Əfqanıstanın özəl şirkətlərindən birinin Azərbaycandan idxal etdiyi 60 tanker (söhbət maye qaz daşımaq üçün dəmiryol sisternlərindən gedir) maye qaz gömrükdə saxlanıb və ölkəyə buraxılmır. Beynəlxalq medianın yazdığına görə, buna səbəb maye qazın olduqca keyfiyyətsiz olması və Əfqanıstan standartlarına cavab verməməsidir.
Əfqan mediasının bildirdiyinə görə, hazırda həmin maye qaz dolu tankerlər Əfqanıstanın qərbi Herat əyalətinin Türkmənistanla sərhəddə yerləşən Torqundi sərhəd-keçid məntəqəsində gömrükdə saxlanır. Sənədlərə əsasən, idxal edilən qaz Əfqanıstanın tələblərinə cavab vermir. Rəsmi şəxslər deyiblər ki, tankerlər Torqundi gömrüyünə bir neçə gün əvvəl daxil olub. Məmurlar bildiriblər ki, “Omran Shukran” adlı özəl şirkət tərəfindən idxal edilən qaz istifadə üçün “təhlükəlidir” və onlar qazın ölkəyə daxil olmasına mane olacaqlar.
Əfqanıstan hökumətinin idxal qaz üçün tələblərinə əsasən, onun tərkibində butan 60-70 faiz təşkil etməlidir. Qalan 30-40 faizi isə propandan ibarət olmalıdır. Lakin həmin şirkətin idxal etdiyi qazın keyfiyyətini yoxlayan zaman məlum olub ki, onun tərkibində propanın səviyyəsi cəmi 10 faizdir, butan isə ümumiyyətlə sıfır faizdir.
Məlum olub ki, şirkət Azərbaycandan cəmi 700 tanker maye qaz alıb və yaxın günlərdə onu Əfqanıstana idxal etmək istəyir. Çox maraqlıdır ki, Əfqanıstan kimi az inkişaf etmiş ölkə belə Azərbaycan qazının keyfiyyətini ölkəyə buraxılmaq üçün məqbul saymır. Əfqanıstanın bu məsələdə bizimlə hər hansı qərəzinin olduğunu iddia etmək sadəlövhlük olardı. Belə niyyəti olan ölkə bu həcmdə müqaviləyə imza atmazdı. O halda isə günah bu keyfiyyətdə qazın xarici bazara çıxmasına icazə verənlərdədir. Bu halın qaz ixrac edən ölkə kimi Azərbaycanın imicinə hansı zərbə vurduğunu təxmin etmək o qədər də çətin deyil. Xüsusilə də Azərbaycanın qısa müddət sonra Cənub Qaz Dəhlizi vasitəsilə dünya bazarına qaz çıxarmağa hazırlaşdığı bir zamanda bu hadisəni ölkəmizin imicinə vurulan böyük zərbə saymaq olar.
Neft məsələləri üzrə ekspert İlham Şaban “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, burada qeyri-adi nəsə görmür: “Hər bir ölkə öz əhalisinin təhlükəsizliyini fikirləşən siyasət yürüdür. Qazın keyfiyyəti aşağıdırsa, bunu niyə kimsə öz ölkəsinə buraxmalıdır? Bizim ağlımız Sovetlər dönəminə getməsin ki, üstünə “Montana” yazılan istənilən cinsi 250 rubla sata bilirdilər. Özünün iqtisadi təhlükəsizliyini düşünən istənilən ölkə standartlarını müəyyən edir. Bura qidadan tutmuş, qaza kimi standartlar aiddir. Təsəvvür edin ki, dünyanın bir nömrəli yağı sayılan “Yeni Zelandiya” istehsalı olan yağı kimsə gətirib və Azərbaycan gömrüyünün onu buraxmadığını deyir. Səbəbini də bununla izah edir ki, həmin yağın tərkibində palma yağları aşkar ediblər. Təəccüblü nəsə yoxdur, cünki bu elə də olmalıdır. Tutaq ki, burada qazın istehsal olunduğu zavoddan normalara uyğun bir məhsul alınıb və yolda o nə iləsə qarışdırılıb. Fikirləşib ki, əfqandı da, satacam gedəcək. Nəticədə belə mənzərə alınıb. Mən yolda qarışdırmaq məsələsini versiya kimi deyirəm. Bəlkə kimsə malı elə zavoddan həmin keyfiyyətdə çıxarıb. Bax, onda bu ciddi söhbətdi. Çünki ölkənin əsas ixrac etdiyi məhsul barədə dünya bazarında tam mənfi rəy yaradan amildir. Hesab edirəm ki, bununla bağlı ciddi araşdırma aparılmalı və günahkarlar mütləq cəzalanmalıdır”.
Bunun ölkəmizə qarşı kimlərinsə düşünülmüş şəkildə həyata keçirdiyi diversiya olub-olmadığı mütləq mənada araşdırılmalıdır.
Məhəmmədəli QƏRİBLİ