Məlum olduğu kimi, Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən taksi fəaliyyətinin tənzimlənməsi məqsədilə konsepsiya hazırlanır. BNA-nın konsepsiyası açıqlandıqdan sonra qurumun şöbə müdiri Hikmət Babayev qalmaqallı açıqlama verdi və onun bu açıqlaması dərhal ənənəvi və sosial mediada geniş müzakirəyə səbəb olmaqla sərt şəkildə tənqid edildi.
BNA-nın yaydığı məlumata görə, artıq taksi xidməti ilə bağlı qalmaqallı açıqlama verən BNA-nın şöbə müdiri inzibati qaydada cəzalandırılıb. Məlumatda bildirilir ki, BNA-nın hazırladığı taksi fəaliyyətinin tənzimlənməsinə dair layihə təklif xarakterli olub və bu sahədə fəaliyyətin təkmilləşdirilməsi məqsədini güdür.
H.Babayevin bu hərəkətlərinin media tərəfindən ciddi şəkildə tənqid edilməsi və onun inzibati qaydada cəzalandırılması medianın ictimai nəzarətinin gücləndirilməsidir. Yəni bu məsələ mediada açıq müzakirəyə çıxarıldıqdan sonra qalmaqallı açıqlama verən şöbə müdiri cəzalandırıldı. Bu da medianın timsalında ictimai nəzarətin güclü olduğunu, gücləndiyini göstərdi.
Mövzunu şərh edən siyasi şərhçi, tanınmış media eksperti Azər Həsrətin “Bakı-Xəbər”ə bildirdiyinə görə, ölkə başçısı həmişə öz çıxışlarında qeyd edir ki, media, jurnalistlər mənim dostumdur, mən onların yazdıqlarına, xüsusən də tənqidlərinə diqqət ayırıram. “Hətta xatırlayıram, cənab Prezident bizimlə görüşlərindən birində açıq mətnlə dedi ki, siz tənqid edin, yazın, işıqlandırın, çünki bəzən məmurlar mənə yalan məlumat verirlər, nəyisə gizlətmək istəyirlər, ancaq siz yazanda mən bundan xəbər tuturam və onlar da mənə yalan danışa bilmirlər. O, təxminən belə ifadələr işlədib. Ümumiyyətlə, Azərbaycan mətbuatı, eləcə də bütün dünyadakı mətbuat, əlbəttə ki, cəmiyyətin bir gözətçisidir. Mətbuat, jurnalistika bir gözətçi kimi cəmiyyətdə baş verən neqativləri, əyər-əskikləri üzə çıxarır, onları işıqlandırır, diqqətdən qaça biləcək mənfi halları özəlliklə də vəzifəli şəxslərin diqqətinə çatdırır. BNA-nin şöbə müdirinin taksi xidmətilə bağlı verdiyi biabırçı açıqlama media sayəsində ölkədə əməlli-başlı ajiotaja səbəb oldu. Hətta bu ajiotaj ona gətirib çıxardı ki, bu heç kəsin diqqətindən qaçmadı. Hətta deyərdim ki, bu, ölkə başçısının da diqqətini çəkmiş oldu. Təbii ki, BNA-nın rəhbərliyi də media üzərindən həyata keçirilən ictimai nəzarətin, ictimai qınağın gücləndiyini görüncə, bu addımı atmalı oldu və öz şöbə müdirini cəzalandırdı. Bu artıq onu göstərir ki, mətbuat Azərbaycan cəmiyyətinin maraqlarına xidmət edir (bunu mətbuatımızı tənqid edənlər üçün deyirəm - A.H.). Cəmiyyətin marağı nədir? Sadə vətəndaşlar deyirlər ki, biz ucuz taksidən istifadə etmək istəyirik, amma müvafiq dövlət qurumu ucuz taksi xidmətinin qarşısını almaq istəyirdi. Bu məsələdə mətbuat da cəmiyyətin, vətəndaşların tərəfində oldu və məsələni ictimailəşdirdi, tənqidi yanaşma sərgilədi. Özü də kifayət qədər sərt bir şəkildə. Mətbuatın ictimai nəzarəti uğurla yerinə yetirməsi nəticəsində BNA səhvini anladı və geri addım atmağa məcbur oldu”.
A.Həsrətin sözlərinə görə, bu baxımdan mətbuatın rolu danılmazdır. Onun fikrincə, Azərbaycan mətbuatı həqiqətən də effektivdir, xüsusən də dövlət başçısının cəmiyyətin sağlamlaşdırılması istiqamətində atdığı addımların dəstəklənməsində mətbuatımıza söz ola bilməz.
Ekspertin fikirlərindən belə qənaətə gəldik ki, media üzərindən həyata keçirilən ictimai nəzarət artıq öz bəhrəsini verir və media bu funksiyanı lazımi səviyyədə yerinə yetirməklə ölkə başçısına açıq dəstəyini ortaya qoyur.
İradə SARIYEVA