Ukraynada rusdilli məktəblərin bağlanması prosesindən sonra Azərbaycanda bəzi şəxslər müxtəlif saytlarda, sosial şəbəkələrdə Azərbaycandakı rusdilli məktəblərə qarşı çıxırlar və bildirirlər ki, ölkəmizdə də bu cür məktəblər bağlanmalıdır.
Bəziləri hesab edirlər ki, rusdilli məktəblərə azərbaycanlı valideynlərin böyük maraq göstərməsi təhlükəli tendensiyalar yaradır. Hətta bəziləri hesab edirlər ki, ölkəmizdəki rusdilli məktəblər və orta məktəblərin rus bölmələri uşaqlarımızı millilikdən uzaqlaşdırırlar. Bu cür iddialar son zamanlar daha da intensivləşib.
Azərbaycanda rusdilli məktəblərin bağlanmasının zərərli tərəfləri ola bilərmi? Ümumiyyətlə, bu məsələnin gündəmə gətirilməsi nə dərəcədə doğrudur?
Bir sıra ekspertlər hesab edirlər ki, bütövlükdə, bu məsələnin gündəmə gətirilməsi düzgün tendensiya deyil. Azərbaycanda uzun illərdir rus dilində təhsil var və həmin təhsil müəssisələrini bitirənlər arasında kifayət qədər milli təfəkkürlü, vətənə, xalqa, dövlətə, dövlətçiliyə bağlı insanlar var. Rus dilinə, rusdilli məktəblərə qarşı bu cür çağırışların təhlükəli olduğunu deyən ekspertlərin fikrincə, Azərbaycan nə Ermənistan, nə də Ukraynadır ki, rus dilinə qarşı bu cür mənfi meyllər yaransın. Ermənistanda total olaraq rusdilli məktəblərin bağlandığını qeyd edən ekspertlər hesab edirlər ki, bu proses Azərbaycanda heç zaman baş verməyəcək.
Rusdilli məktəblərə qarşı çıxan insanların bu çağırışlarının arxasında qara niyyətlər, başqa məqsədlər durduğunu deyən ekspertlərin sözlərinə görə, Azərbaycan tolerant, multikultural ölkədir və burada başqa dillərə, dinlərə nümunəvi müsbət münasibət var.
“Biz rusdilli məktəblərin bağlanmasından danışa bilmərik, bu yolverilməzdir”
“Novoye vremya” qəzetinin baş redaktoru Şakir Ağayev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, rusdilli məktəblərin bağlanmasına dair çağırışlar qəbuledilməzdir. “XXI əsrdə belə çağırışların edilməsini başa düşə bilmirəm. Birincisi, ukraynalılarla rusların dili bizim Türkiyənin dili kimi oxşardır. Doğrudan da nə qədər orada rusdilli məktəblər qapadılsa da, Ukrayna əhalisinin böyük bir qismi rusdilli olduğundan, orada rus dilini qadağan etmək mümkün deyil. Bu bir siyasi təzyiq vasitəsidir. Yəni siyasətdə belə tənqid vasitələri olur, lakin həmişə heç də həyata keçmir. Azərbaycanda bu məsələnin gündəmə gətirilməsinə gəlincə, belə məsələlər cəmiyyətdə olur. Yəni rusdilli məktəblərin bağlanmasından danışılır, nə üçün bizdə rusdilli məktəblər çoxdur deyirlər. Birincisi, istərdim ki, Azərbaycanda rusdilli məktəblərlə yanaşı, ingilisdilli, fransızdilli məktəblər də olsun. Düzdür, onlar da var, amma rusdilli məktəblər qədər geniş yayılmayıb. Xarici dillərin tədrisi və öyrədilməsi çox əhəmiyyətli bir məsələdir. Biz bir Azərbaycan dili ilə “Biləcəridən o yana” çıxa bilmərik. Bir tərəfdən deyirik ki, bütün dünyaya Azərbaycan