Məlum olduğu kimi, xaricə mühacir adı ilə sığınıb blogerlik fəaliyyətilə məşğul olan və əsasən də söyüş üzərindən fəaliyyət göstərən bəzi şəxslərə cinayət işi açılıb, onların barəsində “İnterpol” xətti ilə axtarış elan olunub.
Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, Azərbaycan Respublikasının vətəndaşı, 1980-ci il təvəllüdlü İsayev Elvin İltixam oğlu Ukrayna miqrasiya qanunvericiliyinin tələblərini pozduğuna görə 12 dekabr 2019-cu il tarixdə Azərbaycana deportasiya olunub və Baş Prokurorluğun İstintaq idarəsində istintaq edilən cinayət işi üzrə barəsində Nəsimi Rayon Məhkəməsinin 22 avqust 2019-cu il tarixli qərarı əsasında seçilmiş həbs qətimkan tədbirinin icrası ilə əlaqədar 2019-cu il dekabrın 14-də Penitensiar xidmətin 1 saylı istintaq təcridxanasına yerləşdirilib:
Bildirilib ki, Azərbaycan Respublikası ərazisində kütləvi iğtişaşlara və dövlət əleyhinə yönələn açıq çağırışlar etməsi faktları üzrə 15 avqust 2019-cu il tarixdə Azərbaycan Respublikasının Baş Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs Elvin İsayevin müdafiə hüququ cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq qaydada tam təmin edilib.
İstintaqla müəyyən edilib ki, Elvin İsayev 2018-ci ilin əvvəllərində Azərbaycan Respublikasının vətəndaşları olmaqla hazırda Avropanın müxtəlif ölkələrində müvəqqəti məskunlaşmış Orduxan Bəbirov, Qurban Məmmədov, Orxan Ağayev, Rəfael Piriyev, Əli Həsənəliyev, Tural Sadıqlı, Süleyman Süleymanlı və şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Azərbaycan Respublikasını tərk etdikdən sonra, müvəqqəti məskunlaşdığı Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində özünə məxsus hesablar vasitəsilə “youtube” və “facebook” sosial şəbəkələrində Azərbaycan dilində yerləşdirdiyi video müraciətlərində, yayımladığı video görüntülərdə və paylaşımlarda hakimiyyətin zorla ələ keçirilməsi və zorla saxlanılmasına, habelə ölkəmizin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ərazi bütövlüyünün parçalanmasına yönələn ifadələr işlətməklə Azərbaycan Respublikası vətəndaşlarına müraciət edərək hakimiyyət nümayəndələrinin qanuni tələblərinə fəal itaətsizlik və müqavimət göstərilməklə kütləvi iğtişaşlar və zorakılıqlar etməyə açıq çağırışlar edib.
Qeyd olunanlara əsasən, Elvin İsayev Cinayət Məcəlləsinin 12.1, 34.2, 220.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) və 12.1, 34.2, 281.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar dövlət əleyhinə yönələn açıq çağırışlar etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılmaqla baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Eyni zamanda, Elvin İsayevin qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əməllərində iştirak etmiş Orduxan Bəbirov, Qurban Məmmədov, Orxan Ağayev, Rəfael Piriyev, Əli Həsənəliyev, Tural Sadıqlı və Süleyman Süleymanlı barəsində Cinayət Məcəlləsinin 12.1, 34.2, 220.2 və 12.1, 34.2, 281.2-ci maddələri ilə ayrıca icraata ayrılmış cinayət işi üzrə həmin şəxslər təqsirləndirilən şəxs qismində cəlb edilib, Baş Prokurorluğun təqdimatı əsasında Nəsimi Rayon Məhkəməsinin müvafiq qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib.
İstintaq idarəsi tərəfindən qeyd edilən şəxslər barəsində beynəlxalq axtarışın elan edilməsinə dair müvafiq qərarlar qəbul edilməklə, icra edilməsi üçün Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizliyi Xidmətinə, həmçinin “İnterpol”un Milli Mərkəzi Bürosuna göndərilib.
Prokurorluq orqanları tərəfindən qeyd edilən şəxslərin olduqları yerlər konkret olaraq müəyyən edilməklə qanunvericiliyin və müvafiq beynəlxalq Konvensiyaların tələblərinə uyğun olaraq Azərbaycan Respublikasına ekstradisiya edilmələri və məhkəmə məsuliyyətinə verilmələri üçün mümkün olan bütün tədbirlərin həyata keçirilməsi təmin ediləcək. Hazırda həmin cinayət işi üzrə intensiv istintaq tədbirləri davam etdirilir”.
