Sosial şəbəkələrdə cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan ordusunun kəşfiyyat-diversiya qrupunun rəhbəri, baş leytenant Qurgen Alaverdiyanın tutulmasında iştirak edən hərbçilərin Baş qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqovun əmri ilə ordudan qovulması barədə xəbərlər yayılıb. İddialara görə, həmin hərbçilər nizamnaməni pozmaq və orduda qadağan olunmuş smartfonlardan istifadə bəhanələri ilə cəzalandırılıblar.
Müdafiə Nazirliyindən bəyan ediblər ki, həmin hərbçilərin, guya erməni kəşfiyyatçısını tutduqlarına görə cəzalandırıldıqları haqda deyilənlər yalandır, uydurmadır:
“Bu deyilənlər uydurmadır, ordu rəhbərliyinə qarşı böhtandır. Baş verənlərlə bağlı bunları bəyan edirik ki, bəzi hərbi qulluqçular Azərbaycan ordusunda smartfon tipli telefonlardan istifadənin qadağan olunması barədə müvafiq əmrin tələblərini kobud şəkildə pozublar. Belə ki, həmin hərbi qulluqçular ələ keçirilən erməni kəşfiyyatçısının foto və videogörüntülərini çəkərək yaxın qohumlarına göndəriblər, nəticədə görüntülərin sosial şəbəkələrdə yayılmasına şərait yaradıblar. Faktla bağlı aparılan ilkin araşdırmaların nəticəsi olaraq təqsirkar hərbi qulluqçular xidmətdən ehtiyata buraxılıb və toplanan materiallar hüquqi qiymət verilməsi üçün Hərbi Prokurorluğa göndərilib”.
Göründüyü kimi, məlum hadisədə iştirak etmiş hərbçilərin ordu sıralarında xidmətdən azad edilmələri heç də onların erməni diversantı əsir götürmələri ilə bağlı deyil. Söhbət nizamnamə qaydasının pozulmasından və həmin hadisəyə verilən qiymətdən gedir. Belə olan təqdirdə, bu istiqamətdə yanlış şayiələri dövriyyəyə buraxanlar hansı məqsədi güdür?
Hərbi-siyasi ekspert Ramin Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu məsələ ilə bağlı fərqli yanaşmalar ortaya qoyulur: “Hər bir Azərbaycan vətəndaşı üçün erməni kəşfiyyatçısının əsir götürülməsi hadisəsi sevindirici haldır. Onun cəzalandırılmasını da hər birimiz istəyirik. Nəzərə alaq ki, həmin kəşfiyyatçının məqsədi bizim hərbi qulluqçularımızı öldürmək olub. Ancaq məsələnin qanun, xidmət nizamnaməsi və beynəlxalq konvensiyalarla bağlı olan tərəfi də var. Əlbəttə ki, əlinə erməni hərbi əsiri düşən hər bir azərbaycanlı onunla xoş davranmaz. Mənim özüm də bunu istisna edirəm. Amma belə halın videoya çəkilərək sosial şəbəkələrdə yayılması, hər halda, arzuolunan deyil. Nəzərə almalıyıq ki, bu məkan sərhəd tanımır, həmin məlumatlara dünyanın hər yerində baxa bilirlər. Bununla da beynəlxalq konvensiyaların pozulduğunu əsas gətirən beynəlxalq qurumlar Azərbaycana təzyiqlər göstərə bilər. Hərbi qulluqçular belə halları xüsusilə nəzərə almalıdır. Cəmiyyətdə çox yanlış fikir formalaşdırmağa çalışılır ki, sanki hərbçilərimizin işdən azad olunması onların erməni hərbçini əsir götürmələrilə bağlıdır. Bu əsla belə deyil. Bunu edənlər ordumuza, dövlətimizə qarşı antitəbliğat aparmış olurlar. Hər bir azərbaycanlı bu məsələyə emosiya ilə yox, düzgün yanaşmalıdır. Hərbçilərə qarşı tətbiq olunan cəzanın səbəbi onların qanunu pozmaları olub. Smartfonlardan istifadə onlara qadağan edilib. Yalnız bu halla bağlı yox. Hərbi mövqelərin foto və videolarının sosial şəbəkələrə yol tapmaması üçün bu qadağalar qoyulub. Bizim mövqelərimiz gücləndikcə analoji məzmunlu təxribatlara çox rast gələcəyik. Bununla ordumuzun döyüş əzmini sındırmaq istəyirlər. Əhali arasındakı yüksək vətənpərvərlik hisslərini aşağı salmağa çalışırlar. Belə fikir formalaşdırmağa çalışılır ki, sanki ordumuzun rəhbərliyində oturan şəxslər xalqımızın düşmənidir. Bu təbliğatı aparanlar mütləq mənada layiqli cəzalarını almalıdır”.
Doğrudan da erməni diversantı ilə bağlı mövzunu çox zərərli istiqamətlərə yönəltmək cəhdlərini müşahidə edirik.
Məhəmmədəli QƏRİBLİ