Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verən proseslər konkret nəticələrin əldə olunduğu danışıqlar prosesinin başlanma ehtimalını getdikcə azaldır. Artıq son günlərdə belə bir qənaət daha sürətlə möhkəmlənməkdədir ki, konfliktin çözümündə hərbi variant yeganə çıxış yoluna çevrilir.
Minsk Qrupunun fəaliyyətsizliyi də savaşı tətikləyir
Azərbaycan bu vaxta qədər məsələnin dinc müstəvidə həllində maraqlı olub və bunun üçün də qarşı tərəfə imkan, şans yaradıb. Amma Ermənistan ona verilən şansdan hələ də düzgün istifadə edə bilmir və prosesləri savaşa doğru sürükləyir. Məhz bu durumda görünən odur ki, işğalçı ölkə ərazilərin azad edilməsi ilə nəticələnəcək hərbi variantla üzləşəcək.
Hadisələrin bu axarda inkişafını qaçılmaz edən daha bir faktor münaqişənin həllində vasitəçilik edən ATƏT-in Minsk Qrupunun indiyə qədər Ermənistanın işğal siyasətinə qarşı real addımlar atmamasıdır. Elə rusiyalı politoloq Qriqori Trofimçuk da məsələyə eyni prizmadan yanaşır: “Qrup buna qədər danışıqların gedişatına və sürətinə təsir göstərə bilməyibsə, o zaman çətin ki, eyni tərkibdə yaxın gələcək və strateji perspektiv üçün yeni bir şey təklif edə bilsin. Məsələn, bir mütəxəssis kimi hesab edirəm ki, hansısa səbəbdən qrupun tərkibini dəyişmək mümkün deyilsə, heç olmasa, bu danışıqlar masasının ətrafında olan mütəxəssislər dairəsi genişləndirilməlidir. Hər bir halda, danışıqların sürətlənməsinə və konkretləşdirilməsinə kömək edə biləcək təklifləri nəzərdən keçirmək lazımdır. Ancaq ATƏT-in Minsk Qrupunun qarşıdakı səfərlərində buna yaxın nələrinsə olmadığı məlum olarsa, Azərbaycan artıq bu strukturla belə uzunmüddətli rejimdə danışıqları davam etdirməyə dəyib-dəymədiyinə qərar verməlidir. Bəlkə də yalnız Qarabağ məsələsinə baxılmasını sürətləndirmək üçün yox, həm də ATƏT-in Minsk Qrupunun bu cür fəaliyyətsizliyi nəticəsində bütün bölgənin partlamaması üçün bəzi başqa variantları təklif etməsi məqsədilə birbaşa BMT-yə müraciət etmək lazımdır”.
Xatırladaq ki, Azərbaycan da Minsk Qrupunun fəaliyyətindən narazıdır və qurumun indiyə qədər olan fəaliyyəti sadəcə status-kvonun qorunub saxlanmasına xidmət edib. Təbii ki, bundan razı qalan yalnız Ermənistandır. Təsadüfi deyil ki, bu ölkənin xarici işlər naziri Zöhrab Mnatsakanyan “İnterfaks” agentliyinə müsahibəsində Minsk Qrupundan xüsusi razılıq edir. O, Minsk Qrupunun fəaliyyətini tərifləyir və danışıqların məhz bu formatda davamını vacib sayır. Bu da təsadüfi deyil. Çünki Minsk Qrupunun mövcud formatının saxlanması münaqişənin həllinin uzanmasına və Qarabağda erməni işğalının davam etməsinə gətirib çıxarır. Elə bu səbəbdən Minsk Qrupunun fəaliyyəti uzun müddətdir ki, Azərbaycan ictimaiyyəti tərəfindən çox sərt tənqidə məruz qalır. Rəsmi Bakı son illərdə aparılan danışıqların heç bir mənasının olmadığını, Minsk Qrupunun öz mandatına, BMT-nin Təhlükəsizlik Şurasının qərarlarına uyğun olaraq, işğal olunmuş ərazilərin azad olunması ilə bağlı heç bir ciddi səy göstərmədiyini vurğulayır. Bu halda Bakı Minsk Qrupunun formatında dəyişiklik olmasını, qrupa üzv digər ölkələrin də prosesdə aktiv iştirakını istəyir.
