İkinci Dünya Müharibəsində qələbənin əldə edilməsində başlıca rol oynayan amillərdən biri məhz Bakı nefti olub. Azərbaycan bu müharibədə həm ön, həm də arxa cəbhədə canlı qüvvəsi, nefti, benzini, eləcə də digər resursları ilə iştirak edib. İkinci Dünya Müharibəsi başa çatdıqdan indiyə kimi Bakıya “Qəhrəman şəhər” statusunun verilməsi məsələsi gündəmdən düşməyib. Həm Sovet dövründə, həm də indi Azərbaycanın bir çox ziyalısı, ictimai xadimi Bakıya “Qəhrəman şəhər” adı verilməsinə nail olmaq üçün mücadilələr edib və etməkdədir.
Faşizm üzərində qələbənin 75 illiyi qeyd edildiyi bir vaxtda bu məsələ yenidən aktuallaşıb.
88 yaşlı tanınmış ziyalı, yazıçı, ssenarist, rejissor, Əməkdar incəsənət xadimi, professor Musa Bağırov illərdir Bakının haqq etdiyi ada layiq görülməsi üçün çalışır. İkinci Dünya Müharibəsi haqqında saysız araşdırmanın, məqalənin, general Həzi Aslanovla bağlı “Sərkərdənin taleyi”, “Generalın yolu” və sair kitabların müəllifi Musa Bağırov “Bakı-Xəbər”ə müraciət edərək Bakıya “Qəhrəman şəhər” adının verilməsi məsələsini aktuallaşdırmağımızı istədi.
Musa müəllim təəssüflə qeyd edir ki, müharibədən sonra sovet rəhbərliyi Bakının qələbənin əldə edilməsində tarixi rolunu qiymətləndirmədi və Bakıya “Qəhrəman şəhər” adı verilmədi.
Müharibə mövzusuna sıx bağlı olan jurnalist kimi M.Bağırov Rusiya, Ukrayna, Belarus, Litvada çox ünvanda olub, uzun müddət Moskvada, dəfələrlə Kiyev, Xarkov, Leninqrad, Volqaqrad və başqa şəhərlərin arxivlərində tədqiqat-axtarış işləri aparıb, görkəmli sovet marşalları, generalları və müharibə veteranları ilə görüşüb söhbətər edib, onların bir çoxu ilə dostluq edib. Bu şəhərlərdə keçirilən müxtəlif yığıncaqlarda, konfranslarda iştirak və çıxış edib.
M.Bağırov qeyd edir ki, həmin dövrdə yüksək rütbəli erməni hərbçiləri ilə, hətta marşal İ.X.Baqramyanla da görüşləri olub, onlar onun müharibədə Azərbaycanın rolu barədə suallarına qısqanc, başdansovdu cavablar veriblər. M.Bağırov bildirir ki, bizə soyuq münasibətin səbəbi ona sonradan aydın olub. “Çox təəssüf ki, Azərbaycanın bu müharibədə iştirakı və onun əhəmiyyətli rolu barədə doğru-düzgün məlumat hələ də dünyaya çatdırılmayıb. SSRİ-də çap olunmuş 6200 səhifəlik müharibəyə aid çoxcildlikdə, arxiv sənədlərində Azərbaycanın adına çox az rast gəlmişəm. 1941-1945-ci illərdə qazanılmış qələbədə üç amil həlledici rol oynayıb. Onlardan biri Bakı nefti, Azərbaycanın cəbhəyə köməyidir. O vaxt Bakı ölkə neftinin 70 faizini verirdi. Bunu 2002-ci ildə Moskvada keçirilən nüfuzlu konfransda etdiyim çıxışdan sonra orada işirak edən görkəmli sərkərdələr, alimlər, tarixçilər də təsdiq etdilər. Bu artıq danılmaz faktdır. Bakı şəhəri nə üçün vaxtında layiq olduğu “Qəhrəman şəhər” adını almayıb sualı da cavabsız qalmaqdadır. Əlbəttə, öz tarixçilərimizin, jurnalistlərimizin laqeydliyini, tənbəlliyini də etiraf etməliyik. Bunların hamısını mən illər boyu ürək ağrısı ilə hiss etmişəm” - deyə M.Bağırov qeyd edir.
Bu müharibədə 700 min soydaşımızın iştirak etdiyini, onlardan 350 min nəfərinin Vətənə qayıtmadığını deyən M.Bağırovun sözlərinə görə, 1941-1945-ci illər müharibəsi bu savaşda qalib gələn hər bir millət kimi, azərbaycanlıların da şanlı hərb tarixidir.
“Mən iştirak etdiyim müxtəlif səviyyəli görüşlərdə bir çox partiya, dövlət xadiminin, xarici ölkə rəhbərinin, tarixçinin, görkəmli sərkərdələrin müharibə illərində Bakının, Azərbaycanın cəbhəyə misilsiz köməyi haqqında dediyi sözləri, fikirləri xalqa çatdırmaq üçün xeyli sənəd-sübut toplamışam. Bunlar hamısı millətimizin şan-şöhrətidir” - deyir Musa müəllim.
