan lider danışıqlar apara bilməz” tezisinə də münasibət bildirib. Deyib ki, Nikol Paşinyan işlərin real vəziyyətini indi hamıdan yaxşı təsəvvür edir və o, “yerdədir”, başqaları kimi buludlarda süzmür.

Hətta Ermənistanın hakim dairələrində belə revanşla bağlı çağrışların yersiz olduğu qənaətini açıq etiraf edənlərin olması nəyi deməyə əsas verir?

“Artıq bu, Ermənistanın ən yuxarı məmur korpusu tərəfindən də etiraf edilirsə, deməli, populist fikirlər özünə tərəfdar toplaya bilmir”

İctimai Siyasi Proseslər Beynəlxalq Əlaqələr Mərkəzinin (İSBAM) rəhbəri Samir Adıgözəlli  “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu tendensiyanın özü çox mətləbdən xəbər verir: “İş burasındadır ki, Ermənistanın bizimlə yenidən müharibə etməyə ordusu və əzmi qalmayıb. Onların öz rəhbərləri etiraf etdilər ki, Ermənistan ordusunun ən elitar hərbi birləşmələri döyüş meyadanından qaçıb. Bu hallar hələ ermənilərdə ruh yüksəkliyinin kulminasiyada olduğu zamanda cərəyan edib. İndi bizdən qisas almaq fikirini daha çox müxalif dairələr səsləndirir. Ancaq onlar da bunun populizmdən başqa nəsə olmadığını bilirlər. Çünki Ermənistanda döyüşmək üçün  şəxsi heyət və silah-sürsat qalmayıb. Belə fikirlər daha çox daxili auditoriyaya hesablanır. Postmüharibə dönəminin əhval-ruhiyyəsindən görünür ki, Ermənistan vətəndaşı dinc yaşamaq istəyir. Hətta əsgər analarının keçirdiyi aksiyalarda belə deyilir ki, bizim övladlarımız başqasının torpağında niyə gedib ölməlidir? Onlar düşdükləri dilənci vəziyyətindən çıxmağın yeganə yolunu dinc yaşayışda görürlər. Artıq bu, Ermənistanın ən yuxarı məmur korpusu tərəfindən də etiraf edilirsə, deməli,  populist fikirlər özünə tərəfdar toplaya bilmir”.

Ekspertin sözlərinə görə, bir müddət sonra biz belə fikirlərin də Ermənistan ictimai rəyindən xaric olduğunu görəcəyik.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər