Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Azərbaycan ərazilərində ermənilər ağılasığmaz əməllər törədirlər. İşğal altında olan torpaqlarımızda ermənilərin qanunsuz əməlləri günü-gündən genişlənir. Beynəlxalq qurumlar, ATƏT-in Minsk Qrupu, eləcə də digər təşkilatlar isə Ermənistanın atdığı qanunsuz addımlara heç bir siyasi, hüquqi qiymət verilməsini təmin etmir.
Ermənilər işğal altındakı ərazilərimizdə kütləvi olaraq mədəni irsimizi məhv edib, yaşayış yerlərimizi talayıblar. Uzun illərdir erməni işğalı nəticəsində Azərbaycana dəyən zərərin miqdarı hesablanır, təhlil edilirdi. Nəhayət ki, bu gün erməni işğalı nəticəsində Azərbaycana dəyən zərərin miqdarı müəyyən edilib. Belə ki, erməni işğalı nəticəsində Azərbaycana 23 trln. dollardan artıq zərər dəydiyi məlum olub.
Qeyd edilir ki, dəyərinin hesablanması mümkün olmayan tarix-mədəniyyət abidələrindən başqa, Ermənistan işğalı nəticəsində Azərbaycana dəymiş ziyanın məbləği 23 trilyon dollardan artıq qiymətləndirilir.
Ermənistan Azərbaycanın yalnız 20 faiz torpağını işğal etməyib, həmçinin, bu ərazilərdə olan milli mədəniyyət abidələrini məhv edib. “Trend”in məlumatına görə, erməni vandalizmi nəticəsində işğal olunmuş ərazilərdə yerləşən ilk insan məskənləri olmuş Azıx və Tağlar mağaraları, Qara köpək, Üzərlik təpə kurqanları məhv edilib və hazırda hərbi məqsədlər üçün istifadə edilir.
Şuşa, Laçın, Kəlbəcər, Zəngilan, Füzulu rayonlarının ərazilərindəki qəbirstanlıqlar, türbələr, məzarüstü abidələr, məscidlər, Qafqaz Albaniyasına məxsus abidələr, azərbaycanlıların o torpaqlarda mövcudluğunu sübut edən milli-mədəni dəyərlərimiz təcavüzə məruz qalıb. Azıx mağarasında ermənilər boya ilə divarlara adlar yazıblar.
Qeyd edək ki, işğal olunmuş ərazilərdə erməni işğalçılarının özbaşnalığı, tarix və mədəniyyət abidələrinin qəsdən məhv edilməsi Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında 1954-cü il Haaqa Konvensiyasına, 1992-ci Avropa Konvensiyasına, UNESCO-nun 1972-ci il Konvesiyasına ziddir.
İşğal olunmuş ərazilərdə maddi mədəniyyət abidələrimizin ermənilər tərəfindən dağıdılması bu gün də davam edir. İşğalçılar həmin ərazilərdə qeyri-peşəkar qazıntı işləri həyata keçirir, aşkarladıqları tapıntıları qarət edərək Ermənistana aparırlar.
Ermənistanın Azərbaycana vurduğu 23 trilyon dollar zərər hansı mexanizmlə ödənə bilər?
“Ermənistan məcbur ediləcək ki, özü və havadarları Azərbaycana dəyən maddi ziyanı ödəsin”
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı “Bakı-Xəbər”ə şərhində bildirdi ki, erməni işğalı nəticəsində Azərbaycana dəyən zərəri tam olaraq hesablamaq mümkünsüzdür. A.Nağı hesab edir ki, ermənilər bizə 23 trilyon deyil, hesablanması mümkün olmayan dərəcədə maddi və mənəvi zərər vurublar. “Hesablasaq, daha artıq rəqəm olar. Erməni işğalı nəticəsində Azərbaycana dəyən zərərin sayı-hesabı yoxdur. Amma indi ortada müəyyən rəqəm var və ondan çıxış edərək fikirlərimi bildirmək istəyirəm. Ermənilərin bizə vurduğu ən böyük zərər isə mənəvi zərərdir və bunu da heç cür hesablamaq mümkün deyil. Fikrimcə, erməni işğalı nəticəsində Azərbaycana dəyən zərər təbii ki, biz müharibədə qalib gələndən sonra öz həllini tapacaq. İkinci Dünya Müharibəsindən sonra da qalib gələn dövlətlər Almaniyanın və digər dövlətlərin üzərinə maddi təzminat qoydular, səhv etmirəmsə, indi də Almaniya həmin vəsaitin qalan hissələrini müəyyən maddələr üzrə ödəməkdə davam edir. Biz müharibədə qalib gələndən sonra Azərbaycan qalib ölkə kimi Ermənistanın üzərinə bu təzminatı qoyacaq. Ermənistan məcbur ediləcək ki, özü və havadarları Azərbaycana dəyən maddi ziyanı ödəsin. Bu, müharibənin qaydasıdır. Bu mütləq baş verəcək. Bunun üçün isə, birinci növbədə, qalib gəlmək lazımdır, Azərbaycan qalib gəldikdən sonra bu məsələni gündəmə gətirib təzminatı almağa nail ola bilərik. İndi erməni işğalı nəticəsində Azərbaycana dəyən zərərin məbləği ən müxtəlif səviyyələrdə müzakirəyə qoyulur. Hesab edirəm ki, Azərbaycan erməni işğalı nəticəsində bizə dəyən zərərin miqdarını beynəlxalq ictimaiyyətə yeritməlidir, BMT-nin, ATƏT-in, Avropa Şurasının və digər beynəlxalq təşkilatların tribunalarından bu fikir səsləndirilməlidir. Çünki Ermənistan həm torpaqlarımızı işğal edib, həm də sərvətlərimizi 30 ilə yaxındır ki, qarət etməklə məşğuldur. Ona görə də Ermənistan cəzasız qalmamalıdır, Azərbaycana vurduğu maddi zərəri ödəməlidir”.
A.Nağının sözlərinə görə, indiyə qədər yalnız İslam Əməkdaşlıq Təşkilatı ermənilərin qarşısında Azərbaycana vurduqları zərərə görə təzminat ödəməli olduqları məsələsini qoyub. “İslam Əməkdaşlıq Təşkilatı dəfələrlə yaydığı sənədlərdə bildirib ki, Ermənistan Azərbaycana vurduğu zərəri ödəməlidir, təzminat verməlidir. Bu məsələni islam ölkələri öz sənədlərində qoyurlar, amma digər beynəlxalq təşkilatların sənədlərində bu məsələ öz əksini tapmır. Ona görə də Azərbaycan indidən bu istiqamətdə çalışmalıdır ki, bu məsələ beynəlxalq rəydə olsun, ermənilərin Azərbaycana vurduqları maddi ziyana görə ödəməli olduqları təzminat beynəlxalq təşkilatların sənədlərinə daxil edilsin” - deyə A.Nağı bildirdi.
O deyir ki, Azərbaycanın müharibədə qalib gələcəyinə inanır. Azərbaycan qalib gəldikdən sonra isə beynəlxalq təşkilatların razılığı ilə Ermənistandan təzminat tələb edəcək və həmin təzminatı da mütləq şəkildə alacaq. “Amma indi əsas məsələ bu faktı beynəlxalq aləmə çatdırmaq, beynəlxalq sənədlərə salmağa nail olmaqdır” - deyə A.Nağı qeyd etdi.
İradə SARIYEVA