Ermənistanda fövqəladə vəziyyət rejimi karantinlə əvəzlənəcək. Ermənistan parlamenti hökumətin təqdim etdiyi "əhalinin sanitariya və epidemioloji təhlükəsizliyinin təmin edilməsi" haqqında qanuna əlavə və dəyişiklikləri birinci oxunuşda qəbul edib. Sənəd layihəsinin lehinə 80, əleyhinə 28 nəfər səs verib. Beləliklə, fövqəladə vəziyyətin karantinlə əvəzlənməsi qərara alınıb. "Parlaq Ermənistan" fraksiyasının rəhbəri Edmon Marukyan dəyişikliyin əleyhinə çıxış edib. Onun sözlərinə görə, karantin fövqəladə vəziyyətdən daha pis ola bilər və nəticədə Ermənistanın sərhədləri bağlı qalmaqda davam edəcək.
Çox maraqlıdır ki, Ermənistan bütün pandemiya dönəmini fövqəladə rejimin tətbiqi ilə keçirən nadir ölkələrdəndir. Paşinyana müxalif olanlar bunu əhalinin qeydinə qalmaq niyyətilə deyil, rejimi sosial tələbli aksiyalardan qorumaq cəhdi ilə əlaqələndirir.
Ermənistanda keçirilən parlament və prezident seçkilərindən sonra daxili ictimai-siyasi vəziyyətdə nisbi sakitlik yaranacağı düşünülsə də, bunun əksinə olaraq son zamanlarda yeni problemlər ortaya çıxmaqdadır. Ermənistanın daxili siyasətində ortaya çıxan yeni dinamizmlərin əsasını virusla mübarizədə alınan uğursuz nəticələr, daxili çaxnaşmalar və Nikol Paşinyanın diktatura rejimi tətbiq edərək bütün siyasi rəqiblərini bir-bir sıradan çıxarması, onları müxtəlif ittihamlarla həbs etdirməsi və xalqın iradəsini heçə sayması təşkil edir. Problemlərə ayrı-ayrılıqda nəzər salaq.
Koronavirus pandemiyası müəyyən mənada Ermənistan üçün məhək daşı rolunu oynadı. Qısa müddət ərzində pandemiyanın törətdiyi fəsadlar Ermənistan hakimiyyətini və cəmiyyətini silkələdi. Hökumət maliyyə böhranı ilə üz-üzədir və iqtisadiyyatda tənəzzülün artacağı istisna edilmir. Beləliklə, Nikol Paşinyan koronavirusa qarşı mübarizədə aciz vəziyyətdədir. Vəziyyəti nəzarət altında saxlaya bilməyən hökümət ictimaiyyətdən real vəziyyəti gizlədərək, ölkədə ajiotaj yaranmağının qarşısını almağa çalışır. Vəziyyətin ağırlığını Paşinyan da etiraf edərək deyib ki, Ermənistanda vətəndaşlar tərəfindən təcrid qaydalarına əməl olunmaması səbəbindən koronavirusa yoluxma halları getdikcə çoxalır və vəziyyət daha da pisləşə bilər. Bu açıqlama Ermənistanda müxtəlif dairələr tərəfindən fövqəladə vəziyyət rejiminin tətbiq müddətinin uzadılması üçün bəhanə kimi qəbul edildi və bu qismən doğru idi. Paşinyanın bu açıqlamasından iki gün sonra Ermənistanda fövqəladə vəziyyət daha 30 gün uzadıldı. Fövqəladə vəziyyətin uzadılması ölkədə birmənalı qarşılanmadı və müxalif parlament fraksiyasının liderlərindən biri bunun qanunazidd olduğuna, siyasi məqsəd daşıdığına dair bəyanat yaydı. O bildirdi ki, Ermənistan konstitusiyasının “Fövqəladə vəziyyət rejimi haqqında” 5-ci maddəsinə əsasən, bu rejim 30 gündən, əlahiddə yerlərdə 60 gündən artıq ola bilməz. Beləliklə, koronavirus pandemiyası Ermənistanın sosial-iqtisadi sistemini və ictimai təhlükəsizliyini alt-üst etməklə yanaşı, siyasi böhrana da səbəb oldu. Bu uğursuz idarəetmə modeli Paşinyanın reytinqinin sürətlə aşağı düşməsinə və onun siyasi rəqiblərinin cəmiyyətdə yaranmış mənfi atmosferdən ona qarşı maksimum istifadə etməsinə şərait yaratdı. Məhz bu səbəbdən də, Paşinyan qanunsuz olaraq ölkəni fövqəladə vəziyyət rejimində saxladı. İndi isə bütün dünyanın ciddi yumşalma tədbirlərinə getdiyini nəzərə alaraq, Paşinyan karantinə keçməyi məqbul sayıb. Birmənalı şəkildə demək olar ki, onun bu addımı xalqa qayğısından daha çox, hakimiyyətini qorumağa hesablanıb.
Məhəmmədəli QƏRİBLİ