Dağlıq Qarabağ münaqişəsi ətrafında son vəziyyətin təhlili konfliktin hərbi yolla həllinin artıq alternativsiz bir varianta çevrilməkdə olduğunu göstərir. Xüsusən də Ermənistan rəsmilərinin hərəkəti savaşı qaçılmaz edir. Zəbt edilmiş ərazilərdə qanunsuz məskunlaşdırma, Dağlıq Qarabağın Ermənistana ilhaq edilməsi barədə sərsəm açıqlamalar və bu qəbildən olan digər hallar konfliktin çözümünü güc müstəvisinə daşıyır.
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, müxalifətdə olan Vətən Partiyasının sədri Artur Vanetsyan da bildirir ki, məhz İrəvanın gedişləri Qarabağ münaqişəsini yenidən alovlandıra bilər və yəqin ki, Ermənistan rəsmiləri indiki mövqedə qalsa, Bakı yaranmış vəziyyətdən istifadə etməyə çalışacaq:“Bu səbəbdən, nə qədər ki Ermənistanda indiki siyasi qüvvələr hakimiyyətdədir, onlara imkan daxilində Qarabağ, aprel döyüşləri, Tavuşdakı hərbi fəaliyyət, ordu, Ermənistan Respublikasının ümumi təhlükəsizlik sistemi, bizim diasporun lobbiçilik imkanları və başqa bu kimi mövzulardan az danışmağı təklif edirəm”. Onun sözlərinə görə, Ermənistandakı indiki hakimiyyətdə təmsil olunanlar, deputatlar təsadüfi adamlardır:“Onların dövlətçilikdən xəbəri yoxdur. Ancaq onların bu kimi məsələlərlə bağlı söylədikləri ölkənin rəsmi mövqeyi kimi qəbul edilir. Bu mövqe əsaslandırılmış olmadığından yeni Qarabağ savaşını tətikləyir”. İndi erməni mediası özü də etiraf edir ki, Dağlıq Qarabağdakı separatçıların lideri Araik Arutunyanın son açıqlamaları da savaşı yaxınlaşdırır. Baş separatçı isə həmin açıqlamasında qeyd edir:“Realist olaq, danışıqları müzakirə etmək yox, müharibəyə hazırlaşmaq lazımdır. Danışıqlar olmayacaq”. Təbii ki, Arutunyanın bu bəyanatı özfəaliyyət deyil, faktiki olaraq, Nikol Paşinyanın hakimiyyətə gələndən sonra danışıqlar prosesini pozmağa hesablanmış siyasətinin davamıdır. Paşinyan hazırda 100 minlik “xalq ordusu” yaradır, onun “sülhpərvər” xanımı Anna Paşinyan Azərbaycanın işğal olunmuş ərazilərindəki qanunsuz hərbi düşərgədə hərbi təlim keçir. Bütün bunlar bir daha Ermənistan üzündən savaşın qaçılmaz olduğunu açıq nümayiş etdirir. Elə Rusiyanın “Nezavisimaya qazeta” nəşri də məsələyə məhz bu prizmadan yanaşır. Qəzet yazır ki, İrəvan Bakı ilə münaqişədə kəskinləşməyə oynayır: “Ermənistanın baş naziri Nikol Paşinyan avqustun sonunda Dağlıq Qarabağa səfər edib. Onun qondarma ”respublika”nın prezidenti Araik Arutunyanla görüşü keçirilib və tərəflər hərbi əməkdaşlığı müzakirə ediblər. Bu, Ermənistan və Azərbaycan arasında davam edən hərbi qarşıdurma fonunda baş verib: toqquşmalar iyul ayındakı kimi kəskin olmasa da, vaxtaşırı atəş və təxribat xarakterli hücumlar baş verir. Bununla belə, səfər Azərbaycan tərəfi üçün həssas bir gündə - avqustun 30-da, yəni Qubadlı rayonunun işğal günündə reallaşıb. Eyni zamanda, İrəvan Rusiyanı və KTMT-nin digər ölkələrini öz tərəfindən münaqişəyə cəlb etməyə çalışır. Lakin bugünə qədər bu cəhdlər uğursuzluqla nəticələnib”.
Qəzet qeyd edir ki, Paşinyanın Qarabağa səfərindən dərhal sonra qondarma “respublikanın xarici işlər naziri” bildirib ki, ATƏT-in Minsk Qrupunun formatında danışıqlar prosesinin bazası sayılan Madrid prinsipləri artıq müzakirə olunmur:“O, faktiki olaraq Rusiyanın xarici işlər naziri Sergey Lavrovun 1 sentyabr tarixli mövcud baza və təkliflər əsasında danışıqlar prosesinə qayıtmaq bəyanatını təkzib edib. Qarabağ ermənilərinin lideri Araik Arutunyan öz növbəsində, ümumiyyətlə, erməniləri “xəyal qurmamağa” və “müharibəyə hazırlaşmağa” səsləyib. Paşinyanın Dağlıq Qarabağa “qırğı” kimi səfəri bu formatda dialoqa, çətin ki, şərait yaradar. Onun özünün dolayı səbəbləri ola bilər. Koronavirus pandemiyası fonunda Ermənistandakı iqtisadi və siyasi vəziyyətin pisləşməsi hakimiyyət orqanlarını daxili problemlərdən diqqəti yayındırmaq üçün hücum xarakterli, daha kəskin xarici siyasət aparmağa məcbur edir. Bununla bərabər, Ermənistanda ölkənin Milli Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri Artur Vanetsyanın güclənməsi müzakirə olunur. Hesab edilir ki, o, Rusiyanın müəyyən dairələri tərəfindən dəstəklənir. Vanetsyan bu yaxınlarda erməni müxalifətinin geniş danışıqları barədə xəbər verib. Yeganə məqsəd Paşinyan hakimiyyətindən mümkün qədər tez yaxa qurtarmaqdır. Bütün bunlar qonşu respublika ilə münaqişədə getdikcə daha düşüncəsiz hərəkətlərə yol verən erməni rəhbərliyini açıq-aşkar qıcıqlandırır”. Bu yazılanlardan bir daha bəlli olur ki, yeni savaşın başlanmasını şərtləndirən daha bir səbəb Paşinyanın daxili problemlərdən canını qurtarmaq üçün savaşı başlatmaq niyyətidir. Belə vəziyyətdə Paşinyan həm müxalifətdən, həm də cəmiyyətdə artan natrazılıqdan yaxa qurtarıb bütün diqqətin cəbhəyə yönələcəyinə ümid edir. Amma bu zaman onun dəqiq hesablaya bilmədiyi məqam Azərbaycan ordusu tərəfindən alacağı sərt zərbənin hakimiyyətini daha çox laxladacağıdır.
İndilikdə görünən budur ki, Ermənistanın daxilində gedən proseslər Paşinyan iqtidarını müharibə etməyə, hansısa təxribatlar törətməyə vadar edir. Çünki rejim, faktiki, hakimiyyəti hər hansısa formada saxlamağa çalışır. Amma qeyd olunduğu kimi, bu, İrəavana çox baha başa gələ bilər.
Nahid SALAYEV