Bu günlərdə BMT Baş Assambleyasında Gürcüstan tərəfindən irəli sürülən “Gürcüstanın Abxaziya və Sxinvali-Cənubi Osetiya regionundan olan qaçqın və məcburi köçkünlərin statusu” adlı qətnamə layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.
Azərbaycan, hər zaman olduğu kimi, qətnamə layihəsinin lehinə səs verib. Bizdən fərqli olaraq, hər zaman olduğu kimi, beynəlxalq münasibətlər sistemindən təcrid olunan və xarici siyasət kursunda normal ikitərəfli və çoxtərəfli əməkdaşlıq strategiyasından məhrum olan Ermənistan isə bu dəfə də öz simasızlığını nümayiş etdirərək, səsverməyə qatılmayıb.
Bununla rəsmi İrəvan hansı mövqedə dayandığını aşkar şəkildə Tiflisə göstərmiş oldu. Ermənistan işğalçılıq siyasəti yürütdüyünü, işğalçı mahiyyətini hər zamankı kimi ortaya qoymaqdadır. Rəsmi İrəvan separatçılıq siyasətini beynəlxalq siyasi arenada dəstəklədiyini Gürcüstana qarşı ərazi iddiaları ilə də ortaya qoyur.
Həyasızlığın dərəcəsinə bax ki, erməni tərəfi məlum addımı Ermənistanın Gürcüstana yönəlik dost jesti kimi təqdim edir. Erməni mediası yazır ki, Ermənistan ikinci dəfədir məlum qətnaməyə dair səsvermədə iştirak etmir. Bunu onunla əsaslandırırlar ki, əvvəlki hakimiyyət dönəmində ölkə qətnamənin əleyhinə səs verirdi. Onlar isə Gürcüstanla münasibətləri nəzərə alaraq, ikinci dəfədir səsvermədə iştirak etmirlər. Yəni qətnamənin əleyhinə səs vermirlər: “Bəzi erməni ekspertlər BMT-nin bu qətnaməsi ilə bağlı Ermənistanın mövqeyini "məxməri inqilab" nəticəsində formalaşan hakimiyyətin dost bir jesti kimi təqdim edirlər”.
Bu azmış kimi, hələ Gürcüstanı borclu da çıxarırlar. İddia edirlər ki, Gürcüstan da bu addıma görə Ermənistana yönəlik xoşməramlı hansısa addım atmalıdır: “Ermənistanın Gürcüstana yönəlik ikinci ildir atdığı bu addımı Rusiya görməzdən gələ bilməz. Ermənistan hakimiyyəti Gürcüstan tərəfinə izah etməlidir ki, bu, bizim tərəfimizdən ciddi bir addımdır və əgər Ermənistan öz maraqlarını müəyyən dərəcədə qurban verərək Gürcüstan tərəfi ilə görüşmək üçün bir yol tapıbsa, Gürcüstan da bunu etməlidir”.
Göründüyü kimi, Ermənistanın məlum addımı, əslində, Gürcüstana zərbədir. Nəzərə almaq lazımdır ki, Ermənistan işğalçı ölkə olduğuna görə qaçqınlar məsələsində belə “mövqe” sərgiləyir.
“Əslində, rəsmi İrəvanın BMT-də məlum addımı işğalçı ölkənin mahiyyətindən doğan bir siyasətdir”
Məsələyə münasibət bildirən şərqşünas Seyid Camal Əzimbəylinin sözlərinə görə, Ermənistanın BMT-də sərgilədiyi bu mövqe, əslində, qonşu Gürcüstana xəyanətdir: “Məsələ ondadır ki, Gürcüstan Ermənistan üçün çox önəmli rola malikdir. Ermənistanın Avropaya və Rusiyaya çıxışı məhz Gürcüstan üzərindən həyata keçirilir. Bundan başqa, Gürcüstanda çoxsaylı erməni yaşayır. Eyni zamanda, mövcud Gürcüstan hakimiyyəti ilə Ermənistan arasında çox yaxın münasibətlər var. Ancaq rəsmi Tiflis strateji tərəfdaşlıqla bağlı Azərbaycan və Türkiyə ilə münasibətlər qura bilsə də, Ermənistanla bənzər münasibətlər mövcud deyil. Bütün hallarda, baş verənlərə diqqət edilməlidir. Gürcüstan hakimiyyəti bütün bunları görməli və nəzərə almalıdır. Çünki, faktiki olaraq, Ermənistan bu siyasəti ilə Gürcüstana xəyanət etmiş oldu. Bu, qonşu ölkəyə Paşinyan hakimiyyətinin arxadan vurduğu xəncər zərbəsidir. Ermənistanın bu addımı Gürcüstana ciddi mesaj olmalıdır. Ümid edirəm ki, yaşananlardan Gürcüstan hakimiyyəti bundan sonra ciddi nəticə çıxaracaq. Onu da qeyd edim ki, Ermənistan özü də təcavüzkar ölkə olduğuna görə qaçqınlar məsələsində bu dərəcədə narahat olur. Bu həmin Ermənistandır ki, Azərbaycanın 20 faiz ərazisini işğal edib, 1 milyon insanı yerindən didərgin salıb. Əslində, rəsmi İrəvanın BMT-də məlum addımı işğalçı ölkənin mahiyyətindən doğan bir siyasətdir”.
Ekspert hesab edir ki, rəsmi Tiflis bütün bunlardan ciddi nəticə çıxarmalıdır.
Vidadi ORDAHALLI