20/09/2020 17:14
728 x 90

Qazaxıstanın Ermənistanla getdikcə sıxlaşan əməkdaşlıqlarının kökü... Avtomaşınlar da Ermənistandan...

Elman Nəsirov: “Belə görünür ki, yeni Prezidentin dövründə erməni lobbisi öz niyyətini həyata keçirmək üçün fürsət əldə edib”

img

Erməni mediasının yaydığı məlumata görə, Ermənistandan Qazaxıstana avtomobil ixracı artır. Qazaxıstan bölgələrində Ermənistandan gələn avtomobillərin qeydiyyatı davam edir və bunun üçün hər cür şərait yaradılıb. Özü də qeydiyyat əsaslı şəkildə sadələşdirilib. Təkcə Qazaxıstanın Mangistau Vilayətində Ermənistandan gətirilən 3276 ədəd nəqliyyat vasitəsi qeydə alınıb.

Ümumilikdə, proses sürətlə davam edir. Qeyd edilir ki, avtomobil sahibləri Aktau, Zhanaozen və Beineu bölgəsindəki əhali üçün ixtisaslaşdırılmış xidmət mərkəzlərində qeydiyyatdan keçə bilərlər. O da məlum olub ki, qeydiyyatı yubananlar cərimələnməyəcək.

Qazaxıstanla Ermənistan arasında aktivləşən iqtisadi əlaqələr və bunun kökündə dayanan faktorlar maraq doğurur. Bunun kökündə nə dayanır?

Məsələ ondadır ki, Nursultan Nazarbayevin prezidentliyi dövründə iki ölkə arasında belə sıx əlaqələr yox idi. 2019-cu ilin martında Qasım Comərd Tokayev Qazaxıstan Prezidenti seçiləndən sonra Ermənistanla olan əlaqələrdə ciddi yaxınlaşma müşahidə olundu. Düzdür, Qazaxıstanla Ermənistan Avrasiya Birliyində, KTMT-də təmsil olunurlar, amma Nazarbayevin dövründə sözügedən amillər də iki ölkə arasında xüsusi yaxınlaşmaya gətirib çıxarmamışdı.

Araşdırmalarımız nəticəsində məlum oldu ki, Qazaxıstanda ermənilərin sayı elə də çox deyil. Ermənilər əsasən SSRİ dönəmində Qazaxıstanda məskunlaşıblar. 1918-ci ildə Rusiya imperiyasının Türküstana yürüşü zamanı onlarla birgə Orta Asiyaya gələn daşnakların yerli əhaliyə amansız divan tutması, Özbəkistanın Fərqanə, Kokand, Xivə şəhərlərində və Buxara əmirliyində baş verən dəhşətli faciələrdə bu etnosun nümayəndələrinin iştirakına dair çoxsaylı tarixi material var.

Sovetlər dağılan ərəfədə də erməni etnik qrupunun nümayəndələri milli iğtişaş yaradıblar. Qazaxıstanın Karaqanda və Çuy vadiləri hər zaman Rusiyanın sürgün məskəni kimi dəyərləndirilib. Çarizm və sovet illərində bu sürgün siyasətinin nəticəsində yerli inzibati idarəetmə siyasətini isə erməni məmurlar həyata keçiriblər. Sovet İttifaqı dağıldıqdan sonra həmin bölgələrdə ermənilər ən üstün səviyyədə biznes sektoruna nəzarət etmək missiyasını həyata keçirirlər. Ənənəvi olaraq, ermənilər özlərini yerli qazax xalqından hər sahədə üstün göstərmək üçün daim aşağılayıcı, hətta təhqiredici siyasət yürütməkdən belə çəkinməyiblər. Bütün bunların fonunda Qazaxıstanın Ermənistanla iqtisadi əlaqələrə belə önəm verməsi təəccüb doğurur.

  • “Qazaxlar unutmasınlar ki, ermənilər harada kompakt yaşayırlarsa, orada separatizm ocağı yaradırlar”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən millət vəkili Elman Nəsiröv bununla bağlı bir sıra məqamlara toxundu: “Əvvəla Azərbaycan-Qazaxıstan münasibətləri dostluq münasibətləridir. Biz eyni dinə və etnik kökə malik xalqlarıq. Tarixən iki xalq, iki dövlət dost olub. Ulu öndər Heydər Əliyevlə Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayevin çox sıx dostluq münasibətləri olub. Eyni zamanda, Türk dünyasının ağsaqqalı olan Nazarbayevlə Prezident İlham Əliyev arasında çox sıx dostluq münasibətləri var. Ən fundamental məsələlərdə şəxsən Nursultan Nazarbayev Azərbaycanın mövqeyini müdafiə edib. Xüsusən də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində birmənalı olaraq Azərbaycanın haqlı işini müdafiə etdiyini bəyan edib. 2019-cu ildən Qazaxıstan Prezidenti olan Qasım Comərd Tokayev Nazarbayev siyasi irsinin davamçısı kimi özünü təqdim edir. Ancaq müəyyən mənada son zamanlar Qazaxıstanla işğalçı Ermənistan arasında münasibətlərdə nəzərdən yayınmayan bəzi proseslər gedir. Bu əsasən iqtisadi sferada əməkdaşlığın dərinləşməsində özünü göstərir. Qarşılıqlı ticarət mübadiləsində müəyyən müsbət dinamika diqqətdən yayınmır. Bütün bunlar da, istər-istəməz, müəyyən suallar doğurur. Biz çox istərdik ki, Qasım Comərd Tokayev Nazarbayev siyasətinə sadiq qalsın. Yəni işğalçı Ermənistan dövlətinə münasibətdə də konkret mövqe ilə seçilsin”.

E.Nəsirovun fikrincə, dünyadakı erməni lobbisi neçə vaxt idi çalışırdı Qazaxıstan-Ermənistan münasibətlərini daha da inkişaf etdirsin: “Bu istiqamətdə hər zaman onların fəaliyyəti var idi. Ancaq Nazarbayev bir sədd kimi bunun qarşısında dayanmışdı. Belə görünür ki, yeni Prezidentin dövründə erməni lobbisi öz niyyətini həyata keçirmək üçün fürsət əldə edib. Yəni bunu münbit hal kimi dəyərləndirirlər. Ümid edirik ki, Tokayev Nazarbayevin müəyyən etdiyi siyasi xətdən kənara çıxmayacaq. Bu, eyni zamanda, Qazaxıstanın milli mənafeyinə xidmət göstərir. Çünki qazaxlar unutmasınlar ki, ermənilər harada kompakt yaşayırlarsa, orada separatizm ocağı yaradırlar. Qazaxıstanın Ermənistanla münasibətlərinin istiləşməsi perspektivdə bu ölkənin separatizm ocağı ilə üzləşmə risqi yaradır. Fürsət yaranan kimi, erməni separatizmi Qazaxıstanda baş qaldıra bilər”.

Millət vəkili hesab edir ki, Qazaxıstan rəhbərliyi Ermənistanla münasibətlərdə nə qədər ehtiyatlı olsa, bu bir o qədər onların xeyrinə ola bilər.

Vidadi ORDAHALLI

Son xəbərlər