Azərbaycan müstəqillik əldə etdikdən sonra M.Bağırov Bakıya “Qəhrəman şəhər” adı verilməsi ilə bağlı müraciətlərini yenidən canlandıraraq Rusiyanın, eləcə də MDB-yə daxil olan ölkələrin aidiyyəti şəxslərinə müracət etməyə başlayır. Faşizm üzərində qələbənin 65 illiyində M.Bağırov müraciətlərini daha da intensivləşdirib. Prosesə Azərbaycan Yazıçılar Birliyini, Azərbaycan Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranlar Şurasını da qoşan M.Bağırov həm öz, həm də sözügedən təşkilatlar adından 2010-cu ildə MDB-nin İcraiyyə Komitəsinin sədri - MDB-nin İcra katibi S.N.Lebedevə, MDB Dövlət Başçıları Şurasına, eləcə də Rusiyanın ayrı-ayrı aidiyyəti qurumlarına müraciətlər edib və sənədlərlə isbatlayıb ki, Bakıya “Qəhrəman şəhər” statusu verilməsi vacibdir və buna kifayət qədər əsas, sübut var.
2009, 2010-cu illərdə müxtəlif qurumlara müraciət edən M.Bağırov həmin müraciətlərin surətlərini redaksiyamıza da təqdim edib. 2010-cu ildə hazırlanan müraciətlərdən birində qeyd edilir ki, 1941-1945-ci illər Böyük Vətən Müharibəsində qələbənin 65 illiyinin bayram edilməsi ilə əlaqədar olaraq və qələbənin qazanılmasında Bakının və Azərbaycan neftçilərinin misilsiz xidmətlərini nəzərə alaraq, Respublika Veteranlar Şurası və Rus icması özlərinin 61-36/10 nömrəli, 26 fevral 2010-cu il tarixli məktubları ilə MDB ölkələri İcraiyyə Komitəsi qarşısında Bakıya “Qəhrəman şəhər” adı verilməsi barədə məsələ qaldırıb. “Məsələnin həllinin təşkil edilməsi ilə əlaqədar olaraq tarixçi-jurnalist, Respublika Veteranlar Şurasının Rəyasət Heyətinin üzvü, professor Musa Ağabəy oğlu Bağırov Moskva və Minsk şəhərlərinə ezam edilir” - deyə Azərbaycan Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranlar Şurasının müraciətində qeyd edilir.
M.Bağırovun əsas müraciətləri MDB Dövlət Başçıları Şurasına, MDB ölkələri İcraiyyə Komitəsinə olub.
Faşizim üzərində qələbənin 75 illiyinin qeyd edilməsinə baxmayaraq, uzun illərdir M.Bağırovun müraciətləri reallaşmayıb. Amma M.Bağırov ümid edir ki, ömrü vəfa edənə qədər Bakıya “Qəhrəman şəhər” adı verilməsinə nail olmaq üçün müraciətlərini davam etdirəcək. İndiyə kimi bu istiqamətdə çox iş gördüyünü deyən 88 yaşlı M.Bağırov hesab edir ki, bütün Azərbaycan cəmiyyəti, KİV-i, ictimai və rəsmi qurumlar MDB-nin əlaqədar qurumlarına müraciətlərini davam etdirməli və Bakıya “Qəhrəman şəhər” adı verilməsinin təmin edilməsinə çalışmalıdır. “Mən əlimdən gələni etmişəm, iştirak etdiyim bütün tədbirlərdə, görüşlərdə, etdiyim müraciətlərdə bu mühüm məsələni hər zaman səsləndirmişəm. Sizdən istəyim odur ki, bir daha bu məsələni aktuallaşdırasınız. Faşizm üzərində qələbənin 75 illiyi münasibətilə Bakıya “Qəhrəman şəhər” adı verilməsi MDB Dövlət Başçıları Şurasında, MDB İcraiyyə Komitəsində öz həllini tapmalıdır. Bakının haqqı özünə qaytarılmalıdır” - deyə 88 yaşlı M.Bağırov bizimlə söhbətində bildirdi.
Ümid edirik ki, M.Bağırovun yenidən ictimailəşdirdiyi və Azərbaycan xalqının istəyini, iradəsini əks etdirən bu məsələ öz həllini tapacaq, faşizm üzərində qələbənin 75 illiyi münasibətilə Bakıya “Qəhrəman şəhər” adı veriləcək. Faşizm üzərində qələbənin ildönümləri rəsmi olaraq bütün MDB-də, eləcə də Sovet ordusunun qəhrəmanlığı nəticəsində faşizmdən xilas olan ölkələrdə qeyd edilirsə, Bakıya “Qəhrəman şəhər” adı verilməsi məsələsi də nəhayət ki, öz həllini tapmalıdır.
İradə SARIYEVA