Erməni mediası yazır ki, koronavirus Ermənistanda demoqrafik böhranı dərinləşdirir. Bu səbəbdən doğum durmadan azalır, ölüm artır. Ermənistanda nikaha girənlərin sayının azalması doğum göstəricilərinə də öz mənfi təsirini göstərib.
Sözügedən məsələ ilə bağlı qeyd edilir ki, 2020-ci ilin ilk 6 ayında Ermənistanda ölənlərin sayı doğulanların sayını 447 nəfər üstələyib. Ermənistan Təhlükəsizlik və Milli Problemlər İnstitutunun direktoru Artak Markosyan bununla bağlı erməni mediasına verdiyi açıqlamada bir sıra faktlarla çıxış edib: “Hazırda Lori, Şirak, Tavuş, Syunik, Vaayots Dzor və Qeqarkunik vilayətlərində ölənlərin sayı doğulanların sayını üstələyir. Qeqarkunik vilayətində vəziyyət ümumiyyətlə ağırdır. Epidemiyanın demoqrafik situasiyaya təsiri 2021-2022-ci illərdə daha ağır formada görünəcək. Digər tərəfdən, 2020-ci ilin 6 ayında 4885 nikah bağlanmışdısa, 2019-cu ilin analoji dövründə bu göstərici 7285 olub”.
Son illərin sosial-iqtisadi mənzərəsinin təhlili Ermənistanda tənəzzülün artıq davamlı xarakter aldığını göstərir. Paşinyan iqtidarının yarıtmaz siyasəti pandemiya fonunda Ermənistanda iqtisadi böhranın daha da dərinləşməsinə gətirib çıxarır, xalqın hakimiyyətdən narazılığını günbəgün artırır. Bir tərəfdən də pandemiya demoqrafik böhranı dərinləşdirir.
“Bu isə Ermənistana sosial fəlakət vəd edir”
Məsələyə münasibət bildirən siyasi ekspert Ramil Hüseynovun fikrincə, pandemiyanın Ermənistanda demoqrafik böhranı dərinləşdirəcəyi gözlənilən idi: “Çünki, zatən, bu ölkədə sözügedən sahədə ciddi problemlər var idi. Bunun başlıca səbəbi aşağı iqtisadi göstəricilərə görə fəal əhalinin ölkəni tərk etməsidir. Bir tərəfdən də pandemiya onsuz da ölkədə ağır olan demoqrafik durumu bir qədər də pisləşdirir. Bu isə Ermənistana sosial fəlakət vəd edir. Ermənistanda bu sahədə araşdırma aparan yerli və beynəlxalq təşkilatlar da hesab edirlər ki, proseslərin real gedişi sözügedən ölkədə insan resursunun sürətlə tükəndiyini meydana çıxarır. Əhalinin artım səviyyəsi aşağı olduğundan, yaşlıların xüsusi çəkisinin davamlı surətdə artdığı müşahidə edilir. Bu isə ölkəni böyük sürətlə demoqrafik böhrana yuvarlayır. Hər il Ermənistanı daha yaxşı həyat axtarışında olan təqribən 80 min erməninin tərk etdiyi deyilir. Ermənistanın kənd rayonlarında yoxsulluq və işsizlik daha yüksək səviyyədədir. Hesab edirəm ki, pandemiya davam etdikcə, Ermənistanda demoqrafik durumun daha da ağırlaşacağı qaçılmazdır. O baxımdan bununla bağlı vəziyyətin daha da pisləşəcəyi güman edilir”.
Siyasi ekspertin fikrincə, ümumilikdə, Ermənistanda bu və digər sahələrdə vəziyyət nə qədər pisləşsə, bu bir o qədər bizim xeyrimizədir.
Vidadi ORDAHALLI