Erməni mediası yazır ki, Paşinyan ölkəni realiti-şou qaydalarına uyğun idarə edir, amma onun sonu Kim Kardaşyan kimi olmayacaq. Qeyd olunur ki, onun üçün dövlət idarəçiliyinin effektivliyi yox, sosial şəbəkələrdə layklar və baxış önəmlidir. Nikol dövləti ailə ilə idarə edir və hər bir ailə üzvündən biri ayrı-ayrı funksiyaları yerinə yetirir.
Bununla belə, Paşinyan Kardaşyanla müqayisə edilib: “Bu, bir növ, Kardaşyanın ailə şousuna bənzəyir. Evin kiçik qızı Anna Akopyandan tutmuş, Aşot, Maryam və Şuşan - hər kəsin öz rolu var. İnsanları vacib problemlərdən yayındırmaqdan tutmuş, ictimai manipulyasiyaların təminatı, hətta hind filmlərinin həvəskarları kimi məsələlər bura daxildir. Məsələn, kiçik Arpi erməni uşaqlarını sevən biri kimi emosional fon yaradır. Maryam ailənin mətbuat xidmətinin rəhbəri rolunu oynayır. O ki, qaldı Nikolun arvadı Annaya, onun Nikol realiti-şousunda rolu çoxplanlıdır. Gah pasifist təbliğatçısı rolunda, gah da hərbi formada əlində avtomat vətənpərvər kimi çıxış edir. Şounu təmin etməklə yanaşı, Annaya digər bir rol da tapşırılıb. Ailə üçün pul yığır və maliyyə müstəqilliyini, onun rifahını təmin edir. Bu ailə şousunun iştirakçıları həm də bir sıra epizodik aktyorlar olur. Nikolu vəsf edir, bir növ, at rolunu oynayırlar. Yalnız ümid etmək olar ki, Nikolun sonu Kim Kardaşyan kimi olmayacaq və baxış saylarını artırmaq üçün sonuncu metoda getməyəcək”.
Bütün bunlar bir daha onu göstərir ki, Paşinyanın dövlətçilik anlayışı yoxdur.
“Bu onun siyasi karyerasının sonunu yaxınlaşdıra bilər”
Sözügedən məsələni dəyərləndirən tarix üzrə elmlər doktoru, professor Məhərrəm Zülfüqarlının fikrincə, Paşinyanla bağlı deyilənlər həqiqəti əks etdirir: “Çünki o, siyasətçidən çox şoumenə bənzəyir. O hələ hakimiyyətə gəlmədiyi dövrlərdə belə, siyasətçi kimi yox, şoumen kimi təsir bağışlayırdı. Sonra elə oldu ki, ölkədə mövcud olan narazılıqlar fonunda baş verən küçə inqilabı hesabına Paşinyan hakimiyyətə gəldi. Onun idarəçilik təcrübəsi olmadığına görə, elə ilk vaxtlardan ard-arda səhvlərə yol verməyə başladı və bu, indi də davam edir. Adi bir məsələ ilə bağlı sosial şəbəkədəki hesabında məlumat paylaşaraq özünü təbliğ edir. Bu ondan irəli gəlir ki, onun dövlət idarəçiliyində təcrübəsi yoxdur və ölkəni idarə etməyin məsuliyyətini dərk etmir. Ən başlıcası, Ermənistan hansısa Avropa ölkəsi deyil ki, bu formada ölkəni idarə etmək mümkün olsun. Bu gün Ermənistan çox ciddi problemlərlə üz-üzədir. Paşinyan bunların həlli ilə məşğul olmaq əvəzinə, ailə ansamblı qurmağa çalışır. Bu isə ölkəni uçuruma yuvarlayır. Dövləti idarə etmək şou göstərmək demək deyil, amma belə görünür ki, o bunların fərqini ayırd etmək gücündə deyil. Ermənistanda Paşinyana qarşı olan qüvvələrin təmərküzləşdiyini nəzərə alsaq, bu onun siyasi karyerasının sonunu yaxınlaşdıra bilər. Çünki dövləti bu cür idarə etmirlər”.
Ekspertin fikrincə, növbəti aylarda Ermənistanda siyasi gərginliyin artacağı güman edilir.
Vidadi ORDAHALLI