Prezident İlham Əliyev sentyabrın 7-də İran İslam Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvinin etimadnaməsini qəbul edən zaman bildirib ki, biz həmişə beynəlxalq təşklilatlar çərçivəsində bir-birimizin mövqeyini dəstəkləyirik. Biz BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) – bu təşkilatlar çərçivəsində həmişə həmrəylik göstəririk.
Təxminən iki ay bundan əvvəl Ermənistanın Azərbaycana qarşı törətdiyi növbəti hərbi təcavüzlə əlaqədar Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın mövqeyini və haqq işini dəstəkləyən, Ermənistanın addımlarını pisləyən qətnamələr qəbul edib və açıqlamalar verib. İran İslam Respublikası bu iki təşkilatın fəal üzvü kimi bu mövqeyə qoşularaq növbəti dəfə Azərbaycana öz dəstəyini göstərib.
Prezident bildirib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü davam edir və bu dini, tarixi abidələrimizə edilən hörmətsizliklərlə müşahidə olunur:
“Bu təcavüz nəticəsində torpaqlarımızın təxminən 20 faizi işğal altına düşüb. Azərbaycan vətəndaşlarının qaçqın-köçkün vəziyyətinə düşməsi məhz bu işğalın nəticəsidir. Bizə - azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparılıb, Xocalı soyqırımı törədilib. Bizim tarixi-dini abidələrimiz Ermənistan tərəfindən dağıdılıb. Dini abidələrimiz təhqir edilib. İşğal edilmiş ərazilərdə məscidlərimiz ermənilər tərəfindən dağıdılıb və bəzi məscidlərdə hətta onlar heyvan saxlayırlar. Bu çirkin əməlləri əks etdirən bir çox video və foto sənədlər, sübutlar vardır. Onları internetdə tapmaq olar. Bu təkcə bizə qarşı yox, bütün müsəlman dünyasına qarşı edilən cinayətdir”.
Prezidentin İran səfirinə, xüsusilə də Ermənistanın dini abidələrimizi təhqir etməsi ilə bağlı məlumat verməsi təsadüf sayıla bilməz. İran mahiyyət etibarı ilə teokratik quruluşa malik ölkədir. Belə bir ölkə və onun səfiri Prezidentin eyhamlarından hansı nəticələri çıxarmalıdır?
İlahiyyatçı Tural İrfan “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ölkə başçısı çox ciddi mətləbə toxunub: “Bilirsiniz ki, İran İslam ölkəsi olsa da, Ermənistana nəfəslik rolunu oynayan statusdadır. Bu danılmazdır. İran İslam Respublikasının Konstitusiyasını mən oxumuşam. Orada qeyd edilir ki, həmin ölkə bütün dünyadakı İslama aid olan məbədlərin, məscidlərin bilavasitə müdafiəçisidir. Yəni fərqi yoxdur, həmin abidə hansı ölkədədir və kimə məxsusdur. Yetər ki, İslama aid olsun. Maraqlıdır ki, Suriya və İraqdakı münaqişə zamanı İran açıq müharibəyə girişdi. Nə qədər şəhidlər verdi və bunu İslama aid olan müqəddəs məkanların mühafizə olunması niyyətilə izah etdi. Çox təəccüblüdür ki, İrana daha yaxın məsafədə olan Qarabağda biz bunları görmürük. Əksinə, hələ İranın qarşı tərəfə müəyyən dəstəyini müşahidə edirik. Cənab Prezidentin də qeyd etdiyi kimi, ermənilərin işğal altındakı qədim məscidlərimizi təhqir etməsi gizlin deyil. Buna aid internetdə istənilən qədər məlumat tapmaq olar. Yəni İranın bundan xəbərinin olmadması mümkün deyil. Əslində bu cür hallara göz yummaqla İran öz qanunlarını, öz dövləti dəyərlərini pozmuş olur. Bəlkə də hansısa dünyəvi ölkə olsaydı, bu ittihamı ona yönəltməmək də olardı. Ancaq adını İslam ölkəsi qoyan bir dövlətin belə davranışları elə dinə qarşı çıxmaqdır. Bu həm də İranın yalnız Azərbaycan qarşısında deyil, bütün İslam dünyası qarşısında olan xəcalətidir. Prezidentin bu eyhamı, İranla yanaşı, digər müsəlman ölkələri üçün də bir siqnal idi. Ölkə başçısının məhz indiki məqamda bu məsələyə toxunması lap yerinə düşüb. Çünki bilirsiniz ki, bizim regionda maraqlı proseslər gedir, xüsusilə də Azərbaycanın nüfuzu və rolu artmaqdadır. Artıq bizim üçün də dost və düşmənimizi daha yaxından ayırd etməyin zamanı gəlib. Ümidvaram ki, İran yaxın qonşumuz kimi bizimlə münasibətləri normal məcrada davam etdirməkdə maraqlı olacaq. Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın daha ciddi addımlar atacağı gözlənilir. Belə həssas məqamda biz kimin kimin yanında olduğunu dəqiq bilməliyik. Mən istərdim ki, bu cür dini məsələləri Prezidentdən qabaq Şeyximiz dilə gətirəydi. Dini məsələ olduğu üçün bu yöndə mətəmadi bəyanatların verilməsi lazımdır. Bəlkə də dünyanın bir çox müsəlman ölkələri ermənilərin bu iyrənc əməlini bilmir. Bizim dini cameəmiz iştirak etdikləri bütün konfranslarda bu məsələni daima qabartmalıdır. Hər bir fəaliyyəti Prezidentdən gözləmək lazım deyil. Əllərində bu qədər maddi və digər resurslar olan dini qurumlar niyə bu məsələdə aktivlik göstərmir? Ümidvaram ki, ölkə başçısının bu iradından İran və digər müsəlman ölkələri öz paylarını götürəcəklər”.
Ermənistan əlinə keçən balaca bir faktın böyür-başını bəzəyib yanlış formada cəmiyyətə təqdim edirsə, bizim əlimizdəki bu cür ciddi dəlillər niyə onların antitəbliğatında istifadə olunmamalıdır...
Məhəmmədəli QƏRİBLİ