Ermənistan bütün beynəlxalq qanunvericiliyin və aktların tələblərini pozaraq Ramil Səfərova qarşı əsassız iddialarından əl çəkmək istəmir. İndiyə qədər Ermənistanın Ramil Səfərova qarşı qaldırdığı iddiaların heç biri qəbul edilməyib.
Bir müddət əvvəl Ermənistan azərbaycanlı zabit Ramil Səfərova qarşı iddia ilə Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) müraciət etdi. Lakin, bildiyimiz kimi, Avropa İnsan Haqları Məhkəməsi Ermənistanın Ramil Səfərova qarşı iddiasını rədd edib.
Mətbuatın verdiyi məlumata görə, iki ərizəçinin - Budapeştdə öldürülən erməni zabiti Qurgen Markaryanın babası Samvel Minosyanın və Hayk Mukuçyanın Azərbaycan və Macarıstana qarşı iddiası təmin edilməyib. Məhkəmə Qurgen Markaryanın qətlini Ramilin şəxsi hərəkəti kimi qiymətləndirərək hadisənin Azərbaycan dövləti ilə əlaqəli olması barədə iddiaları rədd edib.
Digər məhkəmə qərarında Ramil Səfərovun Azərbaycana ekstradisiyasında heç bir prosessual pozuntu aşkar edilmədiyi və Macarıstana qarşı iddiaların da rədd edildiyi göstərilib.
Milli Məclisin deputatı, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Asim Mollazadə “Trend”ə açıqlamasında bildirib ki, AİHM Ermənistanın Ramil Səfərovla bağlı Azərbaycan və Macarıstana qarşı qaldırdığı iddiaları təmin etməyib: "AŞ PA-nın Siyasi komitəsinin iclası da keçirildi, bu məsələ, eləcə də ötən ay Tovuzda baş verən erməni təxribatı və digər məsələlər orada da müzakirə olundu. Biz iclasda erməni yalanlarını növbəti dəfə ifşa etdik".
“...öz imicini xilas etmək üçün artıq obyektiv mövqe tutmağa çalışır”
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağınının fikrincə, R.Səfərovla bağlı Ermənistanın növbəti iddiasının Avropa İnsan Haqları Məhkəməsi tərəfindən rədd edilməsi müsbət hadisədir, yaxşı haldır. “Avropa İnsan Haqları Məhkəməsi Azərbaycana qarşı o qədər haqsız mövqe tutub, o qədər haqsız qərarlar qəbul edib ki, Ramil Səfərovla bağlı qərarı eşidəndə, az-çox, bu məhkəmənin ədalətinə inanmağa başlayırıq. Bunun da bir tərəfi onunla bağlıdır ki, ermənilər geriyə çəkilmək istəmirlər, Azərbaycana qarşı ən müxtəlif formalardan istifadə edirlər. Bunun bir səbəbi də Ramil Səfərovla bağlıdır. Ermənilərin Baş naziri də, digər rəsmiləri də harada imkan düşürsə, Ramil Səfərovdan danışıb deyirlər ki, o, belə hərəkət edib. Bu məsələdən ermənilər Azərbaycana qarşı istifadə etmək istəyirlər. Ermənilər dəfələrlə Avropa İnsan Haqları Məhkəməsinə müraciətlər ediblər, lakin onların iddiasının heç bir nəticəsi olmayıb, sonuncu iddiaları da nəticəsiz qaldı. Ermənilər davamlı olaraq həyasızlıqla iddialarının təmin edilməsinə çalışırlar. Bu da erməni xislətidir. Ermənilər indiyə qədər saysız qanunazidd hərəkətə yol veriblər. Haqlı tərəf bizik və biz onların hərəkətləri ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlara, məhkəmələrə müraciət etməliyik. Görürsünüz, Ermənistanın Baş nazirinin arvadı Qarabağa gedib, orada hərbi paltar geyib, əlində silah şəkil çəkdirir. Bu, açıq-aşkar, hərbi, velitarist bir təbliğatdır. Özü də qadınlar tərəfindən. Biz Akopyanı Avropa İnsan Haqları Məhkəməsinə də verə bilərik, beynəlxalq təşkilatların da gündəliyinə çıxarmalıyıq ki, bunlar nə deyir, qadınlar sülh tərəfdarı olmalıdırlar. Bu məsələni beynəlxalq aləmdə qaldırmalıyıq”.
A.Nağı hesab edir ki, Avropa İnsan Haqları Məhkəməsinin ermənilərin iddiasını rədd etməsi onların artıq erməni xislətinə dərindən bələd olması ilə bağlıdır: “Ermənilərin Ramil Səfərovla bağlı əsassız iddiasının AİHM tərəfindən rədd edilməsi onunla əlaqədardır ki, artıq onlar ermənilərin uydurmalarına, yalanlarına inanmırlar. Buna görə də hardasa obyektiv mövqe tutmağa çalışırlar. Bu qərar, ən azından, AİHM-in özünü obyektiv göstərmək niyyətindən irəli gəlir.
Çünki AİHM görür ki, ədalətsiz qərarları ilə Azərbaycanda da, beynəlxalq aləmdə də gözdən düşür, ona görə də öz imicini xilas etmək üçün artıq obyektiv mövqe tutmağa çalışır. Digər xətti də qeyd etməliyik ki, Azərbaycan tərəfi bu istiqamətdə daha ciddi işləyir. Əvvəlki illərdən fərqli olaraq, Azərbaycan Ermənistanın hər hansı bir müraciətini, təxribatını başlı-başına buraxmır, onun üzərinə gedir, əks arqumentlər gətirir, beynəlxalq qurumları öz mövqeyi ilə hesablaşmağa məcbur edir. Yəni bu həm də Azərbaycan diplomatiyasının, bu işlə məşğul olan rəsmi qurumların öz işinə daha ciddi, daha ətraflı şəkildə yanaşması ilə bağlıdır. Görürsünüz, bu cür ciddi səylər göstəriləndə mütləq nəticə olur” - deyə A.Nağı vurğuladı.
İradə SARIYEVA