Rəsmi Moskva Türkiyə və digər bölgə ölkələri ilə olan xüsusi münasibətlərindən dialoq körpüsü qurmaq üçün istifadə etməyə hazırdır. Bunu Cənubi Kiprdə səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib. Cənubi Kipr Yunan Muxtariyyəti lideri Nikos Anastasiades və xarici işlər naziri Nikos Kristodulides ilə görüşən nazir Şərqi Aralıq dənizindəki gərginliyin diplomatik yolla həllinə tərəfdar olduqlarını dilə gətirib.
Rusiya xarici işlər naziri eyni zamanda qeyd edib ki, ölkəsi Birləşmiş Ştatların tərəfləri bir-birinə qarşı qoymasından narahatdır: "Birləşmiş Ştatların Aralıq dənizinin şərqində baş verən gərginlik fonunda ölkələri bir-birinə qarşı qoyması və "bizimlə olmayan bizə qarşıdır" siyasətini yürütməsi Moskvanı narahat edir". Beləliklə, bu açıqlamalardan görünür ki, artıq Rusiya da Şərqi Aralıq dənizində gedən proseslərə daxil olmaq istəyir. Amma Moskva üçün burada kimin tərəfində olmaq məsələsi də önəmlidir. Görünən budur ki, Qərb ölkələri Rusiyanın Yunanıstanın və Cənubi Kiprin yanında yer almasına razılıq verməyəcək. Çünki başda Fransa və İtaliya olmaqla, Qərbin geosiyasi və enerji maraqları tamam fərqlidir və burada Rusiyaya yer yoxdur. O səbəbdən Rusiya, istəsə belə, yunan tərəfinin yanında yer ala bilməz. Digər tərəfdən, Rusiya belə bir addım atsaydı, ilk növbədə Türkiyə ilə münasibətlərinə xələl gətirərdi ki, bu da indiki halda Kreml üçün sərfəli deyil. Deməli, Rusiya bu proseslərdə Ankaranın yanında olmağa məhkumdur. Bütün bunlar isə Azərbaycanı da yaxından ilgiləndirir. Ən azı o baxımdan ki, Yunanıstan, Ermənistan və Kipr arasında üçtərəfli formatda hərbi əməkdaşlıq mövcuddur. Elə bu günlərdə prezident İlham Əliyev Yunanıstanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edərkən bu xüsusda olduqca açıq, ölkəmizin milli maraqlarına əsaslanan fikirlər səsləndirdi. Dövlət başçısı Azərbaycan-Yunanıstan əməkdaşlığının son illərdə aşağı səviyyədə olduğunu vurğulayaraq, yunan hökumətinin Azərbaycanla əməkdaşlıq məsələsində nümayiş etdirdiyi qeyri-adekvat mövqeni tənqid etdi və bunun beynəlxalq əməkdaşlıq ruhuna uyğun olmadığını diqqətə çatdırdı. Yunanıstan, Ermənistan və Kipr arasında üçtərəfli formatda hərbi əməkdaşlığın ölkəmizdə narahatlığa səbəb olduğunu vurğulayan prezident prinsipial mövqe nümayiş etdirdi, Ermənistanın istənilən ölkə ilə sıx hərbi əməkdaşlığının narahatlıq doğurduğunu bildirdi. Bunlar fonunda sirr deyil ki, Yunanıstan ətrafında baş verənlər bu ölkənin Ermənistanla əməkdaşlığına da təsir edəcək. Burada Rusiyanın oyuna daxil olması isə vəziyyəti daha maraqlı hala gətirir. Çünki Rusiyanın hələ də Ermənistan üzərində təsir rıçaqları güclüdür.
