Məlum olduğu kimi, Prezident İlham Əliyev İran İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvinin etimadnaməsini qəbul edib. Görüş zamanı ölkə başçısı bir sıra məsələlərə toxunub.
Prezident qeyd edib ki, bizim tarixi-dini abidələrimiz Ermənistan tərəfindən dağıdılıb: “Dini abidələrimiz təhqir edilib. İşğal edilmiş ərazilərdə məscidlərimiz ermənilər tərəfindən dağıdılıb və bəzi məscidlərdə hətta onlar heyvan saxlayırlar. Bu çirkin əməlləri əks etdirən bir çox video və fotosənədlər, sübutlar vardır. Onları internetdə tapmaq olar. Bu, təkcə bizə qarşı yox, bütün müsəlman dünyasına qarşı edilən cinayətdir”.
Erməni mediası isə ölkə başçısının səfirlə görüşünü təhrif edərək belə saxta rəy yaradır ki, guya İran səfir vasitəsilə Əliyevi xəbərdar edib. İranın Azərbaycandakı səfirliyinin İran ərazisindən Rusiyaya məxsus silah və hərbi texnikanın Ermənistana daşınması haqqında yayılan xəbəri qabardıblar: “Bəzi KİV-də İran İslam Respublikasının Norduz sərhəd-keçid məntəqəsindən Rusiyaya məxsus silah və hərbi texnikanın Ermənistana daşınması haqqında yayılan xəbərləri nəzərə alaraq, bildirmək istərdik ki, bu xəbərlər yalan və əsassızdır. Bu xəbərlər iki ölkə arasındakı inkişafda olan dostluq və əməkdaşlıq münasibətlərini ləkələmək məqsədilə hazırlanıb və qətiyyən doğru deyil”.
Bu açıqlamanı İran tərəfinin xəbərdarlığı kimi təqdim ediblər. Hansı ki, Norduz sərhəd-keçid məntəqəsi ilə həqiqətən Ermənistana silah daşınmayıb. Rusiyadan Ermənistana silah hava yolu ilə daşınıb və bu prosesdə İranın hava məkanından istifadə edilib. Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığında bunu açıq şəkildə bəyan etdi. Bənzər fikirləri Yunanıstanın yeni səfirinə də dedi. Erməni mediası onu da qeyd edib ki, guya Tehran bununla Əliyevin şikayətlərinin güclü rezonans doğura biləcəyinə və Bakı ilə Tehran arasındakı münasibətlərə xələl gətirə biləcəyinə eyham vurur.
Göründüyü kimi, Prezident İlham Əliyevin İran səfiri ilə məzmunlu görüşünə Ermənistan tərəfi uğursuz saxta cavab reaksiyası verməyə çalışıb, amma alınmayıb.
“İnformasiya məkanında erməni yalanlarının ifşası istiqamətində səylər artırılmalıdır”
Məsələyə münasibət bildirən tarix üzrə elmlər doktoru, professor Məhərrəm Zülfüqarlının sözlərinə görə, bu, düşmən tərəfin növbəti təxribat xarakterli addımıdır: “Erməni mediası birinci dəfə deyil ki, bu cür saxta məzmunlu informasiyalar yayır. Zaman-zaman belə yalan və iftira xarakterli məlumatlar yayırlar. Məsələ ondadır ki, Norduz sərhəd-keçid məntəqəsindən Rusiyaya məxsus silah və hərbi texnikanın Ermənistana daşınması haqqında Azərbaycan tərəfi heç bir rəsmi məlumat yaymayıb. Bu barədə bir sıra media orqanlarında məlumat gedib. Media orqanlarında bu barədə gedən xəbərlər rəsmi məlumat deyil. Belə olan halda, hansı xəbərdarlıqdan söhbət gedə bilər? Təbii ki, bu, Ermənistan tərəfinin növbəti uydurma xarakterli dezinformasiyasıdır. Azərbaycan rəsmən bəyan edib ki, silah İranın hava məkanından istifadə edilməklə Ermənistana daşınıb. Bunu da İran təkzib etmir. İranla yanaşı, Qazaxıstan və Türkmənistanın da hava məkanından istifadə edilib. Bax, budur əsl məsələ. Hesab edirəm ki, biz Ermənistanın bu kimi yalan məlumatlarını dərhal ifşa edib, adekvat addımlar atmalıyıq”.
Professorun fikrincə, informasiya məkanında erməni yalanlarının ifşası istiqamətində səylər artırılmalıdır.
Vidadi ORDAHALLI