Ermənistan hər yüz min adama düşən koronavirus xəstələrinin sayına görə Avropada birinci yerə yüksəlib. Belə ki, Ermənistanda hər yüz min adama düşən xəstələrin sayı 1490 nəfərdir.
Ermənistanda səhiyyə təşkilatçısı, həkim Gevorq Qriqoryan ölkəsinin hər yüz min adama düşən koronavirus xəstələrinin sayına görə Avropada birinci yerdə olmasını rüsvayçılıq adlandırıb. O qeyd edib ki, Ermənistan dörd qonşusundan ikisi ilə sərhədlərinin bağlı olduğu halda, öz sərhədlərini koronavirusdan qoruya bilməyib, eyni zamanda, virusun bu cür geniş yayılmasının qarşısını almaqda aciz qalıb: “Koronavirusla mübarizənin tam iflasa uğradığı haqda mən hələ aprelin ortalarında, fövqəladə vəziyyət rejiminin uzadılmasına baxmayaraq, yoluxanların sayının artmaqda olduğu vaxtlarda danışmışdım. Bizim hökumətin koronavirusla mübarizəsinin iflasa uğraması faktdır, müzakirə olunmur. Problem odur ki, biz səhiyyə sistemimizlə birlikdə beynəlxalq ictimaiyyət qarşısında biabır olmuşuq. Bizim səhiyyə sisteminin rəhbərləri başda nazir Arsen Torosyan, xəstəliklərə nəzarət və profilaktika üzrə Milli mərkəzin rəhbərliyi olmaqla birbaşa efirdə bildirdilər ki, karantin effektiv deyil, sərhədləri bağlamaq düzgün deyil və s. Onlar öz addımları ilə virusun ölkəyə keçməsi ilə mübarizəni iflasa uğratdılar”.
Həkim Baş nazir Paşinyanın hərəkətlərini də xatırladıb. Deyib ki, ölkə rəhbəri virusla mübarizə tədbirləri görmək əvəzinə, həmin vaxt təbliğat kampaniyası aparırdı və koronavirusa evdə çəkilmiş araqla qalib gəlməyin mümkünlüyü haqda danışırdı. “Nəticədə biz koronavirusla mübarizəni kompleks şəkildə iflasa uğratdıq”.
Onu da qeyd edək ki, ən son məlumata görə, Ermənistanda virusa yoluxanların sayı 44 min 845-ə yüksəlib. Son sutkada 3 nəfər koronavirusdan ölüb və ölənlərin sayı 900 nəfərə çatıb.
“Hökumətin pandemiya ilə mübarizədə səriştəsizliyi, lazımi resursların məhdud olması da yoluxmanın artmasında rol oynayır”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən tibb elmləri doktoru, professor Adil Qeybulla Ermənistanda koronavirusun tüğyan etməsini bir sıra amillərlə, əsasən də vətəndaş məsuliyyətsizliyi ilə əlaqələndirdi: “Pandemiya əsasən karantin davranışlarına əməl etməmək və vətəndaş məsuliyyətsizliyi səbəbindən geniş yayılır. Sözügedən məsələlərə nə dərəcədə əməl olunması vacib faktorlardan biridir. Yəni virus nə ilə yoluxur, insandan insana. İnsanlar arasında təmaslar nə qədər az olsa, fiziki məsafə gözlənilsə və əllər dezinfeksiya edilsə, nə qədər qapalı mühitdə karantin davranışlarına əməl edilsə, pandemiya ilə yaşamaq mümkündür. Bunu İsveçrə modeli göstərdi. Ancaq məsələ ondadır ki, Ermənistanda buna əməl olunmur. Ermənistan anormal bir ölkə olduğuna görə orada pandemiya ilə bağlı qaydalara əməl olunmur. Bu səbəbdən virusa yoluxanların sayı azalmaq bilmir. Digər tərəfdən, hökumətin pandemiya ilə mübarizədə səriştəsizliyi, lazımi resursların məhdud olması da yoluxmanın artmasında rol oynayır”.
Professorun fikrincə, bu gedişlə Ermənistanda virusa yoluxanların sayı hələ artacaq.
Vidadi ORDAHALLI