Son dövrlər dünyanın bir çox ölkəsində, o cümlədən də bəzi postsovet ölkələrində Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu, Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi açıq şəkildə həmin ölkələrin vətəndaşlarına çatdırılır.
Ukraynadan da tez-tez dünya bu yöndə mesajlar alıb, bu ölkə Azərbaycanın haqq işini müdafiə edərək, Dağlıq Qarabağ həqiqətləri haqda öz vətəndaşlarını müxtəlif şəkildə məlumatlandırır. Ukraynada “Qarabağ Azərbaycandır!” şüarı ilə tanıtım aksiyasına start verilib. Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu təşkilatının təşkilatçılığı ilə başlanan aksiya sentyabrın 5-də Kiyev və Jitomir şəhərlərində baş tutub. Mətbuatdan bildiyimiz kimi, aksiya zamanı hava balonun üzərinə “Qarabağ Azərbaycandr!” şüarı yazılaraq səmaya buraxılıb.
Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri, hüquq elmləri doktoru Hikmət Cavadov bildirib ki, bu cür aksiyaların məqsədi Ukrayna cəmiyyətinə Dağlqı Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri çatdırmaqdır. “Aksiya mütəmadi olaraq baş tutacaq. Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq istəyən hər bir kəs bu aksiyaya qoşula bilər” - deyə H.Cavadov qeyd edib.
Aksiyanın Azərbaycan diasporuna dəstək olan iş adamlarının sayəsində baş tutduğu bildirilir. Ukrayna sakinləri sentyabrın 5-də hava şarını 1 saat müşahidə edə biliblər.
“Cənab Prezidentin “Qarabağ Azərbaycandır!” frazası dünyada yaşayan bütün azərbaycanlıların şüarına çevrilməlidir”
İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli “Bakı-Xəbər”ə bildirdi ki, Ukraynada başladılan “Qarabağ Azərbaycandır!” aksiyası başqa ölkələrdə fəaliyyət göstərən diaspor qurumları tərəfindən də davam etdirilməlidir. O, ümid edir ki, bu proses başqa ölkələrdə də davam etdiriləcək. “Məlum olduğu kimi, iyulun 12-də cəbhənin Tovuz istiqamətində növbəti erməni təxribatı baş verdi. Erməni təxribatı ilə bağlı həm Azərbaycanda, həm də dünyada böyük reaksiyaların olduğunu gördük. Bütün bunlar göstərir ki, Azərbaycanın torpaqları işğal altında olmasına, ordusunun qüdrətinin yüksəlməsinə, iqtisadiyyatının güclü olmasına baxmayaraq, həmişə Minsk və digər platformalarda münaqişənin sülhlə həll olunması mövqeyini ortaya qoyaraq Ermənistanın haqqa gəlməsinə nail olmaq istəsə də, son proseslər göstərdi ki, Ermənistan sülh istəmir və öz havadarlarına arxalanaraq, Azərbaycanın ərazilərinə təcavüz etmək niyyətini davam etdirir. Bütün bu məsələlər onu göstərdi ki, Azərbaycanın yeganə çıxış yolu müharibə yoludur. Yəni Azərbaycan Prezidenti başda olmaqla, ölkəmizin rəsmiləri də bu məsələdə mövqeyini ortaya qoydu. Həmin prosesdə dünyada yaşayan azərbaycanlılar, diaspor təşkilatlarımız da, sözün həqiqi mənasında, çox gözəl bir birlik nümayiş etdirdilər. Dünyanın hər yerində, o cümlədən də erməni diasporunun möhkəm olduğu yerlərdə də çəkinmədən onların qarşısına çıxdılar, müxtəlif ölkələrdə fəaliyyət göstərən Azərbaycan səfirliklərinin qarşısına Azərbaycan dövlətinin haqlı, ədalətli mövqeyinə dayaq durdular. Bizim diaspor qurumlarımız bundan sonra bu istiqamətdə mövqelərini daha da möhkəmləndirməlidirlər. Çünki proses yekunlaşmayıb, günü-gündən daha da geniş vüsət alır. Biz tez-tez məlumatlar alırıq və məlum olur ki, artıq Ermənistanın bu şəkildə ciddi silahlandırılması, bu ölkənin aqressiyası günü-gündən şiddətlənib. Onlar qətiyyən atəşi dayandırmırlar. Bu məqamda bizim diasporumuzun, xaricdəki təşkilatlarımızın, Azərbaycan cəmiyyətinin iyul ayında olan aktivliyi qətiyyən sönməməlidir. Yəni bu gün Ukraynada cənab Prezidentin məşhur frazası ilə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun başlatdığı “Qarabağ Azərbaycandır!” aksiyasının keçirilməsi müsbətdir və bu gün bütün dünya azərbaycanlıları “Qarabağ Azərbaycandır!” frazasına, həqiqətinə kilidlənməlidirlər. Cənab Prezidentin “Qarabağ Azərbaycandır!” frazası dünyada yaşayan bütün azərbaycanlıların şüarına çevrilməlidir. Burada məqsəd Azərbaycanın haqlı mövqeyinin müdafiəsindən gedir”.
S.Adıgözəlli vurğuladı ki, müharibə təkcə cəbhədə getmir və düşmənlə ancaq səngərdə dayanan əsgərimiz, zabitimiz döyüşməməlidir. S.Adıgözəllinin qeyd etdiyinə görə, bu gün xalq olaraq iki cəbhədə mübarizə aparırıq. “Bir Qarabağ cəbhəsində, bir də diaspor cəbhəsində. Bu gün nə qədər ki, Azərbaycan əsgərinin, zabitinin üzərinə torpaqlarımızı düşməndən qorumaq məsuliyyəti düşür, bir o qədər də diaspor qurumlarının, Vətəndən kənarda yaşayan azərbaycanlıların, o cümlədən də hər bir azərbaycanlının üzərinə böyük məsuliyyət düşür. Azərbaycanın haqlı, ədalətli mövqeyini müdafiə etməli, Ermənistanın işğalçılıq siyasətini, bu ölkənin hər addımda nümayiş etdirdiyi destruktiv hərəkətlərini, işğalçı ölkəni dəstəkləyən qüvvələrin iç üzünü açıb dünyaya göstərməliyik. Ukraynada start verilən “Qarabağ Azərbaycandır!” aksiyasının davamı olaraq keçmiş ittifaq ölkələrində, Avropa dövlətlərində, dünyanın müxtəlif qitələrində “Qarabağ Azərbaycandır!” aksiyası davam etdiriləcək. Bu məsələdə dünyada yaşayan azərbaycanlılar yenidən öz aktivliyini göstərəcək və Azərbaycan dövlətinə, Prezidentinə, ordusuna öz dəstəyini davam etdirəcək” - deyə S.Adıgözəlli vurğuladı.
İradə SARIYEVA