ABŞ NATO ölkəsi Litvaya yüzlərlə əsgər göndərməyə başlayıb. Əsgərlər seçkilərdən sonra gərginliyin artdığı Belarus sərhədi yaxınlığında keçiriləcək təlimlərdə iştirak edəcək. Fransanın AFP agentliyi iki gün əvvəl Abrams tanklarının Polşa sərhədini keçərək Litvaya daxil olduğunu yazıb. Litva Müdafiə Nazirliyindən verilən məlumata görə, ABŞ qüvvələri noyabr ayına qədər ölkədə qalacaq. Təlimin “əvvəlcədən planlaşdırıldığı və bölgədəki son hadisələrlə əlaqəli olmadığı" bildirilir.
Bu arada, Belarusda ehtiyatda olan hərbçilərin yenidən hərbi xidmətə çağırılmasına başlanıb. Müdafiə Nazirliyi bildirir ki, iki artilleriya bazası və tank qoşunlarının bir bazası yüksək hazırlıq vəziyyətinə gətirilib. Ehtiyatda olan hərbçilər komanda-qərargah təlimlərinə cəlb olunacaq. Bu təlimlərin nə qədər çəkəcəyi açıqlanmır.
Təlimlər Belarus Silahlı Qüvvələrinin hərbi hazırlığının yoxlanması çərçivəsində baş tutacaq.
Litvanın 1994-cü ildən bəri ölkəni idarə edən Aleksandr Lukaşenkonun 9 avqust seçkilərində qalib gəldiyi Belarusda yaşanan böhranda rolunun olduğu bildirilir. Məşhur müxalifət namizədi, seçkilərdə hazırkı lider Lukaşenkonun rəqibi olan Svetlana Tixanovskaya da Litvaya sığınıb. Bundan əvvəl Lukaşenko NATO-nu Polşa və Litvadakı qüvvələrini Belarus sərhədinə yığmaqda günahlandırmışdı. Lukaşenko iddia edir ki, ölkədə baş verənlərin arxasında Qərb dayanır. Qeyd edək ki, Belarusda üç həftədən artıq müddətdir 9 avqust prezident seçkilərinin rəsmi nəticələrinə etiraz olaraq kütləvi aksiyalar keçirilir. Rəsmi nəticələrə görə, Lukaşenko seçkilərdə səslərin 80%-ni toplayıb.
Yaranmış vəziyyət Belarusu yeni geosiyasi toqquşma ocağına çevirə bilərmi?
Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, daha öncə də bizim qəzetə Belarusun uzun illər qlobal iqtisadi dairələrin, transmilli korporasiyaların, xarici sərmayənin can atdığı, lakin ən az girə bildiyi ölkə olması haqqında geniş münasibət bildirib: “Məhz bu faktora əsaslanaraq, Belarusda seçki sonrası baş verən hadisələrdə xarici oyunçuların rolu, kimin və niyə xaricdən dəstək verdiyi haqda danışmışıq. Aradan keçən bir ay ərzində gördük ki, təxminlərimiz doğrudur. Belarusun xanım müxalifət liderinin ehtimal olunan dairələrlə əlaqəsinin olduğuna şübhə yeri qalmır. Belarusda gedən prosesləri iki səviyyədə - bir regional və bir də qlobal aspektdən şərh etmək doğru olardı. Regional anlamda, yuxarıda haqqında danışıdığımız ölkədaxili iqtisadi maraqlar, qlobal aspektdə isə iqtisadi və təhlükəsizlik maraqları üzərindən hədəfə gəlir.
Qeyd edim ki, burada nə baş verməsindən asılı olmayaraq, artıq bir dövlət və cəmiyyət olaraq Belarus dəyişikliklərə uğrayıb. Bu etirazların nəticəsinin necə olmasından asılı olmayaraq, Belarus artıq yeni inkişaf modelinə keçid edir. Məsələ ondadır ki, Belarus Lukaşenko hakimiyyətinin sayəsində dünyadakı siyasi və iqtisadi böhranlardan ən az əziyyət çəkən, siyasi və sosial sabitliyi olan bir ölkədir.
