Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycanla Qarabağ münaqişəsinə dair danışıqları bərpa etmək üçün şərt irəli sürüb. Belə ki, nazirliyin mətbuat katibi Anna Naqdalyan sülh danışıqlarının pozulmasına yönəlik bir sıra təxribatçı xarakterli fikirlər səsləndirib.
Mətbuat katibi Baş nazir Nikol Paşinyanın da söylədiyi bəzi prinsiplərə əməl olunmasının vacibliyini deyib: “Güc tətbiq edilməməsi, düşmənçilik ritorikasının səsləndirilməməsi və atəşkəs rejiminin pozulmaması əsas şərtimizdir”.
Bununla belə, o, Xarici İşlər nazirləri Zohrab Mnatsakanyan və Ceyhun Bayramov arasında danışıqların konkret tarixinin tezliklə ictimaiyyətə açıqlanacağını söyləyib. Həmçinin, Naqdalyan Dilqəm Əsgərov və Şahbaz Quliyevin erməni əsirlə dəyişdirilməyəcəyinə eyham vurub: “Azərbaycan iki vətəndaşını - yetkinlik yaşına çatmamış Smbat Tsakanyanın qatillərini geri almaq istəyir. Yetkinlik yaşına çatmamış şəxsin öldürülməsi istənilən cəmiyyətdə ağır cinayətdir. Zənnimcə, cavab kifayət qədər aydındır”.
Göründüyü kimi, Ermənistan XİN rəsmisinin səsləndirdiyi bütün fikirlər təxribat xarakterli olduğu üçün, bu, sülh danışıqlarını irəli aparmağa yox, məhv etməyə yönəlib. Son dövrlər Ermənistan rəsmiləri tərəfindən verilən açıqlamalar məhz buna hesablanıb.
“Ermənistan XİN necə sülhdən danışır ki, bu ölkənin Baş nazirinin xanımı əlində silah işğal olunmuş ərazilərdə təlimlərə qatılır”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, qarşı tərəf manipulyasiya ilə məşğuldur: “Ermənistan tərəfinin ritorikasına fikir versək görərik ki, onların əsas məqsədi danışıqlar prosesini manipulyasiya etməkdir. Verilən təkilflərə baxdıqda görürük ki, bu prinsipləri elə məhz Ermənistanın özü pozur. Atəşkəsi məgər erməni tərəfi pozmurmu? Tovuz döyüşlərində ilk güc tətbiq edən Ermənistan deyildimi? Ona görə də Naqdalyanın səsləndirdiyi “şərtlər” cəfəngiyyatdır. Əsirlərin dəyişdirilməsinə gəldikdə isə, bu onu göstərir ki, Ermənistan tərəfi adı humanitar missiyada belə, maraqlı deyil. Ermənistan XİN necə sülhdən danışır ki, bu ölkənin Baş nazirinin xanımı əlində silah işğal olunmuş Azərbaycan ərazilərində təlimlərə qatılır. Qadınlardan ibarət könüllü hərbi dəstələr yaradıb. Eyni zamanda, bu qrupda fəaliyyət göstərir. Bütün bunlar onu göstərir ki, Ermənistan tərəfinin rəhbərliyi əllərində silah nümayiş etdirməklə prosesi pozur. Belə olan halda, Baş nazirin xanımı necə sülhdən danışa bilər? Xalqı necə sülhə hazırlaya bilər? Paşinyan ilk öncə öz ailəsində sülh təşəbbüslərini reallaşdırsın, sonra sülhdən danışsın. Göründüyü kimi, Ermənistan tərəfi işğal olunmuş ərazilərin qaytarılmasında maraqlı deyil. Çalışır ki, münaqişənin həllini uzatsın və nəticəsiz bir proses başlasın. Hesab edirəm ki, Azərbaycan buna getməməli, ilk diktə şərtlərini işğalçı ölkə qarşısında qaldırmalıdır”.
Politoloqun fikrincə, rəsmi İrəvan bu kimi hərbi və siyasi reveranslar etməklə növbəti dəfə vaxt udmağa çalışır.
Vidadi ORDAHALLI