Tanınmış müxalifət fəalı Tofiq Yaqublunun azad edilməsi istiqamətində fikirlər səslənir. Hiss olunur ki, sosial şəbəkələrdə bununla bağlı tələbi yalnız radikal müxalifət etmir. Belə tələbi səsləndirənlərin sırasında bitərəf olan tanınmış ziyalılar, jurnalistlər və digər peşənin sahibləri də az deyil.
Hiss edilir ki, hakim dairələrin də Tofiq Yaqublunun azad olunası ilə bağlı istəyi var. Amma gəlin görək ki, onun azadlıq tələbi necə və hansı istiqamətlər üzrə edilir. Burada iki xətt özünü biruzə verir. Birincisi radikal xətidir. Onlar Tofiq Yaqublunun azad edilməsi istəyi ilə görüntü yaratmağa çalışsalar da, əslində tələbləri başqa məsələdir. Bu vasitədən istifadə edib, hakimiyyətə qarşı mübarizə aparırlar. Hətta bu həbsin fonunda qanunsuz aksiyalar keçirməyə də cəhdlər olunub. Yəni bu istiqamətdə daha çox Tofiq Yaqublunun azadlığı deyil, öz siyasi məqsədlərini güdürlər. İkinci xətt isə daha səmimi görünür. Bununla bağlı hüquqi müstəvidə ölkə rəhbərliyinə müraciətlər edilir. Bu istiqamətdə bir çox tanınmış şəxslərin müraciətinə rast gəlinib. Məsələ belə qoyulur ki, Tofiq Yaqublunun saxlanmasındansa, azadlığa buraxılması daha məqsədəuyğun olar. Bu istiqamətlərin hansı daha perspektivlidir?
Hüquqşunas, Azərbaycan Vəkillər Kollegiyasının üzvü Mehman Muradlı qəzetimizə açıqlamasında bildirdi ki, bu hüquqi məsələdir və hər bir detal o müstəvidə həllini tapmalıdır: “Tofiq Yaqublu istənilən halda 4 il 3 ay müddətinə cəzaya məhkum edilib. Bu hökm Azərbaycan Respublikası adından çıxarılıb. Sabah kimsə quru sözlə Tofiq Yaqublunun azad edilməsinə əmr verə bilməz. Hətta bu istək olsa belə, bununla bağlı hüquqi prosedurlar həyata keçməlidir. Onun təmsil olunduğu çevrə bu məsələni sırf siyasiləşdirir və daha çox siyasi məqsədlər üçün istifadə edir. Əslində isə, bu məslədə hüquqi addımlar atılmalıdır. Məhkəmə hökmü yalnız yuxarı instansiyanın qərarı ilə ləğv edilə və ya dəyişdirilə bilər. Bunun üçün də Tofiq Yaqublu barəsindəki hökmdən apelyasiya şikayəti verilməlidir. Məndə olan məlumata görə, belə bir şikayət verilib. İttihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və onun yanında olan həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib. Bu elə də ağır cinayət hesab edilmir. Mənə elə gəlir ki, qanuni vasitələrlə Tofiq Yaqublunun həbsdən azad edilməsi istiqamətində daha ciddi işlər görülür. İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirib. BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyasının Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmə zamanı bu müəssisədə saxlanma şəraiti, rəftar məsələləri, qidalanma, tibbi yardım və digər hüquqların təmin olunması vəziyyəti araşdırılıb. Başçəkmə çərçivəsində müəssisədə saxlanılan bir neçə şəxs, o cümlədən qida qəbulundan imtina etməsi ilə bağlı barəsində məlumat yayılmış Tofiq Yaqublu konfidensial qaydada qəbul olunub. Bundan əlavə, hüquq müdafiəçilərindən ibarət işçi qrupun da əlaqədar qurumlarla bu mövzu ətrafında müzakirələr apardığı bildirilir. Ümidavarıq ki, növbəti instansiya məhkəməsində işə baxılan zaman Tofiq Yaqublunun azadlıq məsələsi təmin ediləcək”.
Biz hüquqi dövlətdə yaşayırıq. Bütün proseslər qaragüruhla deyil, hüquqi vasitələrlə təmin olunmalıdır.
Məhəmmədəli QƏRİBLİ