Karantin qaydalarını pozaraq övladına cah-cəlallı toy edən AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin kürəkəni, eks-deputat İlham Əliyev və onun qudası Rövşən Rzayev Abşeron Rayon Məhkəməsinin qərarı ilə 15 sutkalıq həbs cəzasına məhkum edilmişdi. 15 sutka həbs cəzası alan İ.Əliyev və R.Rzayev azadlığa çıxıb.
Azadlığa çıxdıqdan sonra sabiq millət vəkili mətbuata bir sıra açıqlamalar verib, məlum toyla bağlı danışan İ.Əliyev qalmaqalın səbəbkarı kimi Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadənin həyat yoldaşı Aysel Adıgözəlzadəni (Teymurzadə) ittiham edib. “Filarmoniyanın direktoru Murad Adıgözəlzadənin yoldaşı Aysel qərəzli videolar çəkərək müxalif saytlara ötürüb. Sual yaranır ki, bunun səbəbi nədir. Mən bu barədə çox düşünmüşəm. Bu sabotajdır. Bu, Ramiz Mehdiyevə qarşı sabotajdır” - deyə İ.Əliyev vurğulayıb. Buna görə hətta o, dolayısı ilə M.Adıgözəlzadənin özünü də ittiham edib.
Barəsində səsləndirilən ittihamlarla bağlı A.Adıgözəlzadənin fikirlərini öyrənə bilmədik. Amma
məsələ bundadır ki, A.Adıgözəlzadə, yaxud bir başqası eks-deputatın karantini pozaraq övladına toy etdiyini ictimailəşdirməsəydi də belə, pandemiya dövründə bu, toy etməyə hüquqi əsas veririrdmi? Hüquqşünaslar qeyd edirlər ki, Ayselin və qeyri-Ayselin bu təm-təraqlı toyu ictimailəşdirib-ictimailəşdirməməsindən asılı olmayaraq, bu toyun keçirilməsi özü cinayətdir və burada söhbət bu adamın öz cinayətini, qanunlarımıza zidd addım atdığını anlamamasından, dərk etməməsindən gedir. Bu toy ictimailəşməsəydi belə, onun keçirilməsi qanuna ziddir və bu hadisə onu təşkil edənlərin üzərinə həm hüquqi, həm də mənəvi məsuliyyət qoyur.
Tanınmış hüquqşünas Əziz Qəmbərov bizimlə söhbətində bildirdi ki, Azərbaycan Respublikası qanunvericilik sisteminə daxil olan bütün normativ aktlarda, o cümlədən, İnzibati Xətalar Məcəlləsində hamının qanun qarşısında bərabərliyi prinsipi var. “Bu, dövlətimizin əsas qanunu olan Konstitusiyanın 25-ci maddəsinin tələbidir. Maddəyə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə yuxarıda göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir.
Göründüyü kimi, kimliyindən asılı olmayaraq, hər kəs qanunun istər sərt üzü, istərsə də yumşaq üzünə münasibətdə bərabərdir. Qaldı ki, qeyd etdiyiniz konkret məsələyə, onu deyə bilərəm ki, burada qanunu pozan şəxslərlə bağlı vətəndaşların vaxtında məlumat verməsi və bu tip məsələlərin ictimailəşdirilməsi vətəndaşın vətəndaşlıq borcudur. Çünki bu pandemiyanın nə qədər təhlükəli olmasını istər sadə vətəndaşların, istərsə də ictimai şəxslərin bəziləri hələ də dərk etmirlər. Bu şəxslər dövlətin bu sahədə gördüyü qabaqlayıcı tədbirə zərbə vururlar və cəmiyyətimizi təhlükəyə məruz qoyurlar. Əslində, bu toydan xəbəri olan hər bir şəxs toydan öncə bu məsələni ictimailəşdirib tədbirin qarşısını alsaydı, daha yaxşı olardı. Çünki toydan yayımlanan videokadrlardan da görsənir ki, toyda iştirak edən şəxslərin 60-70%-i risq qrupuna daxil olan şəxslərdir, bu da çox təhlükəli nəticələr doğura bilərdi” - deyə Ə.Qəmbərov bildirdi.
İradə SARIYEVA