Sentyabrın 4-də Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyev ilə yeni dövlət qeydiyyatına alınmış Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev arasında görüş keçirilib.
Trend-in məlumatına görə, ilk öncə Ədalət Vəliyev partiyanın qeydiyyatdan keçməsi münasibəti ilə ölkə başçısı adından Razi Nurullayevi təbrik etdi və partiyanın fəaliyyətində uğurlar arzuladı.
R.Nurullayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildirərək, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) daxilində olan qeyri-sağlam abu-havanı və daxili qarşıdurmaları nəzərə alaraq, öz tərəfdaşları ilə AXCP-dən ayrılaraq yeni partiyanın yaradılması qərarı barədə məlumat verib.
Görüşdə ölkədə aparılan islahatlar, korrupsiya ilə mübarizənin daha da sərtləşdirilməsi, vətəndaş-məmur münasibətlərinin sağlam prinsiplər üzərində qurulması, yeni siyasi konfiqurasiyanın formalaşması və iqtidar-müxalifət siyasi dialoqu uğurla həyata keçirildiyini vurğulanıb.
Həmçinin “Siyasi partiyalar haqqında” qanuna dəyişiklərin edilməsi zərurəti, qanunlara riayət edilməsinə nəzarətin gücləndirilməsi, siyasi partiyaların maliyyə hesabatlılığı müzakirə olunub.
Bundan əlavə koronavirus infeksiyasının qarşısının alınmasında dövlət tərəfindən görülən tədbirlərin əhəmiyyəti vurğulanmaqla yanaşı, pandemiya dövründə Azərbaycan iqtisadiyyatının dayanıqlılığı nəticəsində sosial layihələrin təxirəsalınmadan həyata keçirilməsi, vətəndaşların sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparılıb.
Daha sonra iqtidar-müxalifət siyasi dialoqunun və siyasi partiyalarla sağlam əməkdaşlığın qurulmasının nəticəsi olaraq, Milli Cəbhə Partiyası daxil olmaqla son 5 ay ərzində 6 siyasi partiyanın dövlət qeydiyyatına alınması və 10 siyasi partiyanın Qurultayların keçirilməsi və təsis sənədlərində edilmiş dəyişikliklərin dövlət qeydiyyatına alınması faktı qeyd olunub.
Görüş zamanı iyulun 12-dən başlayaraq baş vermiş hərbi təxribat fonunda, Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların milli həmrəyliyi, dövlətçiliyimizin, ərazi bütövlüyümüzün qorunmasında mövqeləri yüksək dəyərləndirilib. 43 siyasi partiyanın birgə bəyanatı, 4 siyasi partiyanın isə ayrılıqda Ali Baş Komandan ətrafında birləşməsi ölkədə sağlam iqtidar-müxalifət münasibətlərinin formalaşmasının nümunəsi olduğu vurğulanmışdır.
Bununla yanaşı siyasi partiyaların aktivləşməsi, “Azərbaycan” qəzetində “Milli maraqlar naminə əməkdaşlıq” rubrikasının açılması, siyasi partiya nümayəndələrinin televiziya, internet TV kanallarında, müxtəlif KİV-də fəal çıxışları müsbət hal kimi qiymətləndirilərək, yeni siyasi konfiqurasiyanın təzahürü olduğu vurğulanmışdır.
Ədalət Vəliyev sentyabrın 4-də REAL-ın Partiyasının sədri İlqar Məmmədovla da görüşüb. Şöbə müdiri REAL sədrini ölkə başçısı adından partiyanın dövlət qeydiyyatına alınması ilə bağlı təbrik edərək, partiyanın gələcək fəaliyyətində uğurlar arzu edib.
Görüş zamanı Ədalət Vəliyev son dövrlər ölkədə sosial, iqtisadi, mədəni, ictimai-siyasi sahədə aparılan islahatlar öz bəhrəsini verməkdə oduğunu bildirmişdir. Xüsusən çoxpartiyalı sistemin inkişafı, iqtidarla müxalifət arasında qarşılıqlı anlaşma şəraitində keçən dialoq prosesi, ölkə başçısının əlamətdar günlərdə partiya liderlərini təbrik etməsi, ümummilli problem olan Qarabağ məsələsində 43 siyasi partiyanın bəyanat verərək orduya və Ali Baş komandana dəstək verməsini ictimaiyyət tərəfindən təqdirlə qarşılandığını vurğulamışdır.
Daha sonra iqtidar-müxalifət siyasi dialoqunun və siyasi partiyalarla sağlam əməkdaşlığın qurulmasının nəticəsi olaraq, cari ilin mart ayından başlayaraq 47 siyasi partiya rəhbəri ilə mütəmadi olaraq görüşlər keçirilməsi, REAL Partiyası daxil olmaqla son 5 ay ərzində 6 siyasi partiyanın dövlət qeydiyyatına alınması və 10 siyasi partiyanın Qurultayların keçirilməsi və təsis sənədlərində edilmiş dəyişikliklərin dövlət qeydiyyatına alınması faktı çox ciddi və yadda qalacaq hadisə kimi qeyd olunub.
Bununla yanaşı, siyasi partiyaların aktivləşməsi, “Azərbaycan” qəzetində “Milli maraqlar naminə əməkdaşlıq” rubrikasının açılması, siyasi partiya nümayəndələrinin “525-ci” qəzetində, İctimai TV, Space TV kanallarında, müxtəlif KİV-də fəal çıxışları müsbət hal kimi qiymətləndirilərək, yeni siyasi konfiqurasiyanın təzahürü olduğu vurğulanmışdır. Eyni zamanda Ə.Vəliyev Real Partiyasının gələcək fəaliyyətində dövlətin milli təməl prinsiplərini rəhbər tutmasını tövsiyə etmiş, partiyaların dini, etnik, irqi ayrı-seçkiliyə yol verməməsinin vacibliyini qeyd etmişdir
Öz növbəsində İlqar Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Real Partiyasının dövlət qeydiyyatına alındığı üçün təşəkkür etmişdir. İlqar Məmmədov partiyanın dövlət qeydiyyatına alınmasının onun təşkilatlanmasında, formalaşmasında, siyasi səhnədə aparıcı rol ala bilməsində mühüm rol oynayacağını bildirmişdir. Partiya sədri qeydiyyat zamanı hər hansısa problemin yaşanmadığını, Ədliyyə Nazirliyinin qeydiyyat prosesini qanunverciliyin tələblərinə uyğun olaraq şəffaf və ədalətli şəkildə həyata keçirdiyini qeyd etmişdir.
Həmçinin, İlqar Məmmədov Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə bəraət alması və kompensasiya ödənilməsi və REAL Partiyasının qeydiyyatı, bu münasibətlə ABŞ, Avropa İttifaqının, Böyük Britaniya, Fransa səfirləri tərəfindən təbriklərin ünvanlanmasını bildirərək, Azərbaycan dövlətinin siyasi plüralizmin, çoxpartiyalı sistemin inkişafında maraqlı olduğunu, siyasi sahədə islahatların dönməz xarakter aldığını bir daha təsdiqlədiyini qeyd etmişdir.