Son illərin sosial-iqtisadi mənzərəsinin təhlili Ermənistanda tənəzzülün artıq davamlı xarakter aldığını göstərir. Paşinyan iqtidarının yarıtmaz siyasəti pandemiya fonunda Ermənistanda iqtisadi böhranın daha da dərinləşməsinə gətirib çıxarır. Bu isə xalqın hakimiyyətdən narazılığını günbəgün artırır. Ermənistan regionda koronavirusla bağlı ən dramatik vəziyyətin hökm sürdüyü ölkədir.
Bununla yanaşı, erməni mediası yazır ki, ölkədə iqtisadi vəziyyəti ağırlaşdıran amillərdən biri də xaricdən ölkəyə pul köçürmələrinin azalmaqda davam etməsidir: “2019-cu ildə xaricdən pul köçürmələri Ermənistan iqtisadiyyatının toplam ÜDM-nin 11,4 faizini təşkil edib. Bu il isə pul köçürmələri azalmaqda davam edir. Xüsusən də Rusiyadan pul köçürmələrinin azalmaqda davam etməsi sosial vəziyyəti daha da pisləşdirir. Cari ilin may, iyun, iyul və avqust aylarında Rusiyadan Ermənistana olan pul transferləri ötən ilin eyni dövrü ilə müqayisədə analoji olaraq 1,2, 6,4, 3,9 və 7,2 faiz azalıb. Deməli, Ermənistan iqtisadiyyatını ağır aylar gözləyir. Pul transferləri kəsilsə, ermənilər üçün yaşamaq daha ağır olacaq”.
Görünən odur ki, xaricdən pul köçürmələrinin azalması da ölkədə sosial-iqtisadi vəziyyəti daha da pisləşdirir. Ümumilikdə, proseslər belə davam edərsə, Ermənistanı nə gözləyir?
“Bu, ölkədə iqtisadi və sosial böhranın dərinləşməsinə təkan verir”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə bununla bağlı bir sıra məqamlara toxundu: “Ermənistanda iqtisadi vəziyyətin ağırlaşması pandemiya dövründə də daha kəskinləşib. Yerli istehsal və real iqtisadiyyatın olmaması, ölkənin xaricdən göndərilən puldan asılı olması və hazırkı mərhələdə Rusiyadan, digər ölkələrdən pul köçürmələrinin kəskin zəifləməsi əhalinin sosial durumunu ağırlaşdırır. Bu da ölkədə iqtisadi və sosial böhranın dərinləşməsinə təkan verir. Nikol Paşinyan hökumətinin stabil iqtisadi proqramının olmaması və siyasi cəhətdən rəqiblərinə qarşı mübarizə aparması ona yaxşı perspektiv vəd etmir. Məsələ ondadır ki, ölkədə vəd edilən iqtisadi islahatları aparmaması ona qarşı kəskin etirazların başlanmasına gətirib çıxara bilər. Əhalinin Paşinyanın verdiyi vədlərə inanmadığının, inqilabın ölkədə siyasi münasibətlər sisteminə düşmənçilik gətirdiyinin fərqindədirlər. Hesab edirəm ki, iqtisadi vəziyyətin ağırlaşması bu ölkədə yeni etirazların başlanmasına gətirib çıxaracaq.
Artıq sabiq prezident Robert Köçəryan da hakimiyyətin pandemiya dövründə iqtisadi proqramının olmadığını və ölkədə iqtisadi defoltun baş verəcəyini xüsusi qeyd edir. Artıq Ermənistanda həqiqətən də iqtisadi böhran özü ilə siyasi böhran gətirir”.
Politoloq belə qənaətə gəldi ki, ölkədə proseslər daha da mürəkkəbləşəcək.
Vidadi ORDAHALLI