Tarix və mədəniyyət abidələri hər bir xalqın milli kimliyini, tarixi-mədəni keçmişini özündə əks etdirir. Çox təəssüflər olsun ki, Ermənistanın işğalı altında olan tarix və mədəniyyət abidələrimizin bir çoxunun milli identikliyi erməni separatçıları tərəfindən məhv edilib, abidələrimiz çox çirkin formada erməniləşdirilməyə məruz qalıb.
Erməni işğalı altında olan torpaqlarımızda olan 400-dən çox tarix-mədəniyyət abidəsinin 200-dən çoxunun erməni saxtakarlığına tuş gəlməsi, düşmən tərəfindən saxtalaşdırılması faktı göz önündədir.
AMEA-nın Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fələsfə doktoru Elnur Kəlbizadə “Trend”ə bildirib ki, ermənilər həm işğal etdikləri ərazilərdə yerləşən, Azərbaycan xalqının əsrlər boyu yaratdığı, müasir dövrün isə bütün bəşəriyyətin irsi sayıla biləcək abidələrə qarşı vandalizm hərəkəti törədiblər. Bu vandalizm hərəkətləri bugünə kimi davam edir.
“Beynəlxalq təşkilatlar uzun illərdir ki, Ermənistanın Azərbaycanın işğal altında olan abidələrinə qarşı həyata keçirdiyi cinayətlərə göz yumur”
Tanınmış tarixçi-etnoqraf Ənvər Çingizoğlu mövzu ilə bağlı “Bakı-Xəbər”ə şərhində bildirdi ki, ermənilər tərəfindən tarix və mədəniyyət abidələrimizin, yaşı minillərlə ölçülən kurqanlarımızın və digər maddi-mədəni irsimizin saxtalaşdırmaya məruz qalması bəşəri irsə qarşı böyük cinayətdir. “Ermənistanın işğalı altında olan ərzilərimizdəki abidələrimizin böyük əksəriyyəti erməniləşdirilib. Bizim əlimizdə həmin abidələrin işğaldan əvvəlki fotolarının hamısı var. İndi həmin fotolarla abidələrin indiki vəziyyətini tutuşduranda aşkar görürük ki, ermənilər abidələrimizi tamamilə saxtalaşdıraraq erməniləşdiriblər. Məsələn, Şuşadakı bütün bulaqlar, digər abidələr də erməni saxtakarlığına məruz qalıb. Şuşadakı Mamaylı bulağının üzərinə götürüb xaç qoyublar, ona qondarma ad veriblər. Bizim işğal altında olan abidələrimizin böyük hissəsinin üzərinə xaç işarəsi həkk edilib və erməniləşdirilib. O abidələrin üzərinə ona görə xaç həkk ediblər ki, guya bu abidələr onların “tarixi-mədəni” irsidir. Ermənilər işğal altındakı abidələrimizə qarşı saxtalaşdırma siyasəti həyata keçirməklə böyük cinayət törədiblər. Bu həm də bəşəri mədəni irsə qarşı törədilən cinayətdir. Torpaqlarımız tam olaraq işğaldan azad edildikdən sonra Azərbaycan müvafiq beynəlxalq instansiyalara üz tutacaq və ermənilərin bizim maddi mədəniyyət irsimizə qarşı törətdiyi saxtalaşdırma cinayətlərinə görə cəzalandırılmasına nail olacaq. Bəşər tarixində Ermənistandan başqa heç bir dövlət işğal etdiyi ərazilərdəki abidələrin milli identikliyini məhv etməyib. Ermənistan isə bu cinayəti etməkdən çəkinməyib. Biz vaxtilə deyirdik, beynəlxalq təşkilatların tribunalarından səsləndirirdik, yazırdıq ki, ermənilər bizim abidələrimizə qarşı saxtalaşdırma, erməniləşdirmə həyata keçirir, bizə fikir vermirdilər. İndi onlar gəlib işğaldan azad edilən torpaqlarımızdakı abidələrimizin vəziyyətini gözləri ilə görsünlər və Ermənistanın cinayətkar olduğunu bəyan etsinlər. Çünki beynəlxalq təşkilatlar uzun illərdir ki, Ermənistanın Azərbaycanın işğal altında olan abidələrinə qarşı həyata keçirdiyi cinayətlərə göz yumur, onlar zamanında buna münasibət bildirsəydilər, ermənilər abidələrimizə qarşı bu cür geniş saxtalaşma kampaniyası apara bilməzdilər” - deyə Ə.Çingizoğlu qeyd etdi.
İradə SARIYEVA