Ermənistan Azərbaycana yönəlik ən alçaq vasitələrə əl atır və görünən odur ki, qarşı tərəf bundan əl çəkmək fikrində deyil. Məlum olduğu kimi, bu günlərdə Gürcüstan sərhədində Türkiyə vətəndaşı Mətin Ərdəmin idarə etdiyi TIR-ın qoşqusunda şəhid Ömər Halisdəmir və Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun fotosuna görə müəyyən problem yaranıb.
Belə ki, Naxçıvandan duz daşıyan M.Ərdəm Gürcüstan sərhədində polis tərəfindən saxlanıb. Gürcüstan polisi sürücüdən TIR-ın qoşqusundakı Mübariz İbrahimovun fotosunu çıxarmağı tələb edib. Sürücü bununla bağlı sertifikatının olduğunu bildirib və qarşı çıxıb. Danışıqlardan sonra gürcü polisi M.Ərdəmin keçməsinə icazə verib və məsələ öz həllini tapıb.
Ancaq erməni mediası buna siyasi don geydirərək, Gürcüstan-Azərbaycan münasibətlərini korlamaq üçün təxribat xarakterli yazılar dərc edir. İddia edirlər ki, guya gürcü sərhədçiləri bu təxribatın qarşısını aldıqlarına görə Azərbaycandan Gürcüstana yönəlik hibrid hücumlar artıb: “Bakı və Ankara açıq şəkildə bunu etməyə çalışır, Gürcüstana müxtəlif növ hibrid hücumlarını artırırlar”.
Göründüyü kimi, erməni mediası Azərbaycan-Gürcüstan münasibətlərini korlamaq üçün ən alçaq vasitələrə əl atır. Hansı ki, Gürcüstan Rusiyadan Ermənistana silah daşınmasına icazə vermədi. Rusiya sözügedən silahları Orta Asiya ölkələrinin və İranın hava məkanından istifadə etməklə Ermənistana daşıdı. İndi gör, ermənilər Gürcüstan-Azərbaycan münasibətlərini pozmaq üçün necə təxribatlara əl atırlar.
“...ağlagəlməz təxribatlara belə əl atırlar”
Məsələyə münasibət bildirən keçmiş diplomat, politoloq Fikrət Sadıqovun sözlərinə görə, erməni tərəfi Azərbaycan-Gürcüstan münasibətlərini korlamaqdan ötrü ən alçaq vasitələrə əl atsa da, öz çirkin niyyətlərinə nail ola bilməyəcək: “Onlar ən çirkin vasitələrə əl atırlar ki, iki ölkə münasibətlərində soyuqluq yaransın. Bu, ermənilərin xəbis niyyətindən irəli gələn bir xüsusiyyətdir. Sözügedən şəkillə bağlı bir balaca insident oldu və o şəkli çıxarmaq istədilər. Sonra məsələ öz həllini tapdı. Məlum anlaşılmazlıq Gürcüstan-Azərbaycan münasibətlərinə heç bir zərbə vurmadı. Çünki belə xırda məsələləri özümüz sivil qaydada həll edirik. Ancaq görünən odur ki, Ermənistan bunu tamamilə başqa istiqamətdə yozaraq, istəyir iki ölkə münasibətlərini pozsun. Çünki Gürcüstanla Azərbaycan arasında mövcud olan partnyorluq münasibətləri Ermənistanı hər zaman narahat edib. Bu səbəbdən ağlagəlməz təxribatlara belə əl atırlar. Xırda bir anlaşılmazlıqdan böyük bir insident yaratmaq istəyirlər. Onlar görürlər ki, Ermənistan təcrid vəziyyətindədir. Bunun səbəbini Ermənistanın apardığı işğalçılıq siyasətində axtarmaq əvəzinə, bu kimi təxribatlara əl atırlar. Bununla, faktiki olaraq, özlərini ifşa edirlər”.
Politoloqun fikrincə, Ermənistan bu kimi çirkin metodlara əl atmaqla Gürcüstan-Azərbaycan münasibətlərini poza bilməz.
Vidadi ORDAHALLI