Bakı nefti hesabına təsis edilən “Nobel” mükafatına Azərbaycanın görkəmli elm, ədəbiyyat xadimlərinin hələ də layiq görülməməsi illərdir müzakirə mövzusuna çevrilib. Azərbaycandan neçə ildir “Nobel” mükafatına namizədlər təqdim edilsə də, onların namizədliyi təsdiq edilsə də, hələ ki, ölkəmizə “Nobel” gətirən olmayıb.
Azərbaycandan “Nobel” mükafatına builki namizəd Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəhbəri, bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadədir.
Beynəlxalq Nobel İnformasiya Mərkəzinin vitse-prezidenti, elmlər doktoru Bəybala Ələsgərov mətbuata açıqlamasında bildirib ki, bu il Azərbaycandan cəmi bir namizəd təqdim olunub.
Onun sözlərinə görə, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəhbəri, bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə “Nobel” sülh mükafatına ekspert qrupu tərəfindən namizəd kimi artıq təsdiqlənib. Qeyd edək ki, Şeyxülislam Allahşükür Paşazadə bundan əvvəl də “Nobel” sülh mükafatına namizəd göstərilib.
Xatırladaq ki, Azərbaycanda Nobel İnformasiya Mərkəzi 1996-cı ildə Nazirlər Kabinetinin xüsusi qərarı ilə yaradılıb və dünyada beşinci mərkəz sayılır.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəhbəri, bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadənin namizədliyinin yenidən bu mükafata təqdim edilməsi müsbət haldır. Əlbəttə, şeyxin bu mükafata layiq görülməsinin böyük əhəmiyyəti var. Şeyxlə yanaşı, Azərbaycanın görkəmli ədəbiyyat, elm xadimlərinin də namizədlər sırasında olması arzuedilən olardı.
Azərbaycanda bu mükafata təqdim edilməli olan görkəmli ədəbiyyat, elm xadimləri varmı?
Bildirək ki, hələlik, “Nobel” alan yeganə azərbaycanlı alim Avstriyanın Atom Enerjisi üzrə Beynəlxalq Agentliyində çalışan fizika-riyaziyyat elmləri namizədi Bəxtiyar Siracovdur. B.Siracov 2005-ci ildə AEBA-da çalışan bütün digər əməkdaşlarla bərabər Nobel Sülh Mükafatını alanlar sırasındadır.
Bakılı Lev Davidoviç Landau isə ifrataxıcılığın riyazi nəzəriyyəsinin kəşfinə görə 1962-ci ildə fizika üzrə Nobel mükafatına layiq görülüb.
Məşhur azərbaycanlı kimyaçı Yusif Məmmədəliyev, əslində, “Nobel” mükafatı almalı olanlar siyahısında olub. Lakin onun məsələsi müzakirəyə qoyulduqdan 2 gün sonra 2 məşhur erməni əsilli alim Məmmədəliyevin “Nobel” almasına ciddi maneçilik törədib, bu üzdən də dünyaşöhrətli alimimiz bu mükafatı ala bilməyib.
“Yalnız istisna hal kimi akademik Rafiq Əliyevin adını çəkə bilərəm”
Tanınmış siyasi icmalçı Natiq Məmmədli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, sülh üzrə “Nobel” mükafatı həmişə mübahisə doğurub. “20 Yanvardan sonra Qorbaçova bu mükafat veriləndə hamımız necə hiddətlənmişdik. Yaxud Myanmanın baş naziri tanınmış hüquq müdafiəçisi idi, “Nobel” sülh mükafatı almışdı, amma ölkəsində müsəlmanların qırğınına haqq qazandırırdı.
“Nobel” mükafatı almaq üçün ilk baxışda sadə görünən, lakin hər kəsə müyəssər olmayan iş görmək lazımdır – bəşəriyyətin tərəqqisi yolunda çalışmaq. Alim, yazıçı, siyasətçi kimi dünyamızın gözəlləşməsi yolunda nəsə ciddi bir işin altında imza qoymaq gərəkdir. Biz bu vaxta kimi belə miqyaslı hansı işlərin altında imza qoymuşuq?
Bəli, sovet vaxtı əfsanəvi Yusif Məmmədəliyev kimya üzrə bu mükafata layiq idi, lakin sovet hökuməti Azərbaycan aliminə belə imkan yaratmadı. Neft sənayesinin inkişafına verdiyi töhfələrə və ixtiralarına görə Azad Mirzəcanzadəni də nümunə göstərə bilərik.
Bizim indiki Elmlər Akademiyası “Nobel”ə iddialı alim yetişdirə bilərmi? Belə gedişlə təbii ki, yox. Birinci növbədə, elm sahəsində islahatları bitirmək lazımdır, sonra nəticə haqqında fikirləşmək.
Yalnız istisna hal kimi akademik Rafiq Əliyevin adını çəkə bilərəm. Onun elmi nailiyyətləri bizim akademiya mühitindən kənarda baş tutub. Beynəlxalq səviyyədə tanınır və istinad olunur. Lüfi Zadə onun haqqında dəyərli fikirlərini bildirib. Düşünürəm ki, Rafiq Əliyevin namizədliyini irəli sürsək, bu, daha məntiqi olardı”.
N.Məmmədlinin fikrincə, ədəbiyyat üzrə “Nobel” mükafatına gəlincə isə, birinci növbədə, dünyada tanınmaq lazımdır ki, buna iddialı olasan. “Hər halda, mən bu məsələdə skeptik deyiləm, Azərbaycanın “Nobel”ə layiq övladları olacaq” - deyə ekspert vurğuladı.
İradə SARIYEVA