Avropa ölkələri və təşkilatlarının bir çox məsələlərə yanaşmasında iklil standartlardan çıxış etməsi heç kimə sirr deyil. Bunun ən real təsdiqini Avropa dövlət və qurumlarının Azərbaycana yanaşmasında dəfələrlə görmüşük. Dağlıq Qarabağ münaqişəsindən tutmuş demokratik quruculuq proseslərinə qədər ATƏT, Avropa Şurası, Avropa İttifaqı və digərləri əksər hallarda Azərbaycana məhz ikili standartlardan yanaşıb.
Hazırda eyni yanaşmanı Avropa qardaş Türkiyəyə qarşı da sərgiləyir. Söhbət Cənubi Avropa ölkələrinin Türkiyəni Şərqi Aralıq dənizində “birtərəfli və qanunsuz fəaliyyətlərdən” çəkinməyə çağırmasından gedir. Belə ki, Fransa, Yunanıstan, Kipr, Malta və Portuqaliyanın dövlət başçılarıTürkiyə ilə açıq münaqişə təhlükəsi ilə əlaqədar Korsika adasında görüş keçirib. Bu görüşün yekun bəyannaməsində deyilir ki, sözügedən ölkələr “Yunanıstan və Kiprə tam dəstək verir və həmrəylik bildirirlər”. Liderlər xəbərdarlıq edir ki, Türkiyə Şərqi Aralıqda neft-qaz axtarışı ilə bağlı birtərəfli fəaliyyətinə son qoymasa, Avropa İttifaqı gələn ay keçiriləcək sammitində Türkiyəyə qarşı yeni məhdudlaşdırıcı tədbirlər barədə qərar qəbul edə bilər. Bir daha xatırladaq ki, son həftələrdə Şərqi Aralıq dənizindəki neft-qaz ehtiyatlarına sahiblik iddialarına görə Yunanıstan və Türkiyənin hərbi dəniz və hava qüvvələri arasında gərgin vəziyyət yaranıb. Fransa Yunanıstan və Kiprə dəstəyini nümayiş etdirmək üçün dənizin bu hissəsində patrul keşiyi çəkir. Bu durumda Türkiyə hökuməti Fransa və Avropa İttifaqının Yunanıstan və Kiprə tərəfkeşlik etməsini kəskin tənqid edib. Bütün beynəlxalı hüquq normalarını pozan Fransanın prezidenti Emmanuel Makron isə, hətta Türkiyəni “qəbuledilməz təxribatlar” törətməkdə ittiham edir: "Türkiyə bu regionda artıq partnyor deyil. Biz avropalılar bu məsələdə, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın qeyri-məqbul davranışı məsələsində qətiyyətli olmalıyıq”.
Bu arada məsələyə Ankaranın yanaşması sərt olub. Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu avropalıları yaranmış mübahisədə tərəf saxlamağa yox, ədalətli vasitəçi olmağa çağırıb: "Öz üzərinə beynəlxalq məhkəmə rolunu götürməklə Avropa İttifaqı, təəssüf ki, problemin bir hissəsinə çevrilib. Biz öncədən şərt qoyulmadan dialoqa hazırıq. Amma Yunanıstan öncədən şərt qoymaqda israrlı olsa, biz də öz şərtlərimizi qoyacağıq”. Bundan başqa, Türkiyənin Xarici İşlər Nazirliyi Makronun bəyanatını təkəbbürlü adlandırıb və onu köhnə müstəmləkəçilik kompleksində ittiham edib. Ankara bildirib ki, Fransa prezidenti gərginliyi artırmaqla Avropa üçün daha böyük risq yaradır. Nazirliyin verdiyi açıqlamada qeyd edilib ki, Makron təkrar köhnə müstəmləkə refleksləri ilə ucadan dərs keçməyə cəhd göstərir: “Əslində, Makronun açıqlamaları öz bacarıqsızlığının və ümidsizliyinin təzahürüdür. Çünki bütün dünyada sərbəst “at çapdıqları” günlər bitib. Xarici siyasətdəki bütün hiyləgər planlarını puça çıxardıq. Makron hörmətsiz bir şəkildə Türkiyəyə və cənab prezident Rəcəb Tayyib Ərdoğana hücum edir. Prezident Ərdoğan Avropada ən yüksək səs toplayaraq seçilən liderlərdən biridir. Cənab prezident hər zaman gücünü Türk xalqından alıb. Aralıq dənizindəki və ya başqa bir coğrafiyadakı hər hansı bir ölkənin dənizdibi ərazisini təyin etmək Makronun həddi deyil. Fransa Yunanıstan və Cənubi Kiprin kor-koranə vəkili rolunu oynamamalı, birtərəfli və təxribat xarakterli addımlar atmamalıdır. Dialoqdan tərəf olan mövqeyini ortaya qoymalıdır. Bu, həm də avropalılığımızın və NATO müttəfiqliyimizin tələbidir”. Makronun fərdi və millətçi münasibəti ilə gərginliyi təşviq etdiyinə, Avropanın və Aİ-nin böyük maraqlarını risqə atdığına işarə edilən açıqlamada daha sonra qeyd edilir: "Şərqi Aralıq dənizində sərhədi belə olmayan Fransanın Türkiyənin bölgədəki tərəfdaşlığını, əməkdaşlığını və insani təşəbbüskarlığını tənqid etməsi əsassızdır. Xalq arasındakı dəstəyi davamlı azalan Makronun qarşı-qarşıya olduğu bu vəziyyətini fransız xalqının təqdirinə buraxırıq".
Baş verənlərlə bağlı Rusiyanın “Kommersant” qəzeti də maraqlı məqamlar açıqlayıb: “Avropanın müxtəlif yerlərində Aralıq dənizindəki böhran yüksək səviyyədə müzakirə edilib. Onlardan ən əhəmiyyətlisi Fransa prezidenti Emmanuel Makronun Aİ üzvü olan 7 ölkə liderini qəbul etdiyi Korsikadakı görüş idi. Emmanuel Makronun Korsikaya səfəri rəsmi olaraq 1943-cü ildə adadakı antifaşist azadlıq qiyamının başlamasının ildönümünə təsadüf edib. Nəzəri cəhətdən, Makron həm xarici, həm də daxili siyasi arenada xal toplamalı idi. Amma Makronun adada isti qarşılandığını söyləmək olmaz: bəzi yerli siyasətçilər onunla görüşməkdən imtina edib. Bu isə, həqiqətən də, Aralıq dənizində Fransaya yer olmadığını göstəruir. Elə Ankaranın da dediyi budur”. Məhz bu vəziyyətdə Türkiyənin dənizdə fəaliyyətinə qarşı Fransanın mövqeyinin həm beynəlxalq hüquq pozuntusu, həm də ikili standart olduğu aşkardır. Belə görünür, qarşıdakı dövr ərzində Türkiyə həm də bu ikili standarta qarşı mübarizə aparacaq. Burada qardaş ölkəyə yardım edəcək əsas ölkələrin siyahısında ilk yerdə isə yenə Azərbaycan gələcək.
Samirə SƏFƏROVA