Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyəti İstanbulda səfərdədir. Bildirilir ki, səfərin əsas məqsədi Azərbaycanla Türkiyə arasında birgə media platforması yaratmaq, xəbər, mütəxəssis və fikir mübadiləsi həyata keçirmək, o cümlədən hər iki ölkənin sosial media vasitəsilə dünyada daha yaxından tanıdılmasını genişləndirməkdir.
Səfər çərçivəsində Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun, bir sıra dövlət və media qurumlarının rəhbər şəxsləri ilə görüşlər keçirilir.
Azərbaycanın nümayəndə heyətinin tərkibinə Birinci vitse-prezidentin informasiya təminatı sektorunun rəhbəri Fərhad Əmirbəyov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AzərTAc) İdarə Heyətinin sədri Aslan Aslanov, Milli Televiziya və Radio Şurasının sədri İsmət Səttarov, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Əhməd İsmayılov, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov, İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) baş direktoru Balakişi Qasımov daxildir.
Nümayəndə heyətini Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim və ölkəmizin İstanbuldakı baş konsulu Nərminə Mustafayeva müşayiət edir.
Bəllidir ki, hazırkı məqamda Türkiyə ilə Azərbaycan arasında münasibətlər bütün sahələr üzrə daha da doğma xarakter alır. Məhz belə həssas periodda iki ölkənin media qurumları arasında dərinləşən əlaqələri necə qiymətləndirmək olar?
Media məsələləri üzrə ekspert Azər Həsrət “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, hörmətli Hikmət Hacıyevin bu səfəri və qardaş ölkədə keçirdiyi görüşlər, apardığı müzakirələr, xüsusilə də iki ölkə arasında media platformalarının əməkdaşlığı istiqamətində səsləndirilən fikirlər çox zəruridir: “Xüsusilə də indiki çətin dönəmdə buna çox ciddi ehtiyac var. Mən bir qədər tarixə ekskurs etmək istəyirəm. Azərbaycanla Türkiyə arasında bu cür cəhdlər ilk dəfə deyil ki, edilir. Həm Türkiyə, həm də ölkəmiz tərəfindən belə cəhdlər edilib. Bu, həm dövlət xətti, həm də qeyri dövlət qurumları vasitəsilə olunub. Həmin təmaslarda tələb olub ki, müxtəlif platformalarda mediamızın gücünü birləşdirək. Müəyyən qədər nəticələr də əldə olunub. Lakin dövlətlərin arxasında durduğu birləşmələr, bir qayda olaraq, bizim arzu etdiyimiz nəticəni verməyib. Bunun da səbəbi odur ki, belə platformaların işinin idarə olunması üçün uyğun adamlar seçilməyib. Bunu hansısa bir məmura tapşırırlar. Bəzən görürük ki, həmin məmurun nəinki Türk dünyası, heç Azərbaycanla bağlı yetərincə məlumatı olmadığı səbəbindən həmin platformalar uğursuz alınıb. Təəssüflər olsun ki, Azərbaycan tərəfindən də bu işlərin tapşırıldığı şəxslər uyğun olmayıb. Buna görə də ortada ciddi nəticələr olmayıb. İndiki halda, düşünürəm, Hikmət Hacıyevin bu işin üzərinə getməsi bizə o ümidi verir ki, nəticə olacaq. Niyə? Çünki Hikmət Hacıyevin özü indiki və bundan əvvəlki vəzifəsində də kifayət qədər cəmiyyətə açıq, prosesləri dərindən bilən bir məmurdur. O həm medianı, həm də diplomatiya sahəsini dərindən bilir. Əminəm ki, belə adamların rəhbərliyi ilə Azərbaycan media platforması hər iki ölkə üçün öz əhəmiyyətini ortaya qoya biləcək. Gələcəkdə bu platformanı daha da genişləndirib, Türk dünyası platforması kimi təqdim etmək olar. Düşünürəm ki, ilkin razılaşmalar yaxşıdır, lakin əvvəlki illərdəki səhvləri buraxmamaq üçün işlərin uyğun kadrlara tapşırılması xüsusilə önəmlidir. Hər iki ölkə bu istiqamətdə kadr seçərkən Türkiyə və Azərbaycan medialarını yaxından tanıyan mütəxəssislərə yer verməlidir. Bura beynəlxalq platformalarda iş təcrübəsi olan, xarici dilləri yaxşı mənimsəmiş kadrları aid edə bilərik. Biz çox arzu edirik ki, bu platforma işlək olsun və bütün Türk toplumlarının dərdləri orada öz əksini tapa bilsin”.
Ümidvarıq ki, iki ölkə arasındakı uğurlu layihələr sırasına biri də əlavə ediləcək.
Məhəmmədəli QƏRİBLİ