Onu da qeyd edim ki, sabit bir həyat tərzi olan Belarus vətəndaşı üçün ölkənin yeni inkişaf modelinə keçidinin gətirdikləri - gərginlik, yolların bağlanması, səs-küy artıq Lukaşenkonun xeyrinə işləməyə başlayıb. Bu hadisələrin fonunda ABŞ-ın NATO ölkəsi kimi Litvaya yüzlərlə əsgər göndərməsi və ABŞ əsgərlərinin seçkisonrası gərginliyin artdığı Belarus sərhədi yaxınlığında təlimlər keçirməsi həmin ölkəyə müdaxilənin olub-olmayacağına dair sualı açıq saxlayır.
Burda bir haşiyə çıxım ki, ABŞ ordusunun Litvada keçirdiyi təlim Cənubi Qafqazda, Gürcüstanda keçirdiyi “Güclü Avropa” hərbi təliminin bir hissəsidir. ABŞ-ın təşəbbüsçüsü olduğu bu təlim hər nə qədər “Güclü Avropa” adını daşısa da, daha çox ABŞ-ın gücü və nüfüzunun nümayişi və öz maraqlarının müdafiəsi üçün təşkil olunub.
Bu məsələ yuxarıda haqqında danışdığımız Belarusda seçkidən sonra baş verənlərin qlobal aspektdən izahıdır. Məsələ ondadır ki, Avropa Birliyinin özü Rusiyaya tətbiq etdiyi sanksiyalardan ziyan və əziyyət çəkir. Belə ki, 2014-cü ildən sonra tətbiq olunan sanksiyalara cavab olaraq Rusiya öz ərazisi və ya özünün təsir dairəsindən keçən koridorlarda Avropa Birliyinin daşınmalarına sanksiyalar tətbiq edir və bu, son 5 ildə milyardlarla ziyan və yarım milyon insanın iş yerlərini itirməsi ilə nəticələnib. Koronovirus pandemiyası səbəbilə təbiq edilən qadağalar isə vəziyyəti daha da dramatikləşdirib.
Seçki sonrası hadisələrə görə AB-nin Lukaşenko və diğər Belarus rəsmilərinə tətbiq etməyə hazırlaşdığı sanksiyalar isə onların öz ziyanına olacaq. Bu, Lukaşenkonu Rusiya və Çinlə daha da yaxınlaşıdıracaq ki, bu da AB-nin birbaşa iqtisadi maraqlarına kəskin ziyandır.
Avropa Birliyi Lukaşenkoya qarşı iqtisadi və siyasi sanksiyalar axını yaratmaq, Belarusu Avropa siyasi səhnəsindən daha sıx təcrid etmək kimi bir bir istəyə sahib olsa da, bunu etməyin yenə də siyasi və iqtisadi risqlərini dəyərləndirməyə məcburdur. Baxmayaraq ki, Belarus müxalifəti daha çox Qərbpərəst imici qazanıb, amma ABŞ və digər beynəlxalq qurum və dövlətlərdən seçkiyə görə sanksiyalar çağırışı və digər addımların tələbi birbaşa Rusiyanın xeyrinədir. Odur ki, ABŞ Belarusla bağlı vəziyyətin hələ belə qeyri-müəyyən halında tərəflərin hər ikisi ilə separat danışıqlar aparır. Xüsusilə Lukaşenko ilə ikitərəfli münasibətlərdə yeni iqtisadi və siyasi güzəştlər əldə etmək üçün səy göstərir.
Məsələ ondadır ki, istər Suriya, istərsə də Ukrayna ssenariləri Qərb və ABŞ-a güc və sərt addımlar tətbiqinin deyil, danışıqlar yolunun seçilməsi dərsini öyrədib. Bu səbəbdən də ABŞ və ya Qərbin Belarusa birbaşa müdaxiləsi olmayacaq”.
Prosesin kifayət qədər yubanması və Lukaşenkonun göstərdiyi dirəniş bir da sübut etdi ki, bəzən kənar müdaxilə ölkənin daxilindəki istəkləri tam yerinə yetirməyə qadir olmur.
Məhəmmədəli QƏRİBLİ