Dağlıq Qarabağdakı qondarma rejimin başçısı Araik Arutyunyan Rusiyanın Xarici işlər naziri Sergey Lavrovun münaqişənin həllinə dair Azərbaycan və Ermənistan tərəfindən imzalanmış sənədlərin mövcudluğu barədə açıqlamasından sonra hər hansı bir paketin və ya Ermənistanla Azərbaycan arasında razılaşmanın qəbuledilməz olduğunu bəyan edib:"Gəlin, danışıqlar mövzusunu müzakirə etmək əvəzinə realist olaq və müharibəyə hazırlaşaq".
Bəllidir ki, son vaxtlar istər Ermənistan, istərsə də separatçı qurumun təmsilçiləri məhz bu ritorikada danışmağa üstünlük verirlər. Bununla bağlı Azərbaycan nə etməlidir? Bakının cavabı nədən ibarət ola bilər?
“Hətta Sarkisyan və Köçəryan dönəmində biz belə abırsız davranış görmədik”
Politoloq Əhəd Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu kimi bəyanatların verilməsində və regionda vəziyyətin gərginləşməsində, Ermənistan hökuməti ilə yanaşı, ATƏT-in Minsk Qrupu da məsuliyyət daşıyır:"Ermənistanda Paşinyan hakimiyyətə gələndən sonra, istər onlar, istərsə də separatçı qurumdakılar eyni ritorikadan istifadə edirlər. Bizi qıcıqlandırırlar, həddən artıq həyasız davranış ortaya qoyurlar. Hətta Sarkisyan və Köçəryan dönəmində biz belə abırsız davranış görmədik. Baxmayaraq ki, onlar müharibə iştirakçısı olub, əlləri Azərbaycan xalqının birbaşa qanına batıb. Belə nəticəyə gəlmək olar ki, bölgədəki son proseslərin cərəyanı Rusiyanı ciddi narahat edir və bunlara belə danışmağı Moskva sifariş edir. Söhbət Türkiyənin problemin həllində daha yaxından iştirak etmə niyyətini ortaya qoymasından gedir. Ya da ki, bunlar ağıllarını itiriblər. Daha bir səbəb də ola bilər. Ermənistandakı sosial-iqtisadi vəziyyət o səviyyədə gərginləşib ki, bunlar belə ritorika ilə ictiami rəyi aldadırlar. Bir faktla razılaşmaq lazımdır ki, sülh danışıqları doğrudan da iflasa uğrayıb və biz müharibəyə hazırlaşmalıyıq. Cənubi Osetiya adlı qondarma bir qurumun Kokoyta adlı prezidenti vardı. O bir vaxt Rusiya kanalına çıxıb gürcüləri hədələyirdi ki, onları belə edərik, elə edərik. Məlum avqust müharibəsində gürcülər düz Sxinvalinin mərkəzinə yaxınlaşdılar. Kokoyta qaçıb gizlənmişdi, yalnız ruslar gəlib onun harayına çata bildi. İnşallah, biz də yaxın zamanda Xankəndinin mərkəzində olacağıq. Ruslar köməyə gəlsə də, gəlməsə də, biz geri çəkilməyəcəyik. Bunların yekə-yekə danışmaqlarının arxasında necə dura biləcəklərini onda görəcəyik. Heç şübhəsiz, düşmən tərəfinin əlaltılarının və ya özlərinin səsləndirdiyi məsuliyyətsiz, sərsəm bəyanatları münaqişənin sülh yolu həlli imkanlarını buxovlayır. ATƏT-in Minsk Qrupunun qeyri-prinsipial mövqeyi, ünvansız bəyanatları, təcavüzkar və təcavüzə məruz qalan tərəf arasında məsuliyyəti bərabərləşdirmək cəhdi vəziyyətin daha da gərginləşməsinə şərait yaradır. Azərbaycan ola biləcək müharibənin başlanmasında heç bir məsuliyyət daşımayacaq. İnşallah, biz bütün bu sərsəm bəyanatlara bayrağımızı Xankəndidə dalğalandırmaqla cavab verəcəyik”.
Görünən budur ki, bu gün Ermənistan hökumətinin danışıqlardan imtina edərək sülhə zərbə vuran bəyanatları Paşinyanın siyasi şousundan başqa nəsə deyil.
Məhəmmədəli QƏRİBLİ