Rusiya üzrə türk analitik Kerim Has bu xüsusda danışarkən öncə qeyd edir ki, Sergey Lavrovun Kiprə səfəri Moskva-Nikosiya münasibətləri baxımından önəmlidir: "İki ölkə arasında iqtisadi-ticari, investisiya və bankçılıq sahəsində münasibətlər müzakirə olunmalı mövzular idi. Offşor hesablar baxımından Kiprin Rusiyanın varlı insanları üçün olduqca cəlbedici olduğu heç kimə sirr deyil. Təkcə 2019-cu ildə Rusiyadan Kiprə transfer olunan ümumi valyutanın miqdarı 14,5 milyard dolları keçir. Rusiya Mərkəzi Bankının məlumatlarına əsasən, 2010-2019-cu illərdə Rusiyadan Kiprə gedən valyutanın ümumi dəyəri 273 milyard dollardır. Aşağı vergilər hesabına, əsasən, bu vəsaitin önəmli bir hissəsi yenə Rusiyaya geri dönür. Ötən il Rusiya Kiprə 8,1 milyard dollar investisiya cəlb edə bilib. Rusiya iqtisadiyyatına birbaşa edilən investisiyaların 34%-i Kiprdən gəlir. Kipr bu sahədə liderdir. Təbii ki, bu həcmdə valyuta mübadiləsi Moskvanın Rusiya vətəndaşlarından daha çox vergi almaqla bağlı iştahasını daha da artırır. Elə uzun müddətdir gözlənilən Lavrovun səfərinin də əsas müzakirə mövzusu bu idi. Təsadüfü deyil ki, rəsmi Moskvanın tələbləri ilə bağlı iki ölkə arasında yeni bir vergi sazişi də imzalandı".
Ekspert qeyd edib ki, Aralıq dənizinin şərqində yaşanan geosiyasi gərginlik, Suriya-Liviya xəttində baş verənlər, həm də Birləşmiş Ştatların Kiprə silah embarqosunu qismən yumşaltması kimi məsələlər Lavrovun səfərinin önəmini daha da artırır. Kerim Has, eyni zamanda, Rusiyanın Türkiyə ilə Kipr arasında vasitəçi rolu oynaya biləcəyini düşünmədiyini qeyd edib: "Çünki hər şeydən öncə, rəsmi Ankara Kipr Respublikasını müstəqil bir dövlət olaraq qəbul etmir, tərəflər arasında diplomatik münasibətlər yoxdur. Kiprin şimalında olan Kipr Türk Cümhuriyyətini isə tək tanıyan ölkə Türkiyədir. Rusiyanın bu istiqamətdə vasitəçilik etmək cəhdi ilk növbədə texniki və diplomatik əngəllərlə qarşılaşır”. Türkiyəli ekspert xatırladıb ki, Türkiyə və Yunanıstan hələ də NATO-da müttəfiq ölkələrdir, Avropada münasibətlər baxımından da aralarında müəyyən səviyyədə dialoq var: "Ankara və Afina lazımi cəsarəti və səmimiyyəti göstərsələr, Kipr məsələsi ilə yanaşı, Egey dənizində adalar məsələsi və digər mübahisəli məsələləri rahatlıqla həll edə bilər. Rusiya son illərdə Aralıq dənizində yenidən yerləşmə siyasəti yürütməyə başlayıb. Düzdür, bu ölkə Aralıq dənizi ölkəsi deyil, lakin onun Suriya və Liviya siyasəti diqqətə alındığında Moskvanın Aralıq dənizinin şərq hissəsində öz geosiyasi maraqlarının olduğu görünür. Rusiyanın bu bölgəni siyasi, hərbi və enerji qaynaqları baxımından dəyərləndirmək istəməsi, ABŞ da daxil olmaqla, digər NATO ölkələrini də müəyyən mənada narahat edir”. Məhz bu fonda ABŞ və digər Qərb ölkələri Rusiyanın Aralıq dənizinə gəlməsinə qarşıdır. Onların diqtəsi ilə hərəkət edən Yunanıstan da Rusiyanın Aralıq dənizinə gəlməsinə imkan verməyəcək. Bu halda Rusiyanın yeganə ümidi Türkiyənin yanında yer almaqdır. Bunun üçün Moskva Türkiyənin mövqelərini nəzərə almağa məcburdur. Məhz belə vəziyyət həm də o deməkdir ki, Rusiya Aralıq dənizində Türkiyə, eləcə də onu dəstəkləyən Azərbaycanla bir cərgədə duracaq. Bu halda Yunanıstanın Rusiyanın təsir dairəsində olan Ermənistanla hərbi əməkdaşlığı da sual altına düşə bilər. Ən əsası isə, Bakı və Ankaranın tələbi ilə Kreml İrəvana yunan tərəfi ilə əməkdaşlığa son qoyması üçün təzyiqləri artıara bilər. Digər tərəfdən, Ermənistanın NATO üzvü olan Yunanıstanla hərbi əməkdaşlığı da, çətin ki, Rusiyada xoş qarşılansın.
Nahid SALAYEV