Bu gün Çinin dünya miqyasında həm iqtisadi, həm də siyasi baxımdan önəmli güc mərkəzinə çevrilməsi özünü qabarıq şəkildə büruzə verir. Qeyd edilən fonda dünya dövlətləri, o cümlədən Azərbaycan üçün də Çinlə əməkdaşlığın inkişaf etdirilməsi xüsusi diqqət mərkəzində yer alır. Elə Çin də Azərbaycanla əməkdaşlığa indi böyük önəm verir. Ən azı o baxımdan ki, Çinin hələ 2013-cü ildə Avrasiya ölkələri arasında infrastrukturun yaradılması və qarşılıqlı əlaqələrin qurulmasına yönələn “Bir kəmər, bir yol” adlı yeni iqtisadi inkişaf strategiyasının uğurla nəticələnməsi əhəmiyyətli dərəcədə Azərbaycandan asılıdır.
Belə vəziyyətdə maraq doğuran məsələlərdən biri də Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə münasibətlərinin daha da dərinləşməsi və Çinin prosesdə ölkəmiz üçün fəal lobbiçilik siyasətidir. Bu arada qeyd edək ki, artıq Moskvada Şanxay Əməkdaşlıq Təşkilatının xarici işlər nazirlərinin sammiti başlayıb. Burada Azərbaycanın ŞƏT-də dialoq üzrə tərəfdaş statusunun müşahidəçi statusuna qədər yüksəlməsinə dair müzakirələr aparılması da istisna olunmur. Qeyd edək ki, prosesdə, Çinlə yanaşı, Rusiya da maraqlıdır. Elə ötən ay Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycandan olan həmkarı Ceyhun Bayramovla baş tutan danışıqlardan sonra keçirilən mətbuat konfransında bu barədə konkret fikirlər səsləndirib. Lavrov azərbaycanlı həmkarı ilə çoxşaxəli strukturlarda, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatında koordinasiyanın gücləndirilməsini müzakirə etdiyini bildirib. Rusiyalı nazir qeyd edib ki, rəsmi Bakı bu təşkilatda dialoq tərəfdaşı statusuna malikdir və onu müşahidəçi səviyyəsinə qaldırmaqda maraqlıdır: “Biz belə bir müraciəti dəstəkləyəcəyik”. Burada xatırladaq ki, ŞƏT-in yaradılması haqqında bəyannamə 2001-ci ilin iyun ayında Şanxayda altı dövlət - Qazaxıstan, Qırğızıstan, Çin, Rusiya, Tacikistan və Özbəkistan tərəfindən imzalanıb. 2017-ci ildə Hindistan və Pakistan ŞƏT-in tamhüquqlu üzvü olub. Təşkilatın işində dörd müşahidəçi ölkə (Əfqanıstan, Belarus, İran və Monqolustan) və altı dialoq tərəfdaşı (Azərbaycan, Ermənistan, Kamboca, Nepal, Türkiyə və Şri-Lanka) iştirak edir. Onu da xatırladaq ki, Azərbaycan 2016-cı ildə dialoq üzrə tərəfdaş kimi təşkilata qoşulma prosesini başa çatdırıb. Indi isə Bakı ŞƏT-dəki statusunun daha da yüksəlməsini istəyir. Qırğızıstanlı politoloq, regional təhlükəsizlik məsələləri üzrə ekspert Mars Sarıyev Bakının qurumda statusunun yüksəlməsini önəmli hal sayır: “Məlum olduğu kimi, bu təşkilata Hindistan və Çin də daxildir. Bu iki ölkə arasında münasibət olduqca gərgindir. Hazırda Şanxay Əməkdaşlıq Təşkilatı qeyd etdiyim iki ölkə arasında münasibətlərin qurulması üçün yaxşı bir dialoq platformasına çevrilib. Müşahidəçi statusu Azərbaycan üçün İrəvanla Bakı arasındakı gərginliyin aradan qaldırılması baxımında da yaxşı məqamdır. ŞƏT Qarabağ problemini müzakirə etmək üçün platformaya çevrilə bilər. Misal olaraq Hindistan və Çin nümunəsini götürək. Bu ölkələrin müdafiə nazirləri ŞƏT platforması çərçivəsində görüşdülər. Beləliklə, ŞƏT formatı çox uyğundur.
Qarabağ münaqişəsinə gəlincə, iyul ayında Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələrə toxunmaq istəyirəm. Bu hadisələrdə geniş məqsədlər güdülürdü. Erməni tərəfi çoxgedişli oyunda istifadə olunurdu, vəziyyəti kəskinləşdirmək üçün irəli çəkilirdi. Fikir verin, bütün hadisələr enerji magistrallarının, nəqliyyat arteriyalarının yaxınlığında cərəyan edirdi. Ermənistan rəhbərliyi Nikol Paşinyanın simasında Avrasiya İqtisadi Birliyinin (Aİİ) və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) axını ilə irəliləmir. İrəvan bu təşkilatların üzvü olmaqla onların birliyini sarsıdır. Bu, uzunmüddətli bir strategiyadır, lakin Ermənistan bir geosiyasi oyunun obyektinə çevrildiyi üçün artıq məğlub olub. Çin, Ermənistan-Azərbaycan münaqişəsi də daxil olmaqla, münaqişələrin inkişafa mane olduğunu, Çinin “Bir kəmər, bir yol” layihəsini zədələdiyini, Türkiyəyə, oradan isə Avropaya daxil olmağın qarşısını aldığını başa düşür”. Digər ekspertlər də bildirir ki, Azərbaycan ŞƏT-də status qovğasında Ermənistanı ötməyə başlayıb. Bununla ŞƏT-də müşahidəçi statusu Bakıya fəaliyyətdə olan qarşılıqlı təsir mexanizmləri vasitəsilə təşkilatın çoxplanlı və çöxyönlü fəaliyyətinə fəal şəkildə qoşulmaq, işə salınmış energetika, nəqliyyat və başqa layihələrin əlaqələndirdiyi avropalı tərəfdaşları itirmədən Avrasiya iqtisadi sxemlərinə uyğun formatda inteqrasiya olunmaq imkanı verəcək. Üstəlik, ŞƏT-ə qoşulmaq Azərbaycanın özü üçün qeyri-neft sektorunun inkişafı, fərqli bazarlara çıxış və valyuta daxilolmasının artırılması baxımından çox vacibdir. Başqa bir məsələ odur ki, ŞƏT Qarabağ məsələsinə Azərbaycanın burada statusunun yüksəlməsi ilə daha çox diqqət ayıracaq. Qeyd olunduğu kimi, Çin ŞƏT-də Azərbaycanın maraqlarına fəal lobbiçilik edir. Pakistan da bu və digər qurumlarda Azərbaycanın yanındadır. Orta Asiya ölkələri də eyni mövqedədir. Deməli, Azərbaycan bu qurumda da Ermənistana sərt zərbələr endirmək baxımından əla imkanlar qazanır.
Ramil QULİYEV