Barələrində cinayət işləri açılan və İnterpol xəttilə axtarışa verilən “söyüş makinalarının” Azərbaycana ekstradisiya olunma ehtimalı necə qiymətləndirilə bilər?
Hüquqşunas, Azərbaycan Vəkillər Kollegiyasının üzvü Mehman Muradlı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, beynəlxalq səviyyədə törədilən cinayətlərin sayının artması hazırda cinayətkarlıqla mübarizə mexanizmlərinin təkmilləşdirilməsinə ehtiyac yaradıb: “Texnologiyanın sürətli inkişafı cinayət törətmiş şəxsin mühakimədən və cəzadan asanlıqla yayınmasına səbəb olur. Dövlət özünün quru, hava və su məkanında suveren hüquqlarından maksimum istifadə edərək bu yayınmaların qarşısını ala bilir. Lakin subyekt cinayəti törətdikdən sonra başqa ölkədə məskunlaşmış şəxsdirsə, suveren hüquqlar kifayət etməyəcək. Ekstradisiya mexanizmi məhz burada işləməyə başlayır. Onun tətbiqi cəzasızlıq sindromunun maksimum şəkildə qarşısının alınmasına yönəlir. Bu səbəbdən beynəlxalq cinayət hüququnda ekstradisiyanın müxtəlif aspektlərdən tədqiqi aktual haldır. Ekstradisiya, daha dəqiq desək, dövlətlərarası cinayətkarların geri qaytarılması törətdiyi cinayətlə ictimai təhlükəsizlik və ictimai qaydaya xələl gətirdiyi dövlətdən başqa bir dövlətin ərazisində olan və ya oraya qaçmış təqsirləndirilən şəxsin mühakimə olunmaq və ya cəzasının icra edilməsi məqsədilə səlahiyyətli dövlətə geri qaytarılması əməliyyatıdır. Ekstradisiyanın tətbiqi üçün ilk növbədə sorğu edən dövlətlə sorğu olunan dövlət arasında qüvvədə olan müqavilə olmalıdır. Ekstradisiya proseduru həmin müqaviləyə uyğun həyata keçirilir. “Ekstradisiya haqqında” Avropa Konvensiyasının 1-ci maddəsinə görə, Konvensiyanı ratifikasiya etmiş dövlətlər onda göstərilən qaydalara müvafiq şəkildə qarşılıqlı ekstradisiya etməklə bağlı öhdəlik daşıyırlar. Həmin maddənin şərhində onun 1951-ci il noyabr ayının 21-də Fransa ilə Almaniya Federativ Respublikası arasında bağlanmış ikitərəfli müqavilədən götürüldüyü göstərilir. Müqaviləyə görə, tərəflər bütün şərtlərə əməl etmə öhdəliyi götürürlər. Dövlətlər arasında heç bir müqavilə olmadan ekstradisiyanın həyata keçirilməsi istisna edilmir. Lakin belə olduqda sorğu edilən dövlət ekstradisiya tələbinə öz iradəsinə uyğun olaraq istənilən cavabı verə bilər. Sorğu edilən tərəf bütünlüklə və ya qismən onun ərazisində, yaxud onun ərazisi sayılan yerdə törədilmiş cinayətlə bağlı tələb olunan şəxsin ekstradisiyasından imtina edə bilər. Çünki ərazisi hüdudlarında cinayət törətmiş şəxsləri mühakimə etmək və cinayət məsuliyyətinə cəlb etmək hər bir dövlətin suveren hüququdur. İctimai təhlükəli əməl sorğu edilən tərəfin ərazisindən kənarda törədilərsə, ekstradisiyadan yalnız iki halda imtina edilə bilər: 1) Həmin tərəfin qanunu onun ərazisi hüdudlarından kənarda törədilmiş cinayətlərə görə cinayət təqibi nəzərdə tutmadıqda, 2) Göstərilən cinayətə görə ekstradisiyaya yol verilmədiyi halda. Göründüyü kimi, bütün hallar sözügedən blogerlərin Azərbaycana ekstradisyası üçün qanuni əsas yaradır”.
Qeyd edək ki, bundan əvvəl də bir sıra şəxslərin analoji cinayət əməlləri törətdikərinə görə ölkəmizə ekstradisiyası təmin edilib.
Məhəmmədəli QƏRİBLİ