Ermənistan rəsmilərinin sülh danışıqları prosesini pozan təxribatçı əməlləri davam edir. Azərbaycanın işğal alıtındakı torpaqlarında növbəti qanunsuz səfərdə olan işğalçı ölkə parlamentinin sədri Ararat Mirzoyan separatçı rejimin başçısı Araik Arutyunyanla birgə qondarma qurumun elan olunmasının 29-cu ildönümünü qeyd edib.
Ermənistan nəşrlərinin yaydığı məlumata görə, şənlik Xankəndidəki kafelərdən birində keçirilib. Tədbirə Ermənistan spikeri ilə bərabər gəlmiş Paşinyanın “Mənim addımım” blokunu parlamentdə təmsil edən deputatlar Andranik Köçəryan, Sarkis Xandanyan və Viktor Yengibaryan da qatılıb.
Qeyd edək ki, bundan bir gün əvvəl Qarabağdakı erməni işğalçı rejiminin başçısı Araik Arutyunyan ərazi inteqrasiyasının zəruriliyinə ehtiyac olduğunu bildirərək, Ermənistanın Qarabağ siyasətinin işğalçı mahiyyətini açıq şəkildə etiraf edib. Erməni mediası separatçıların “liderindən” sitat gətirib:"Bizim son məqsədimiz - Ermənistanla vahid vətəndir".
Bu cür məsuliyyətsiz addım və bəyanatlar ermənilərin təxribatçı, qeyri-konstruktiv niyyətindən xəbər verir və N.Paşinyan hakimiyyətinin əsl mahiyyətini, problemə yanaşma tərzini ortaya qoymuş olur. Təəssüflə qeyd etməliyik ki, Nikol Paşinyan da özündən əvvəlki sələflərinin yolunu tutmaqla danışıqlar prosesində qeyri-konstruktivlik göstərdi. Onun hakimiyyətə gələndən sonra səsləndirdiyi çıxış və bəyanatları göstərir ki, Ermənistan danışıqlar prosesinə qarşıdır, danışıqların formatının dəyişdirilməsi iddiası ilə çıxış edir. Azərbaycanın isə bu məsələdə mövqeyi qətidir. Danışıqların formatı dəyişdirilə bilməz. Ermənistanın işğalçı və təcavüzkar dövlət olaraq danışıqlara qeyd-şərt qoyması cəhdləri qəbuledilməzdir. Bundan sonra N.Paşinyan çıxışında danışıqların mahiyyətinə zidd şəkildə xalqların öz müqəddəratını müəyyən etməsi prinsipindən danışmağa başladı. Bu da növbəti dəfə danışıqların formatını pozmaq və təhrif etmək cəhdi idi. Sonra isə Ermənistan rəhbərliyi tez-tez işğal altındakı Qarabağa səfər edir, orada bizi qıcıqlandıran, beynəlxalq konvensiyaları pozan hərəkətlər edirlər. Bura saxta seçkilərin keçirilməsini, Azərbaycanın qədim şəhəri olan Şuşada separatçıların başçısına saxta inauqurasiya tədbirinin düzənlənməsini və digər Ermənistan rəsmilərinin Qarabağa lüzumsuz səfərlərini aid edə bilərik.
Ermənistanın bu mövqeyi danışıqlardan boyun qaçırmaq cəhdi kimi qiymətləndirilməlidir və ATƏT-in Minsk Qrupunun həmsədrləri buna müvafiq qiymət verməlidirlər. Həmsədrlər Ermənistanın danışıqlar prosesini pozan bu açıqlamasına bilavasitə mövqe bildirməlidirlər. Təəssüf ki, biz bu halı müşahidə etmirik. ATƏT-in Minsk Qrupu həmsədrləri daha çox tərəflərin məsuliyyətini bərabərləşdirən bəyanatlarla çıxış edirlər. Hətta həmin qrupun həmsədrlərindən olan Rusiya açıq şəkildə Ermənistanı silahlandırmaqda davam edirsə, bu formatın da neytrallığından danışmağa dəyməz.
Nikol Paşinyan və onun komandasının son addımları, verdikləri bəyanatlar onların nəinki diplomatiya sahəsində naşı və qeyri-peşəkar olduqlarını üzə çıxardı, eyni zamanda bir daha aqressiv ritorikaya söykəndiklərini də ortaya qoydu. Əgər əvvəllər münaqişənin həlli istiqamətində hər hansı danışıqlar prosesinin keçmiş müddəalarına müəyyən dərəcədə əsaslanmalar var idisə, Ermənistanın yeni iqtidarı bütün beynəlxalq razılaşmaların üstündən sükutla keçir. Bu isə, heç şübhəsiz, Paşinyan hakimiyyətinin “Qarabağ klanı” ilə daxili mübarizədə artıq itirilməyə doğru gedən etimadını bərpa etmək, populizm şüarları ilə erməni cəmiyyətini əsas hədəflərdən yayındırmaq məqsədi daşıyır.
Ermənistan XİN başçısı Zöhrab Mnatsakanyanın rusiyalı həmkarı Sergey Lavrovun danışıqlar prosesindəki sənədlərdə Dağlıq Qarabağ münaqişəsinin mərhələli həllinə dair müddəaların əksini tapması bəyanatına “Ermənistan Azərbaycana heç bir ərazi güzəştinə getməyəcək” deyə cavab verməsi də Ermənistanın regionda sülhü və sabitliyi pozmağa can atan siyasətini açıqca göstərdi. Paşinyan hakimiyyətinin işğalçı imicini hər vəchlə qoruyub saxlamağa çalışması, qeyri-konstruktiv mövqe sərgiləməsinin üzərindən, təəssüf ki, Avropa qurumları nədənsə sükutla keçirlər. Ermənistan parlamentinin spikerinin Qarabağdakı kafelərdə yubiley qeyd etməsi bir daha sübut edir ki, həmin ölkə heç bir beynəlxalq qınaqla və qanunvericiliklə hesablaşmır.
Məhəmmədəli QƏRİBLİ