Rusiya Xarici İşlər naziri Sergey Lavrov bildirib ki, iyul toqquşmalarından sonra həm Azərbaycan, həm də Ermənistan vəziyyətin sakitləşdirilməsində və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regional səfərlərinin yenidən başlanmasında maraqlıdır. Ümumilikdə, Lavrovun danışıqlarla bağlı son təşəbbüsü, göstərdiyi fəallıq Ermənistanda birmənalı qarşılanmayıb. Erməni tərəfi bununla bağlı müəyyən spekulyasiya xarakterli fikirlər səsləndirir.
Ermənistanın “Məlumatlı vətəndaşlar birliyi” ictimai təşkilatının proqramlar koordinatoru Daniel İoannisyanın sözlərinə görə, Lavrov “plan B” deməklə, böyük ehtimal, Ermənistan hakimiyyətinin təmiz səhifədən başlamaq planını nəzərdə tutub, yəni Ermənistan hakimiyyəti Serj Sarkisyanın danışdığını qəbulolunmaz hesab edir.
“Rəsmi Moskva istəyir ki, danışıqlar Serj Sarkisyan və Robert Köçəryanın hakimiyyət dövründəki kimi davam etsin”, - deyə İoannisyan qeyd edib.
Ermənistanın “Respublika naminə” təşəbbüsünün üzvü, erməni politoloq Ruben Mehrabyanın fikrincə isə Lavrov erməni tərəfinin əqli qabiliyyətlərini natamam qiymətləndirməyə çalışır.
Ermənistanın “İrs” partiyasının sədri Narine Dilbaryan isə məsələyə bir qədər fərqli yanaşıb. O vurğulayıb ki, atəşkəs razılaşması rəhbər tutulmalıdır. Çünki bu razılaşma hazırda Qarabağ münaqişəsi ilə bağlı imzalanmış ən səmərəli sənəddir.
Bütün hallarda, sözügedən fikirlərə ekspertlər necə yanaşırlar?
“Rusiya təşəbbüsü yenidən ələ alaraq istəyir ki, öz mənafeyinə uyğun variantları tərəflərə diqtə etsin”
Məsələyə münasibət bildirən AMİP funksioneri Əli Orucovun fikrincə, Lavrovun məlum vasitəçilik səylərinin hansısa səmərə verməsinə erməni tərəfi də inanmır: “Söhbət münaqişənin həllində ciddi irəliləyişin əldə olunmasından gedir. Məlum məsələdir ki, Lavrovun səsləndirdiyi fikirlər münaqişənin həllinə yox, danışıqların əvvəlki formada, yəni nəticəsiz davam etdirilməsinə hesablanıb. Bu isə Azərbaycanın yox, məhz Ermənistanın mənafeyinə uyğundur. Çünki 1994-cü ildə atəşkəs əldə olunandan sonra danışıqlar aparılır, amma ortada nəticə yoxdur. Tovuz döyüşlərindən sonra Rusiya, sadəcə, təşəbbüsü yenidən ələ alaraq istəyir ki, öz mənafeyinə uyğun variantları tərəflərə diqtə etsin. ATƏT-in Minsk Qrupunun digər həmsədrləri olan ABŞ və Fransanın passiv mövqedən çıxış etməsi Rusiyanın fəallaşmasına zəmin yaradır. Kreml hesab edir ki, Cənubi Qafqaz onun təsir dairəsində olmalıdır. Ancaq qardaş Türkiyənin Tovuz döyüşlərindən sonra ortaya qoyduğu mövqe göstərdi ki, Azərbaycan Rusiyanın arxa bağçası deyil. Kreml də Türkiyənin bölgəyə daxil ola biləcəyindən çox narahatdır. O üzdən, Lavvrovun son dövrlər göstərdiyi canfəşanlıq həm də bununla bağlıdır.
Ermənistanda Lavrovun təşəbbüsü ilə bağlı spekulyasiyalara gəldikdə, burada digər məqamlar da var. Məsələ ondadır ki, Ermənistandakı mövcud hakimiyyət ölkəni Qərbə inteqrasiya etmək istəyir, amma mövcud vəziyyət buna imkan vermir. Çünki Rusiyanın hərbi baxımdan orada mövcudluğu, iqtisadi asılılıq və hər zaman Kremlin maraqlarından çıxış edən “Qarabağ klanı”nın varlığı buna imkan vermir. Ən başlıcası, erməni cəmiyyəti hesab edir ki, biz Rusiyadan lazım olanı onsuz da almışıq. Yəni Qarabağ və ətraf rayonları Rusiya işğal edərək Ermənistana peşkəş verib. Bundan artıq Rusiya Ermənistana nəsə verə bilməz. Ona görə də ölkənin iqtisadi inkişafını Qərblə yaxınlaşmaqda görürlər. Bax, məsələnin kökündə dayanan əsas məqam budur. Rusiya isə ənənəvi imperiya maraqlarından irəli gələrək, Qarabağ kartından istifadə edib Azərbaycan və Ermənistanı öz təsir dairəsində saxlamaq istəyir. Kreml istəyir ki, danışıqlar Ermənistanda 1998-2018-ci illərdə “Qarabağ klanı”nın hakimiyyəti dövründəki kimi davam etsin”.
Ekspertin fikrincə, məsələyə hansı rakursdan yanaşsaq, Lavrovun vasitəçilik səyləri danışıqlarda hansısa perspektiv vəd etmir.
Vidadi ORDAHALLI