Azərbaycan Türkiyənin regionda fəaliyyətini daha aktiv hala gətirir
Hazırda rəsmi Bakı ən yüksək səviyyədə bəyan edir ki, Ermənistanla mənasız danışıqlar aparmaq niyyətində deyil. Danışıqların olmasını istəyən Minsk Qrupunun isə nəticə üçün Ermənistana təsir etməsi vacibdir. Belə təsirin olmasını şərtləndirən məqamlardan biri də Türkiyənin vasitəçi qismində prosesə cəlbidir.
Xatırladaq ki, Türkiyə Minsk Qrupunun üzvlərindən biridir və Ankaranın burada rolunun artacağı istisna edilmir. Çünki Bakı bu məsələdə maraqlıdır, müvafiq fəaliyyət də göstərir. Elə Minsk Qrupunun özü də dəfələrlə bəyan edib ki, status-kvo dəyişməlidir, ancaq Ermənistan buna imkan vermir. Bu halda Türkiyənin prosesə qatılması vəziyyəti tamam dəyişə, danışıqlarda artlq hansısa nəticənin əldə edilməsinə gətirib çıxara bilər. Ekspertlər də hesab edir ki, Minsk Qrupunun üzvü olan Türkiyənin bu məsələdə daha fəal olması qurumun indiki həmsədrlərini narahat etməli deyil. Çünki Minsk Qrupu özü də anlayır ki, onun səyləri heç bir nəticə vermir və artıq format dəyişikliyinə ehtiyac var. Yeri gəlmişkən qeyd edək ki, Türkiyənin Minsk Qrupunda aktiv vasitəçi olaraq iştirak etməsi indidən Ermənistanda top-tüfənglə qarşılanır. Elə Zöhrab Mnatsakanyan da “İnterfaks” agentliyinə müsahibəsində Türkiyənin vasitəçiliyinə qarşı çıxıb və Ankaranı regionda destabil vəziyyət yaratmaqda ittiham edib. Halbuki, Türkiyə hər zaman Cənubi Qafqazda sabitliyin və sülh şəraitinin təmin olunması üçün fəaliyyət göstərib. Ermənistan prezidentinin müşaviri Tevan Poqosyan da qeyd edir ki, Bakı Ankaranın yardımı ilə Qarabağ münaqişəsini ya sülh, ya da hərb yolu ilə çözəcək. Bu səbəbdən o, İrəvanın Türkiyə amilinə daha çox diqqət yetirməsini vacib sayır: “Regionda Azərbaycan-Türkiyə faktoru güclənir. Azərbaycan Türkiyə ilə indi çox aktiv şəkildə hansısa əməliyyatlara hazırlaşır. Ermənistan üzləşdiyi bütün təhlükəsizlik problemlərini yaxşı başa düşməli və bunlara qarşı çıxmağa hazır olmalıdır. Amma bu gün Ermənistanın belə imkanları getdikcə məhdudlaşır”. Qarabağdakı qondarma qurumun sabiq “nümayəndəsi” Tiqran Abrahamyan isə qeyd edir ki, Bakı və Ankara erməni diasporunun sıradan çıxarılması və birgə təbliğat sahəsində də önəmli addımlar atır: “Məsələn, Türkiyə və Azərbaycan ortaq media platforması yaradır, rəsmi açıqlamalara görə, bunun məqsədi təhlükəsizlik sahəsinin təhdidləridir”. O qeyd edib ki, Türkiyə-Azərbaycan ortaq media platforması Ermənistan və diaspor üçün böyük cəbhə açır, mövcud informasiya potensialını birləşdirmək və ümumi gündəmə xidmət etmək problemi var.