həqiqətlərini, dövlətimizin ədalətli mövqeyini çatdıraq, digər tərəfdən isə rusdilli məktəblərin bağlanması ilə bağlı çağırışlar edirik. Bilirsiniz, populizm dövrü gedib. Keçən əsrin 90-cı illərində populizm dövrü ilə meydanlardan hakimiyyətə gələnlərin nəticəsi göz qabağındadır. Dünya yeni texnologiyaların tətbiqilə, dillərlə idarə olunur. Dövlət populizmlə idarə oluna bilməz. Ona görə də, fikrimcə, rusdilli məktəblərin bağlanması ilə bağlı çağırışlar populist fikirlərdir. Bu adamlardan bir neçəsini mən də tanıyıram, üzdə belə təxribatçı çağırışlar edirlər, amma özləri aparıb uşaqlarını rus məktəblərinə qoyurlar, yaxud məktəblərin rus sektorlarında yer axtarırlar. Bu səbəbdən rusdilli məktəblərin bağlanması çağırışları heç cür anlaşılan deyil. Rusiya qonşu dövlətdir və Rusiyada çoxlu sayda azərbaycanlı yaşayır, işləyir. Buradan gedən azərbaycanlıların dil bilməsi orada onların rahatlığına təminat verir, rus dilini bilməyən adamlar isə orada özlərini rahat hiss etmirlər, yaxud işlə məşğul ola bilmirlər və sair. Kimlərsə hesab edirlər ki, Azərbaycanda rusdilli məktəblərin bağlanması Rusiya üçün təzyiq vasitəsi ola bilər, bu yanlış yanaşmadır. Rusiyanın dövlət rəsmiləri tərəfindən də həmişə qeyd edilir ki, Azərbaycan beynəlmiləlçiliyi saxlayan, tolerant ölkədir. Bu yanaşmalar da bizə müsbət imic gətirir ki, doğrudan da Azərbaycan tolerant ölkədir və burada din, dil ayrıseçkiliyi yoxdur. Hesab edirəm ki, çoxlarımız rus dilini bilirik və Azərbaycan informasiya məkanına da rus dilinin üzərindən çıxır. Tutaq ki, biz rus dilini bağlayaq, sonra da deyək ki, Rusiyada Azərbaycan əleyhinə belə yazılar getdi, bizdən onların cavabını verən olmadı. O dili bilməyəndən sonra onların cavabını kim verəcək? Rus dilində çıxan bir məqalə dünyanın daha çox ölkəsində oxunur, nəinki Azərbaycan dilində”.
Ş.Ağayevin sözlərinə görə, Azərbaycan dili bizim dövlət dilimizdir, hamımız dilimizə böyük sevgi bəsləyirik, bütün rəsmi yazışmalar Azərbaycan dilində aparılır. Onun fikrincə, bu gün Azərbaycanda rusdilli məktəblərə tələbat çoxdur. O hesab edir ki, kim istəyir uşağını rus bölməsinə, yaxud rusdilli məktəblərə qoymasın. “Əgər bu qədər tələbat olmasa, rusdilli məktəblər, məktəblərin rus sektoru sıradan çıxacaq. Bizdə rusdilli məktəblərə tələbat böyükdür, rus bölmələrində ciddi sıxlıq var. Əgər istəmirlərsə, qoymasınlar. Tələbat var ki, rus məktəbləri var. Hətta Xalq Cəbhəsi dövründə səhv siyasət nəticəsi olaraq meydanlarda qışqırırdılar ki, rus məktəblərə gedilməsin, gedənlər düşməndir. Amma baxırdım ki, çoxunun uşaqları rus sektorlarında oxuyur, amma özləri rus dilinin əleyhinə danışırlar. Biz belə hallarla çox qarşılaşmışıq. Ona görə də düşünürəm ki, Azərbaycanın tolerant bir ölkə olduğu ilə fəxr etdiyimiz bir vaxtda biz rusdilli məktəblərin bağlanmasından danışa bilmərik, bu yolverilməzdir” - deyə Ş.Ağayev qeyd etdi.
İradə SARIYEVA