Xatırladaq ki, prezidentin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyətinin İstanbul səfərində diqqət mərkəzində yer alan məqamlardan biri məhz ortaq media platforması yaradılması olub. Burada, Hikmət Hacıyevin vurğuladığı kimi, televiziyadan kino sektorunadək bütün sahələr üzrə birgə layihələrin həyata keçirilməsi, mütəxəssis mübadilə proqramlarının hazırlanması, eləcə də texnologiya sahəsində əməkdaşlıq hər iki ölkəyə qarşı həyata keçirilən qarayaxma kampaniyası ilə mübarizədə də əhəmiyyətli rol oynayacaq. Ancaq bu da məsələnin hamısı deyil. Belə ki, Türkiyə-Azərbaycan media platforması düşünüldüyü kimi reallaşdırıldığı təqdirdə, özünə yeni tərəfdaşlar da cəlb edəcək. Məsələn, növbəti mərhələdə bu platformaya Türk Şurasına üzv olan digər qardaş ölkələrin də mediası qoşula bilər. Bu isə, təbii ki, yalançı erməni təbliğatına qarşı daha böyük cəbhə formalaşması deməkdir. Azərbaycan-Türkiyə əməkdaşlığı fonunda Ermənistanı narahat edən əsas məqamlardan biri də məhz budur.
İrəvan isterikada...
Bakı və Ankaranın sərgilədiyi siyasət regionda hər iki ölkənin mövqeyinin getdikcə güclənməsini şərtləndirir. Bu mənada, Ermənistanın siyasi-hərbi rəhbərliyinin son zamanlar daha ritorik və isterik davranış nümayiş etdirməsi də təsadüfi deyil. Məsələ burasındadır ki, Qarabağ münaqişəsinin hərbi həlli halında İrəvan Bakıdan hansı zərbələr alacağını yaxşı bilir. İndi bu durumda Türkiyənin də Azərbaycanın yanında yer alması Ermənistanı daha çıxılmaz duruma salır.
Belə vəziyyətdə isterik duruma düşən Ermənistan Azərbaycan və Türkiyəyə böhtanlar yağdırır. Halbuki, Ermənistan Qarabağ məsələsinin dinc həlli istiqamətində addımlar atsaydı, vəziyyət tam fərqli olardı. Amma bunun əvəzində Nikol Paşinyan hökuməti ilə separatçı rejim arasında strateji ittifaq haqqında sənədin hazırlanması üzərində intensiv işin getdiyi üzə çıxır. Ordusunda şəxsi heyət sarıdan ciddi problemlər yaşayan Ermənistan dövləti məcburi addım kimi yaşlı insanların və əlinə heç vaxt silah götürməmiş qadınların imkanlarından bəhrələnmək istəyir. Könüllülərdən ibarət ordu yaradır. Suriyadan və Livandan erməni mənşəli köçkünləri işğal altındakı Azərbaycan ərazilərində qanunsuz şəkildə məskunlaşdırmağa çalışır. Həmin insanların mütləq əksəriyyətinin Yaxın Şərqdə fəaliyyət göstərən terrorçulardan ibarət olması heç kimə sirr deyil. Bütün bu qeyd edilənlər onu göstərir ki, Ermənistan yeni hərbi təxribat və avantüralara əl atmaq istiqamətində siyasətində israrlıdır. Ölkənin düşdüyü ağır sosial-iqtisadi böhran və onun postpandemiya dövründə daha da kəskinləşməsi perspektivi bu siyasətin həyata keçməsində öz sözünü deyir. Amma indiki halda Ermənistanı ən çox narahat edən məsələ Azərbaycan-Türkiyə hərbi müttəfiqlik münasibətləri ilə bağlıdır. Son dövrlərdə Azərbaycanın və Türkiyənin siyasi-hərbi rəhbərliyinin qarşılıqlı intensiv səfərləri və bu fonda Naxçıvandan tutmuş Azərbaycanın bir sıra digər ərazilərinədək geniş coğrafi ərazidə iki qardaş ölkənin quru və hərbi-hava qüvvələrinin birgə taktiki hərbi təlimlər keçirməsi Ermənistanda vahimə ilə izlənməkdədir. Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının keyfiyyətcə yeni mərhələyə yüksəlməsi fonunda İrəvanın real siyasəti Ermənistanın sülh danışıqlarına qarşı olduğunu nümayiş etdirir. Belə olan halda beynəlxalq hüquq Azərbaycana öz torpaqlarını güc yolu ilə azad etmək haqqı verir və Azərbaycan ordusu istənilən an bu missiyanı uğurla gerçəkləşdirmək əzmindədir.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur.